07 iyul 2017 15:49
549

Cəzasızlıq işğalçı Ermənistanı yeni cinayətlərə şirnikləndirir

Erməni faşistlərinin 1988-ci ildən başlayaraq keçmiş SSRİ rəhbərliyinin, xüsusilə iblis Mixail Qorbaçovun xeyir-duası ilə Azərbaycana qarşı irəli sürdükləri ərazi iddiaları,  beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq davam etdirdikləri mənfur işğalçılıq, təcavüzkar və etnik təmizləmə siyasəti bu gün də öz ağır nəticələrini verməkdədir.

Beynəlxalq ictimaiyyətin səssizliyindən, münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən istifadə edən işğalçı dövlətin silahlı qüvvələri Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu günə qədər daim  bu razılaşmanı pozaraq qoşunların təmas xəttində  hərbi təxribatlar törədərək günahsız mülki şəxsləri, o cümlədən uşaqları öldürür, qətliamlar törədir, yaşayış məskənlərini və ictimai obyektləri dağıdır. İyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması erməni vandalizminin növbəti səhifəsi oldu. Cinayətkar Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular. Atəş nəticəsində 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralandı.

Beynəlxalq ictimaiyyət regionda və dünyada sülhə, təhlükəsizliyə, inkişafa və əməkdaşlığa böyük töhfələr verən Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan bu cinayətə göz yummamalı, susqunluğunu pozmalı, erməni faşizminin ədalətli qiymətini verməlidir. Cinayətkar, uşaq qatili Serj Sarkisyan hakimiyyətini qudurdan məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dünya ictimaiyyətinin nümayiş etdirdiyi susqunluq, ədalətsizlik və qeyri-səmimilikdir. Ona görə də iki yaşlı məsum körpənin - Zəhranın ölümünə görə faşist xislətli sarkisyanlar, ohanyanlarla bərabər, bu münaqişənin nizamlanması prosesində iştirak edən etinasız, insan faciəsinə biganə qalan, günahsız insanların ölümünə göz yuman, iğalçı ilə işğala məruz qalan dövləti fərqləndirməyən beynəlxalq vasitəçilər, diplomatlar da məsuliyyət daşıyırlar. Təbii ki, onlarda azacıq da olsa məsuliyyət hissi varsa.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması misssiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun köhnə şakərinə sadiq qalaraq  iyulun 4-dəki insidentlə bağlı “Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəskəs rejimini pozmağı dayandırmağa çağırırıq” kimi qısa bir bəyanat yaymaqla kifayətlənməsi yuxarıda dediklərimizin - məsuliyyətsizliyin, fəaliyyətsizliyin, ən əsası isə ikili oyunların əyani təzahürüdür. ATƏT və onun Minsk qrupu məsələnin əsas mahiyyətindən yayınmağa çalışaraq yenə “dişsiz” müraciətlər edir. Niyə bu təşkilat Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həll etmək cəhdlərinə hərbi təcavüzlə cavab verən işğalçı Ermənistanın yaxasından tutub Dağlıq Qarabağın və ətraf 7 rayonun  boşaldılmasını tələb etmir?  Axı, bu hərbi təcavüz nəticəsində insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyasının, BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Nədən Minsk qrupu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının ən elementar hüquqlarının bərpa olunmasını tələb etmir?

BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edərək  təcavüzkar erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edir. Amma Ermənistan bu qətnamələrə məhəl qoymur. Ancaq BMT-nin Liviya ilə bağlı qətnamələri bir gün ərzində həyata keçirilir. 20 ildən artıqdır ki, bu təşkilatın Azərbaycanla bağlı qətnamələri yerinə yetirilmir. ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da belə qərarlar qəbul edib. Ancaq Ermənistan bunlara əməl etmir, işğalçıya heç bir beynəlxalq təzyiq də göstərilmir.

Təbii ki, Azərbaycan öz torpaqlarının uzun müddət işğal altında qalması ilə barışa bilməz. BMT TŞ-nin münaqişə ilə bağlı qəbul etdiyi  822, 853, 874, 884 qətnamələri təşkilatın nizamnaməsinin özünümüdafiə hüququ ilə bağlı 51-ci maddəsi, qurumun qəbul etdiyi qərarların yerinə yetirilməsinin icbari xarakter daşıması haqqında 25-ci maddəsi, habelə AŞPA, İKT və Avropa Parlamentinin Ermənistanı işğalçı dövlət elan etməsi kimi məlum hüquqi arqumentlər Azərbaycana öz ərazi bütövlüyünü təmin etməsi məqsədilə istənilən təsir mexanizmlərini, o cümlədən hərbi tənzimləmə variantını işə salmaq səlahiyyəti verir. Hər kəs  yaxşı bilir ki, Azərbaycanın güclü iqtisadi-hərbi potensialı, demoqrafik üstünlüyü və möhkəm beynəlxalq mövqelərinin qarşısında nə S.Sarkisyan, nə də günahsız insanları öldürən sınıq-salhaq Ermənistan ordusu tab gətirə bilməz.  Ancaq tarixən sülh və əmin-amanlıq tərəfdarı olan Azərbaycan bu münaqişənin  sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Ona görə də beynəlxalq ictimaiyyət işğalçı Ermənistana təzyiq göstərməli, onu beynəlxalq hüququn norma və prinsiplərini yerinə yetirməyə məcbur etməli, təcavüzkar cinayətkar hərbi-siyasi rəhbərliyini cəzalandırmalı, bu ölkəyə sanksiyalar tətbiq etməli, Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, respublikamızın BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və hüquqlarının bərpa olunmasına nail olmalıdır. Əks təqdirdə Azərbaycan dövləti işğal faktı ilə heç vaxt barışmayacaq, öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir.

Zahid Rza, “İki sahil”