Regional əməkdaşlığın genişlənməsində önəmli rolu olan enerji layihələrinin reallaşmasında təşəbbüskarlığı ilə seçilən və əsas tərəfdaş kimi vədini layiqincə yerinə yetirən Azərbaycanın dünya enerji bazarında artan imkanları İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində bir daha diqqətə çatdırıldı.
Dünya Neft Konqresinin əsas təşkilatçısı olan Dünya Neft Şurası neft və qaz sənayesi üzrə mühüm məsələlərin və problemlərin müzakirəyə çıxarıldığı, perspektivlərin müəyyənləşdirildiyi beynəlxalq platforma olmaqla enerji bazarındakı vəziyyəti də tənzimləyir. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. Yetmiş üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir. “Enerji gələcəyimizə körpülər” devizi altında keçirilən İstanbul Konqresində 100-dən artıq ölkənin 50 nazirinin, 5 mindən artıq dövlət rəsmisinin iştirak etməsi neft-qaz sektorunun inkişaf istiqamətləri, enerji sahəsində artan tələbatın ödənilməsinin təməl prinsipləri, qarşıda duran vəzifələrlə bağlı təkliflər diqqətə çatdırıldı.
Ölkəmizin əsas tərəfdaşları olan Türkiyə və Gürcüstanla birgə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin davamı olan “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində inşa olunan Trans-Anadolu qaz boru kəməri (TANAP) dünya dövlətlərinin daha çox maraq göstərdiyi layihələrdəndir. Azərbaycan neftinin, təbii qazının ölkəmizə və Avropaya nəqlini mümkün edən neft-qaz boru kəmərlərinin inşası uğurla davam etdirilir. Artıq Azərbaycan qazını qitə ölkələrinə nəql edəcək daha sərfəli layihələrdən bəhs olunur. Türkiyə ilə yanaşı, Avropa üçün də prioritet olan “Cənub Qaz Dəhlizi”nin əsas hissəsi kimi böyük əhəmiyyətə malik TANAP vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının ixracı yaxın illərdə mümkün olacaq. TANAP kəmərinin gələn ilin ortalarında fəaliyyətə başlaması ilə Azərbaycanla yanaşı, Xəzər və hətta gələcəkdə Orta Şərq regionundan da qardaş ölkəyə və Avropaya təbii qaz nəqlinin imkanları artacaq. TANAP xəttinin davamı olan Trans-Adriatik qaz boru kəməri layihəsinin - TAP-ın da planlaşdırıldığı kimi, 2020-ci ildə istismara verilməsi ilə qitə ölkələrinin enerji təhlükəsizliyi problemləri həllini tapacaq.
Prezident İlham Əliyev 22-ci Dünya Neft Konqresində də neft strategiyamızın uğurlu həllindən bəhs edərək dünya təcrübəsində bənzəri olmayan Azərbaycan nümunəsinin reallıqlarını düşünülmüş siyasətin məntiqi nəticəsi adlandırdı. Enerji layihələrinin həllində hasilatçılar, tranzit ölkələr və eyni zamanda, istehlakçılar arasında maraqların çox yaxşı tarazlaşdırıldığını diqqətə çəkdi.
Qeyd olundu ki, enerji siyasətinə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, qlobal layihələrin həllində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan iqtisadiyyatın şaxələndirilməsində, enerji təhlükəsizliyinin mühüm rol oynadığını hazırda inşası davam etdirilən layihələrlə də təsdiqləyir. “Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır. Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən, enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önəmli strateji layihələrin icrasına imkan verdi. Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və TANAP layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib etdi” söyləyən Prezident İlham Əliyev Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılması üçün şaxələndirmə siyasətinin özünü doğrultduğunu qeyd etməklə “Cənub Qaz Dəhlizi”nin icrasında iştirak edən ölkələr- Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya arasındakı əməkdaşlığı regional sülhün təminatı baxımından yüksək dəyərləndirir. “Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışırlar. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcəkdir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, qaz amili dünyada enerji təhlükəsizliyini təmin edən əsas şərtdir. Bu baxımdan Azərbaycan enerji təhlükəsizliyinin təminatına töhfəsini verməkdədir. Yəni, Azərbaycan qazı Avropaya nəql ediləcək yeganə yeni qaz mənbəyidir. “Bu Konqresdə əlbəttə ki, neft, qaz məsələləri diqqət mərkəzindədir. Mən çıxışımın sonunda bir məsələyə də toxunmaq istəyirəm. Adətən neftlə zəngin olmayan ölkələr düşünürlər ki, kaş bizdə də neft olaydı, biz də bundan istifadə edə biləydik. Amma mən deyə bilərəm ki, neft həm fayda gətirə bilər, həm də problem, başağrısı yarada bilər. Baxır neftdən necə istifadə edirsən. Biz Azərbaycanda çalışırdıq və hesab edirəm buna nail olduq ki, “qara qızıl”ı insan kapitalına çevirək. Biz neftdən əldə edilən gəlirləri, ilk növbədə, çox şəffaf şəkildə qoruyuruq. Azərbaycan Dövlət Neft Fondu dünyada mövcud olan neft fondları arasında ən şəffaf fondlardan biridir və Birləşmiş Millətlər Təşkilatının da mükafatına layiq görülmüşdür. Yəni, birinci şərt budur - tam şəffaflıq. Bizim Neft Fondumuzda yığılan vəsaitlə bağlı məlumatlar mütəmadi qaydada ictimaiyyətə çatdırılır” sözləri ilə dövlət başçımız neftdən əldə edilən gəlirlərdən düzgün istifadəni ölkə iqtisadiyyatının qüdrətlənməsinin şərti kimi diqqətə çatdırdı. Ölkəmizdə neftdən əldə edilən gəlirlərin sosial islahatların həyata keçirilməsinə, infrastruktur layihələrinin reallaşmasına yönəldilməsi ilə əldə olunan uğurlar əhalinin həyat tərzinin yaxşılaşdırılması naminə istifadə olunur. Azərbaycan artıq neft, qaz deyil, eyni zamanda ölkə ərazisində mövcud olan onlarla elektrik stansiyalarının istehsal etdiyi enerjini də ixrac edir. Neftdən əldə olunan gəlirlər qeyri-neft sənayesinin yönəldilməsinə, ilk növbədə yoxsulluğun aradan qaldırılmasına yönəldilir. Prezident İlham Əliyevin “Hesab edirəm ki, Azərbaycan təcrübəsi uğurludur. Bizim ölkəmizə xarici sərmayə də böyük həcmdə qoyulur. Öz növbəmizdə, biz də xarici ölkələrə sərmayə qoyuruq. Burada da birinci yerdə qardaş ölkə Türkiyədir. Türkiyənin enerji sektoruna bu günə qədər 10 milyard dollar sərmayə qoyulubdur. Növbəti illərdə bu rəqəm təxminən iki dəfə artacaqdır” sözləri isə bütün sahələrdə əməkdaşlığı genişləndirməklə regionda vahid güc mərkəzinə çevrilən Azərbaycan -Türkiyə dostluğunun əbədiliyini təsdiqləyir. Enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlıq digər sahələri əhatə edən layihələrin həllinə yönəldilir. “Türkiyə-Azərbaycan birliyi, dostluğu, qardaşlığı təkcə iki ölkənin mənfəətini, uğurlu gələcəyini müəyyən etmir. Bunun bölgəyə çox böyük təsiri var. Bu, bölgəyə sabitlik, rifah gətirir, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir, təhlükəsizlik tədbirlərini gücləndirir və geniş əməkdaşlığa qapılar açır” söyləyən Prezident İlham Əliyev enerjinin sülh və təhlükəsizlik vasitəsinə çevrilməsi istiqamətində səylərin artırılmasının vacibliyini bildirdi.
2050-ci ilə qədər enerjiyə olan tələbatın bu günlə müqayisədə iki dəfə artacağını deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya enerji qaynaqlarının şaxələndirmə siyasətinə yönəldiyini diqqətə çatdırdı. Bu sahədə etibarlı tərəfdaş olan Türkiyə- Azərbaycan əməkdaşlığının regionda sabitliyin təminatı və dünya siyasətinin tarazlanmasındakı əhəmiyyəti daha çox hiss olunmaqdadır.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır