14 iyul 2017 15:13
807

Prezident İlham Əliyev: Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ölkəmizin uğurlarının aydın mənzərəsini yaratdı

Dövlətimizin  başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin  birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu fikri böyük əminliklə qeyd etmişdir ki, bütövlükdə Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib.

Təbii ki, bu əminlik  cari ilin ötən dövrünün uğurlarına əsaslanır. Qəbul olunan qərarlar, qanunlar,  imzalanmış fərman və sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və imkanların artması hər sahədə uğurlu nəticələrin əldə olunmasına stimul verir.  2003-cü ildən qarşıya prioritet məsələ kimi qoyulan enerji sektorundan asılılığın minimuma endirilməsi artıq reallıqdır. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı istiqamətində davamlı addımlar atılır. Müşavirədə ölkə Prezidentinin diqqət göstərdiyi istiqamətlərdən biri məhz bu oldu: “Bu gün Azərbaycanda yaratdığımız şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir. Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. Ona görə, Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür. Mən bunu bəyənirəm, alqışlayıram. Bu, bütün sahibkarlara nümunə olmalıdır. Mən bundan sonra sahibkarların fəaliyyətini, o cümlədən bu göstəriciyə görə də qiymətləndirəcəyəm. Əlbəttə ki, bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır.”

Neft-qaz sənayesini ölkə iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrası Azərbaycanın hərtərəfli inkişafını şərtləndirir. Neft gəlirlərinin düzgün istiqamətləndirilməsi nəticəsində  mühüm sosial-iqtisadi layihələr icra edilir.  Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir.  Dövlətimizin başçısı bildirir: “Əlbəttə ki, bütün bu uğurlara nail olmaq üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz. Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir.”

Azərbaycan cari ilin ötən dövründə investisiya cəlbediciliyini də qoruyub. Təbii ki, bu uğurumuzu da şərtləndirən əsas amil ölkəmizdəki sabitlik və əlverişli biznes mühitinin mövcudluğudur.  Statistikaya diqqət yetirək. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Dövlətimizin başçısı İlham Əliyev bu rəqəmə belə açıqlama gətirir:  “Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.”

İqtisadi islahatların təkmilliyi uğurlarımızın davamlılığında əhəmiyyətli  rol oynayır.  Valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir.  Cənab İlham Əliyev bildirir: “Valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir.” Cari ilin ötən dövründə  122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimidir.  Yeni iş  yerlərinin yaradılması işsizlik və məşğulluq problemlərinin həllinə öz müsbət təsirini göstərir. Azərbaycanın bugünkü reallıqları beynəlxalq maliyyə qurumlarının proqnozlarının gerçəkliyinə bir daha işıq salır. Beynəlxalq Valyuta Fondu ölkəmizdə inkişaf tempi bu şəkildə davam edərsə, yaxın zamanlarda yoxsul olmayacağını proqnozlaşdırır. Azərbaycanın yoxsulluqla mübarizə sahəsindəki təcrübəsi digər ölkələrə nümunə göstərilir.

Göründüyü kimi, cari ilin ötən dövrü üçün sosial-iqtisadi göstəricilər ürəkaçan olub. Bu uğurlar 2017-ci ili necə başa vuracağımızın aydın ifadəsini yaradır. Təbii ki, təkmil islahatlar, davamlı inkişafa xidmət edən  addımlar inkişafın Azərbaycan modelinin uğurlarının beynəlxalq səviyyədə dəstəklənməsini şərtləndirir. Ölkəmizin beynəlxalq tədbirlər üçün  əsas məkan seçilməsində, eyni zamanda  qarşılıqlı səfərlərin  say tərkibinin genişləndirilməsində və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində hərtərəfli inkişafımız əhəmiyyətli rol oynayır. Azərbaycana beynəlxalq baxışın bugünkü səviyyəsinin əsas göstəricilərindən biri 2017-ci ilin arxada qalan dövründə dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə, eyni zamanda digər ölkə rəhbərlərinin Azərbaycana səfərləridir: “Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır. Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir.”

Düzgün təmələ əsaslanan siyasət davamlı inkişaf üçün əsasdır. Azərbaycan bu yolda inamla irəliləyir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar  bugünkü beynəlxalq mənzərənin əlamətləridir.  Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir.

Yeganə Əliyeva, “İki sahil”