06 iyul 2017 16:51
1247

Terrorist Sarkisyan və ədaləti kor olan dünya

Serj Sarkisyan əsl simasını bir daha göstərdi. Bu tipik erməninin siyasi xarizmadan, dövlət rəhbəri keyfiyyətlərindən çox uzaq olduğu onu tanıyanların hər birinə məlumdur. S.Sarkisyan 18 aylıq Zəhranın qətlinə göstəriş verməklə əsl kimliyini, erməni xislətinin daşıyıcısı olduğunu bir daha nümayiş etdirdi...

İyulun 4-də Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini müxtəlif iriçaplı silahlardan atəşə tutub. Mülki əhalinin yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun yaşyarımlıq nəvəsi, körpə Zəhra Quliyeva həlak olublar. Hadisənin qoşunların təmas xəttində vaxtaşırı baş verən hərbi əməliyyatlarla heç bir əlaqəsi yoxdur. Çünki Alxanlı kəndində heç bir hərbi qüvvənin yerləşmədiyini, burada yalnız mülki əhalinin yaşadığını bütün dünya kimi, Ermənistan rəhbərliyi də bilirdi. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev mətbuat üçün brifinqdə haqlı olaraq vurğulayıb ki, bu terror hadisəsi birbaşa Ermənistan prezidenti, uşaq qatili kimi tanınan Serj Sarkisyanın əmri ilə həyata keçirilib.

S.Sarkisyanın uşaq qatili adlandırılması təsadüfi deyil. Onun bəşəriyyətin ən faciəvi soyqırımı hadisələrindən olan Xocalı soyqırımına rəhbərlik edənlərdən və qətllərin iştirakçılarından olduğu sirr deyil. Sarkisyan nəinki bir siyasətçiyə, ümumiyyətlə, insana yaraşmayan həyasızlıqla bu vəhşiliyini müxtəlif vaxtlarda utanıb-çəkinmədən etiraf etməkdən də çəkinməyib. Körpə qatili vaxtilə araşdırmaçı ekspert Tomas de Valla verdiyi müsahibədə həyasızcasına bildirirdi: “Biz Xocalıdakı qırğını törədənə qədər azərbaycanlılar elə bilirdilər ki, biz onlarla zarafat edirik”. Füzulinin Alxanlı kəndində dinc sakinlərin yaşadığını bilə-bilə Sarkisyanın bu göstərişi verməsi soyqırımı əməlinin davamı kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, ermənilərin azyaşlı uşaqları məqsədli şəkildə qətlə yetirmələri baxımından bu hadisə ilk və yeganə fakt deyil. 1994-cü ildə uşaq oyuncağına partlayıcı maddə quraşdıraraq Tovuz rayonu ərazisindən axan çaya buraxan ermənilər rayonun Ermənistanla həmsərhəd Əlibəyli kəndində iki uşağın ölümünə və birinin yaralanmasına səbəb olmuşdular. 2011-ci il martın 8-də Ağdam rayonunun cəbhə xəttində yerləşən kəndlərinin birində öz həyətlərində oynayan, ailənin tək övladı olan 9 yaşlı Fariz Bədəlov erməni snayperinin gülləsinə tuş gələrək həlak olmuşdur. 2011-ci ilin iyulunda yenə də Tovuz rayonunun Əlibəyli kəndində çaydan tapdığı oyuncağın içindəki partlayıcı qurğunun işə düşməsi nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün Zirəddin qızı həyatını itirmişdir. Ümumiyyətlə, 1988-ci ildən bəri Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları ilə başlayan təcavüzündən sonra Füzulinin Alxanlı kənd sakini, 2 yaşlı Zəhra Quliyeva ilə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən azərbaycanlı uşaqların sayı 194 nəfərə çatıb. Rəsmi qurumların hesabatlarına görə, münaqişə müddətində dövlət tərəfindən 210 uşaq əsir və girovluqdan azad edilib. Buna baxmayaraq 61 uşaq hələ də itkindir, 27 uşaq isə hələ də erməni əsirliyindədir. Bu müddətdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb.

Azərbaycan torpaqlarının işğalı zamanı ermənilərin əsir götürdükləri azyaşlı uşaqlara qarşı etdikləri ağlasığmaz hərəkətlər barədə isə danışmaq belə mümkün deyil. Onlara verilən işgəncələr, uşaqların ən müxtəlif vəhşiliklə qətlə yetirilməsi və orqan ticarətində istifadə edilməsi faktlarını bu proseslərdə iştirakçı və şahid olan ermənilərin öz “xatirələrində” kifayət qədər dəhşətli faktlar mövcuddur.

Alxanlı terrorunun törədilməsindən bəhs edərkən, hadisənin baş vermə tarixi bir sıra versiyaların ortaya çıxmasına zəmin yaradır.

İlk növbədə onu qeyd edək ki, ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusunun azad etdiyi Lələtəpə yüksəkliyi işğal altındakı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin tamamilə Azərbaycanın nəzarətinə keçməsinə şərait yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi və təşəbbüsü ilə kəndin sürətlə bərpası işlərinə başlandı və qısa müddətdə- cəmisi 5 ay ərzində kənddə 50 ev və digər ictimai obyektlər tikildi. Qarabağa Böyük Qayıdışın başlanğıcı kimi qiymətləndirilən bu hadisə məhz iyulun 4-də reallaşdırılmağa başlanmışdı. Cocuq Mərcanlı kəndinin sakinlərinin geri qayıdışı bu tarixdən həyata keçirilirdi. Ermənistan rəhbərliyi bu vəhşiliyi törətməklə dinc əhalinin gözünü qorxutmaq və onları öz doğma yurdlarına qayıtmaqdan çəkindirmək niyyəti güdür. Lakin müşahidələr onu göstərdi ki, ermənilərin bu niyyətləri də gözlərində qaldı- Azərbaycan vətəndaşı düşməndən qorxmadığını və öz yurduna sahib çıxacağını bir daha isbat etdi.

Bununla yanaşı, hadisənin bir sıra siyasi motivləri də mövcuddur. Məlumdur ki, iyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı çərçivəsində görüşəcəkləri planlaşdırılır. Mülki əhalini qətlə yetirməklə Ermənistan Azərbaycanı hərbi əməliyyatlara cəlb etməyi hədəfləyir. Beləliklə, görüş ərəfəsində guya Azərbaycanın danışıqlar prosesini pozması, hərbi əməliyyatlara başlaması fikrini formalaşdırmağı planlaşdırır. Bununla da Ermənistan uzun müddətdir müxtəlif bəhanələrlə pozduğu danışıqlar prosesinin bərpa olunmasının qarşısını alır.

Digər tərəfdən, o da bəllidir ki, təqribən iki həftədən sonra qondarma “Dağlıq Qarabağ Respublikası”nda saxta seçkilər keçiriləcək. Belə təxribatlarla Ermənistan rəhbərliyi daxili auditoriyanı əldə etmək məqsədləri güdür. Son illərdə cəmiyyətdə nüfuzunu tamamilə itirən ordunun etibarını geri qaytarmaq niyyətindədir. Lakin reallıq budur ki, Sarkisyan rejiminin atdığı hər addım onu daha da uçuruma aparır. Təkcə bir fakt Ermənistan ordusunun hansı vəziyyətdə olması barədə real təsəvvür yaradır. Rəsmi məlumatlara görə, ən azı 10 min erməni gənci orduya çağırışdan yayındığına görə istintaq orqanları tərəfindən axtarışa verilib.

Ermənistan silahlı qüvvələrinin Alxanlı terroruna beynəlxalq münasibətlər də təəssüf hissi doğurur. ATƏT-in yararsız Minsk qrupu körpə uşağın qətlə yetirilməsi ilə bağlı bəyanatında tərəfləri hərbi əməliyyatları dayandırmağa səsləməklə kifayətlənib. Ümumiyyətlə, hələlik demək olar ki, çox az nüfuzlu beynəlxalq qurum və xarici rəsmi dövlət adamları ermənilərin bu aşkar vəhşiliyinə konkret münasibət bildirib.

Əlbəttə, Azərbaycan Ordusu düşmənin layiqli cavabını hər zaman olduğu kimi, yenə də layiqincə verib. Lakin hadisəyə qarşı sərgilənən ikili standartlar göstərir ki, yeganə və son sözü Azərbaycan əsgəri deməlidir və o böyük gün uzaqda deyil!

Taleh Turqut, “İki sahil”