“Müharibə qurtarmadan cəbhə bölgələrindəki kəndlərə qayıtmaq təhlükəli deyilmi? Biz oradakı vətəndaşlarımızı bu təhlükədən necə qoruya bilirik?”
Azərbaycan Ordusunun gücünə heç kimin şübhəsi yoxdur, ola da bilməz. Millətin, millətin dövlətinin mövqeyi sarsılmazdır. Amma ortada insan taleləri var və belə halda narahatlığa əsas yaranır.
Alxanlı faciəsi xalqımızın milli təəssübkeşliyini alovlandırmaqla yanaşı təəssüf ki, fürsətçiləri də “qanad”landırıb. İki yaşı tamam olmamış Zəhranın ölümünü ictimailəşdirmək sapı özümüzdən olan baltaları deyəsən yaman narahat edib. Bu kütləviləşmənin, daha doğrusu birləşmənin adını populizm, hay-küy qoyanlar da var, düşməndən azad edilmiş torpaqlarımıza qayıdışı şou adlandıranlar da. Azadinform olaraq bu sualla sözü eşidilənlərə üzümüzü tutduq. Görək onların düşüncələri nələrdir, onlar hansı fikirdədirlər?
Azacıq insanlıq duyğusu olan insanı sarsıdan hadisə…
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib ki, iki yaşlı körpənin – Zəhranın həyatına son qoyulması Ermənistanın təkcə Azərbaycana qarşı düşmənçilik münasibətini deyil, onun qaniçən bir terror dövləti olduğunu dünyaya bir daha göstərdi: “Təbii ki, bir neçə gün əvvəl, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti silahlı təxribat törədərək birbaşa Azərbaycanın dinc əhalisini hədəf seçməsi, Füzuli rayonunun Alxanlı kəndini iriçaplı silahlardan intensiv atəşə tutması, nəticədə mülki şəxslərin həlak olması və yaralanması, hətta iki yaşlı körpənin – Zəhranın həyatına son qoyulması Ermənistanın təkcə Azərbaycana qarşı düşmənçilik münasibətini deyil, onun qaniçən bir terror dövləti olduğunu dünyaya bir daha göstərdi. Planetin hansı hissəsində yaşamasından asılı olmayaraq, daxilində azacıq insanlıq duyğusu olan hər bir insanı sarsıdan bu hadisə əslində Xocalı soyqırımı və son iki yüz ildə azərbaycanlılara qarşı neçə-neçə soyqırımları törətmiş ermənilərin beynəlxalq hüquq normalarına məhəl qoymadan belə soyqırım cinayətlərini davam etdirmək niyyətini bir daha ortaya qoyur. Təcavüzkar Ermənistana qarşı beynəlxalq səviyyədə sərt tədbirlərin görülməməsi də Ermənistanı nəinki işğalı, hətta Azərbaycanın mülki əhalisini qətlə yetirməkdə davam etməsinə şərait yaradır. Digər tərəfdən bu hadisə bu gün dünyanın güclü orduları sırasında olan Azərbaycan ordusu qarşısında ermənilərin qorxaqlığını, Azərbaycan Ordusu ilə üz-üzə dayanmağa cəsarəti və qüvvəsi olmayan Ermənistanın acizliyini və silahı dinc əhaliyə yönəltməklə cəbhəboyu ərazilərdə yaşayan əhali arasında psixoloji gərginlik yaratmaq kimi uğursuz cəhdini göstərir. Halbuki sizin sualınıza da cavab olaraq işğal altında olan doğma torpaqlara doğru Cocuq Mərcanlı kəndinin timsalında böyük qayıdışa artıq başlanılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ordusu ölkəmizin işğal altında olan torpaqlarını düşmən işğalından qısa müddətdə azad etməyə qadirdir və bu gün Lələtəpədə eləcə də işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalandığı kimi, gün gələcək, bizim bayrağımız Şuşada da qaldırılacaq. Onu da bildirim ki, bu gün Azərbaycan Ordusu cəbhə bölgələrində yaşayan əhalimizin təhlükələrdən qorunmasını yüksək səviyyədə təmin edir və Ermənistanın silahlı təxribatlarının qarşısı da uğurla alınır, düşmənə sarsıdıcı cavab zərbələri vurulur”.
Torpaqlarımızın işğal faktı ilə uzun müddət barışa bilmərik…
YAP Siyasi Şurasının üzvi, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin də məsələyə münasibəti çox maraqlıdır. O deyib ki, biz torpaqlarımızın işğal faktı ilə uzun müddət barışa bilmərik: “Bəli, müharibə bitməyib. Artıq 23 ildir atəşkəs şəraitində yaşasaq da, təəssüf ki, erməni təxribatı nəticəsində itkilərimiz də olur. Ancaq güclü Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən susdurulur və itkilər verərək geri çəkilir. Ötən ilin aprel ayında biz bir daha Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi olduq. Qürurverici hal odur ki, aprel döyüşlərində Milli Ordumuz atəşkəs əldə olunandan bu günə kimi ilk dəfə işğal altındakı torpaqlarımızın bir qismini, xüsusilə də bizim üçün əhəmiyyətli olan yüksəklikləri düşmən tapdağından azad etdi. Bununla da qaçqın və məcburi köçkünlərimizin doğma ata-baba yurdlarına böyük qayıdışının əsası qoyuldu. Artıq iyirmi dörd illik köçkün həyatı yaşayan Cocuq Mərcanlı sakinlərinin möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə kənddə salınmış yeni qəsəbəyə köçürülməsinə başlanılıb. Məlum olduğu kimi, yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Təbii ki, Cocuq Mərcanlıda tez bir zamanda yaradılan bu şərait məhz cənab Prezidentimizin təşəbbüsü, qətiyyəti ilə baş tutdu. Elə ilk olaraq dövlətimizin başçısı özü Cocuq Mərcanlıya səfər etdi, görülən tədbirlərlə yerində tanış oldu, quruculuq işlərinin davam etdirilməsi üçün tapşırıq və tövsiyələrini verdi. Qeyd etdiyimiz kimi, yalnız bundan sonra Cocuq Mərcanlı sakinlərinin köçürülməsinə başlanıldı. Hesab edirəm ki, bu prosesin çox böyük siyasi və mənəvi çalarları var. Bir tərəfdən Azərbaycan dünya birliyinə sübut etdi ki, biz torpaqlarımızı işğaldan azad etmək gücündəyik və edirik də. Digər tərəfdən isə iyirmi dörd ildir ki, ürəyində Vətən, torpaq sevgisi ilə yaşayan soydaşlarımızın böyük həsrətinə soy qoyuldu. Bundan gözəl nə ola bilər ki?! Bu sevginin, həsrətin qarşısında heç bir qorxu, təhlükə dayana bilməz. Siz özünüz də dəfələrlə cəbhə bölgəsində yaşayan insanların düşmənin heç bir təxribatından qorxmadıqlarını, doğma yurdlarında yaşamağa davam etdiklərini cəsarətlə dilə gətirdiklərinin şahidi olmusunuz. Bu günlərdə Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyevanın və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması bizim hər birimizin ürəyini ağrıdır. Bəzən hisslərimizi sözlə ifadə edə bilmirik. Bir atanın balaca qızını öz əlləri ilə məzara qoymasından ağrılı heç nə ola bilməz. Artıq baş verən hadisəyə bu gün dünyanın bir çox ölkəsindən reaksiyalar gəlir, ermənilərin bu vəhşiliyi kəskin şəkildə pislənilir. Bizim üçün hər nə qədər ağrılı da olsa biz balaca Zəhranın fotolarını dünya ictimaiyyətinə təqdim edərək vəhşi, azğın, uşaq qatili olan ermənilərin iç üzünü bir daha nümayiş etdiririk. O ki, qaldı cəbhə bölgəsindəki vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsinə, bunun üçün bizim güclü Ordumuz var. Bu gün Azərbaycan Ordusu ən müasir silahlar, hərbi texnika ilə təchiz edilib, əsgərlərimizin ruh yüksəkliyi ən yüksək səviyyədədir. Vətənin keşiyində, səngərdə dayanan hər bir əsgərimiz düşmənin istənilən təxribatının qarşısını almaq gücündədir və alır da. Bu gün hər bir azərbaycanlının ürəyində düşməndən qisas almaq istəyi var. Buna əminəm. Hər birimiz Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda səfərbər olmağa hazırıq. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkə rəhbərliyi düşünülmüş və məqsədyönlü siyasət aparır. Beynəlxalq təşkilatlarla bu istiqamətdə fəal siyasi dialoq qurulub, işğal faktı bütün dünyanın diqqətinə çatdırıb. Tələbimiz isə odur ki, düşmənə təzyiq göstərilsin, torpaqlarımız işğaldan azad olsun. Hazırda münaqişənin həlli istiqamətində Azərbaycanın seçdiyi yol sülh danışıqlarıdır. Ölkəmiz bu sahədə öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirir, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həllini uzadır. Ancaq Azərbaycanın səbri sonsuz deyil və biz torpaqlarımızın işğal faktı ilə uzun müddət barışa bilmərik. İstər sülh, istərsə də müharibə yolu ilə torpaqlarımız düşmən tapdağından azad ediləcək, soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar.”
Torpağına, vətəninə sahib durmaq istəyirsənsə…
“Xalq Cəbhəsi” qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli isə düşünür ki, yaranmış vəziyyəti nəzərə alıb, düşmənin işğal altındakı ərazilərimizdə yerləşdirdiyi hərbi obyektləri məhv etməliyik: “İşğalçı ordunun mülki əhalini atəşə tutması vətəndaşlarımızın öz evlərinə, obalarına qayıdışının qarşısının alınmasına, əhalidə xof yaratmağa xidmət edir. Əgər biz bu prosesi dayandırsaq, bu ermənilərin öz məqsədlərinə çatması anlamına gələcək. Azərbaycan dövləti üçün hər bir vətəndaşın həyatı əzizdir, şübhəsiz. Dövlət öz vətəndaşlarının qorunması üçün mümkün olan hər şeyi edir. Amma biz müharibə vəziyyətindəyik. Həm də çox ləyaqətsiz bir düşmənlə və onun şərəf nə olduğunu bilməyən havadarlarıyla üz-üzəyik. İtkilərimiz olacaq, bundan qaçmaq mümkün deyil. Torpağına, vətəninə sahib durmaq istəyirsənsə, çətinliklərlə üz-üzə qalmağı da göz önünə almalısan. Mülki əhalinin arasında itkilərin qarşısının alınması üçün, daha öncə də qeyd etdiyim kimi dövlət öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Düşünürəm ki, yaranmış vəziyyəti nəzərə alıb düşmənin işğal altındakı ərazilərimizdə yerləşdirdiyi hərbi obyektləri məhv etməliyik. Bu obyektlərin təmas xəttinə nə qədər yaxın, yaxud uzaq olduğunun fərqinə varmadan. Mən hərbçi deyiləm. Azərbaycanın bu sahədə kifayət qədər yüksək ixtisaslı mütəxəssisləri var. Onlar nə etmək lazım gəldiyini məndən dəfələrlə yaxşı bilirlər və şübhə etmirəm ki, öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklər. Qisas zamanı isə çoxdan gəlib”.
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır