Ermənilərin mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozmaları, dinc əhalini qətlə yetirmələri vəhşiliklərinin təzahürü olmaqla yanaşı, dünyanın öz maraqlarına uyğun olaraq bu günə qədər baş verənləri görməzlikdən gəlmələrindən də qaynaqlanır.
“Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi. Hətta hazırda Ermənistan rəhbərliyi də bunu etiraf edir. Xarici dəstək olmadan onlar işğal edilmiş torpaqları bu gün də işğal altında saxlaya bilməzlər. Ancaq biz təkbaşına mübarizə aparırıq. Yaxın tariximiz göstərib ki, biz hətta təkbaşına mübarizədə, siyasi mübarizədə uğur qazana və öz milli maraqlarımızı müdafiə edə bilərik.”
Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiyini önə çəkərək, dünya dövlətlərinin bu hadisələrə göz yummalarına narazılığını bildirir, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsini nə üçün soyqırımı kimi tanımamalarının səbəbini açıqlamalarının gərəkliyini bəyan edir: “Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırımı deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər.”
Tarixə müraciət etsək, görərik ki, istər XIX əsrin sonları, istərsə də XX əsrin əvvəllərində Qarabağda, Zəngəzur mahalında, İrəvan xanlığında, həmçinin, Bakıda, Şamaxıda, Qubada, Gəncədə, Naxçıvanda, hər yerdə azərbayanlılara qarşı qətliamlar törədilmiş, günahsız insanlar qətlə yetirilmişdir. Bunu təsdiqləyən yüzlərlə faktlar sadalamaq olar. Amma dünya məlum səbəblərdən susmaqla Xocalı faciəsi kimi dəhşətli bir hadisənin yaşanmasına yol açdı.
Bu reallıq inkaredilməzdir ki, bir cinayətin cəzasız qalması başqa cinayət üçün başlanğıcdır. Görünür, bu başlanğıclar dünya dövlətlərini narahat etmir. İşğalçıya dəstək olmaqla işğalçılıq siyasətini qəbul etdiklərini açıq-aşkar nümayiş etdirən dünya dövlətləri bu addımları ilə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadıqlarının fərqindədirlər. Belə olan təqdirdə onlardan işğalçı Ermənistana təzyiq gözləmək sadəlövhlük deyilmi? Ermənistan rəhbərliyi dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Xocalı faciəsinin iştirakçısı olduğunu bəyan edirsə, demək onda bu cəsarətə stimul verən amil olmalıdır. Bu amil sözsüz ki, dünyanın işğalçı Ermənistana öz maraqlarına uyğun olaraq dəstək verməsi, bu səbəbdən də belə hallarla rastlaşanda özünü kor və kar kimi aparmaq məcburiyyətində qalmasıdır. Nə zamanadək bu korluqlar və karlıqlar, ermənilərin təxribatları, günahsız insanları qətlə yetirmələri davam edir. Ermənilər dünyanın ərköyün uşaqlarıdır. Məlum olduğu kimi, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutmuş, bu təxribat nəticəsində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyeva həlak olmuş, Sərvinaz Quliyeva isə ağır yaralanmışdır. Dövlətimizin başçısı İlham Əliyev bu terror hadisəsi ilə bağlı “Twitter” səhifəsində bir daha dünyaya bu çağırışı edib - Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır.
Ermənistan ordusu mütəmadi olaraq dinc əhalini atəşə tutur. Gün ərzində Müdafiə Nazirliyinin açıqladığı statistik rəqəmlərə müraciət etsək, görürük ki, ermənilərin cəhbə xəttində atəşkəsi pozmaları hər gün daha da artır. Təkcə dünən (6 iyul) saat 09.25-ə olan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 142 dəfə pozub. İyulun 5-nə olan məlumata əsasən isə bu rəqəm 130-dur. Bu artımlar ermənilərə atdıqları addımlara görə “gözün üstə qaşın var” deyilməməkdən irəli gəlir. Dinc əhali atəşə tutulur, öldürülür, dünya bunu eşitməzlikdən gəlir və heç nə olmamış kimi ermənilərin başına sığallarını davam etdirirlər. Görünür, bu sığallara son qoymaq üçün mütləq həmin ölkələrin özləri terrorla üzləşməli, yəni başlarına gəlməyincə baş verənlərin ağırlığını dərk etmək imkanında olmurlar. Necə ki, ermənilərin və erməni diasporunun əsassız təbliğatına uyan ABŞ Konqresi 1992-ci ildə ölkəmizə qarşı tətbiq etdiyi “907-ci düzəliş”in ədalətsizliyi 2001-ci ilin sentyabrında ABŞ-da yaşanan terror hadisəsindən sonra etiraf edildi. Amma o zaman bu hadisəyə ilk münasibətini bildirən, terrorizmlə birgə mübarizənin gərəkliyini bəyan edib, bunu əməli işdə sübut etməyin vacibliyini önə çəkən Azərbaycan oldu. Ermənistan isə seyrçi mövqeyi ilə diqqət çəkdi. Amma bu seyrçilik terrorizmə dəstəkdən irəli gəlsə də, ona yenə də “gözün üstə qaşın var” deyilmədi. ABŞ xarici siyasətində Azərbaycana qarşı müsbət istiqamətdə dəyişikliklər etdi. Həmin vaxtdan ədalətsiz “907-ci düzəliş”in fəaliyyətinin dondurulması ilə bağlı qəbul olunan qərar hər il yenidən təsdiqlənir.
Bu xatırlama fonunda bizi təəssüfləndirən məqam ondan ibarətdir ki, 25 il keçməsinə baxmayaraq XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsinə dünyada layiqli, hüquqi-siyasi qiymət verilməyib. Dünya birliyi müxtəlif dövrlərdə baş verən faciələrə operativ cavab verdiyi təqdirdə Xocalı faciəsinə biganəlik diqqətdən kənarda qalmır. Əvvəldə də qeyd etdiyimiz kimi, bir cinayətin cəzasız qalması digər cinayətlərə yol açan amildir. Dünya bu kimi biganəliklərin acı nəticəsini yaşadı və yaşamaqdadır. Balkan faciələri, Şərqdəki təlatümlər və s. kimi hadisələr baş verməzdi. Bu o fikrə gətirmir ki, Xocalı faciəsi bu qığılcımların başlanmasının səbəbi olub, amma əgər Xocalı soyqırımına, Xocalıda bu vəhşiliyi törədənlərin əməllərinə qiymət verilsəydi, növbəti mərhələlərdə insanların kütləvi qırılması ilə müşayiət olunan faciələr ya baş verməzdi, ya da bu səviyyəyə çatmazdı. Qeyd etdiyimiz kimi, bu gün Ermənistan rəhbərliyində təmsil olunanların böyük əksəriyyəti bu və ya digər dərəcədə Xocalı faciəsinin baş verməsində iştirak etmiş şəxslərdir. Dünya birliyi tərəfindən belə cinayətkarların nəvazişlə qarşılanması təbii ki, riyakarlığın ən yüksək pilləsidir. Digər tərəfdən, “erməni soyqımı”nı tanımayanlara qarşı cəzanın tətbiq edilməsinə çalışanların özləri də Xocalı faciəsini törədənləri qəbul edirlər. İkili standartlar haqqın, ədalətin bərpa olunmasında ən böyük maneədir.
Bu da sirr deyil ki, münaqişənin nizama salınmasında vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu öz vəzifəsinin öhdəsindən layiqincə gəlmir. Missiyasını regiona nəticəsiz səfərlərlə yekunlaşdıran qurumun fəaliyyətsizliyi rəsmi Bakı tərəfindən hər zaman bəyan edilir. Əvvəlki yazılarımızda da bu fikri dəfələrlə qeyd edirik ki, belə laqeyd yanaşmalar istər dövlətlərə, istərsə bə təşkilatlara inamsızlıq yaradır. Minsk qrupuna həmsədr dövlət, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi ABŞ, Fransa və Rusiya bu günə qədər işğalçını adı ilə qeyd etmək istəmir, buna birtərəflilik deyib, diqqəti yayındırmağa çalışırlar. Diqqəti yayındırmaq çıxış yolu deyil. Azərbaycan dövlətinin daim dünyaya ünvanladığı bu mesajı yenə də qeyd etmək istərdik: beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlər üçün vahid icra mexanizmi olmalıdır. Yalnız bu halda haqqı, ədaləti bərpa etmək olar.
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır