Dinc sakinləri, körpə uşaqları hədəfə almaq barbar erməni ordusunun hərbçi şərəfini itirməsidir
Ermənistan ordusunun bölmələri iyulun 4-də cəbhə xəttində növbəti dəfə təxribat törədərək Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutublar. Ermənilərin bu təxribatı nəticəsində kənd sakinləri-1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Hazırda həkimlər onun da vəziyyətinin ağır-stabil olduğunu bildirirlər.
Ən dəhşətlisi isə odur ki, bu təxribat nəticəsində 2 yaşlı bir körpə - Quliyeva Zəhra Elnur qızı qanına qəltan edilərək can verdi. Bu məsum körpənin sosial şəbəkələrdə paylaşılan və mətbuatda yayılan param-parça olmuş cəsədini görənlər erməni vəhşiliyinə lənətlər oxuyurlar. Xatırladım ki, 2014-cü ildə də onlar Ağdam rayonunun Şıxlar və Ayaq Qərvənd kəndlərini atəşə tutaraq Novruz bayramını qeyd edən bir azərbaycanlı uşağı öldürmüşdülər. Eyni zamanda ermənilər uşaq oyuncaqlarının içinə partlayıcı maddələr qoyub çayda axıtmaqla uşaqların ölümünə səbəb olmuşdular. Belə ki, 2011-ci ildə Tovuz rayonunda 11 yaşlı Aygün Şahmuradovanın çaydan tapdığı kukla əlində partlamışdı. Uşağın bütün bədəni darmadağın olmuşdu.
Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin hədəfə alınması sübut edir ki, mütəmadi olaraq törədilən bu kimi qanlı təxribatların məqsədi dinc sakinləri öldürmək, yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır. Qeyd edək ki, 2016-cı il aprel ayının əvvəlində Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki mövqelərindən qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır silahlardan hədəfə almış, nəticədə Azərbaycanın 34 yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalmışdır. Törədilən vandalizm aktı nəticəsində aralarında uşaqlar da olmaqla 6 nəfər həlak olmuş və 33 nəfər ağır yaralanmışdır. Eyni zamanda məktəblər, xəstəxanalar, təsərrüfat obyektləri ağır artilleriyanın aramsız hücumlarına məruz qalmış, ciddi zərər görmüşdülər.
Azərbaycan Ordusu bu qisası qiyamətə saxlamaz
Ermənistan ordusu daimi olaraq Azərbaycanın mülki sakinlərini və yaşayış məntəqələrini hədəfə alır. Dünyanın digər bölgələrində bu cür qeyri-insani aktlar beynəlxalq ictimaiyyətin ciddi qınağı və təzyiqi ilə üzləşir. Terroru dəstəkləyən və bilavasitə onu dövlət siyasətinin prioritet istiqamətinə çevirmiş Ermənistana münasibətdə isə beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirir və yaxud bir neçə əhəmiyyətsiz bəyanatlarla işlərini bitmiş hesab edirlər. Eyni zamanda, dinc sakinlərin, xüsusən də 2 yaşlı körpənin vəhşicəsinə qətlə yetirilməsi beynəlxalq təşkilatların nəzərində Ermənistandakı rejimə təzyiq etmək üçün kifayət qədər ciddi əsaslar verir.
Halbuki Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərinə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Artıq erməni ordusunu uşaq qatilləri də adlandırırlar. Onlar bu vəhşi və barbar hərəkətləri ilə müharibə qanunlarını da ayaqlar altına alıb tapdayırlar. Belə ki, beynəlxalq konvensiyalara görə, müharibədə dinc sakinlər, xüsusən də uşaqlar silahlara hədəf ola bilməzlər.
Təbii ki, bir çox müharibələrdə uşaqların öldürülməsi, dinc sakinlərin qətlə yeirmlməsi faktları qeydə alınıb. Lakin sonra həmin qətllərə əmr verənlər beynəlxalq hərbi tribunallarda mühakimə edilərək cəzalandırılıblar. Bunlar qatil dövlət başçıları və ordu komandirləridirlər.
Vaxt gələcək Serj Sarkisyan və onun qatilləri bu cinayətlərə görə, birinci növbədə Azərbaycan xalqı qarşısında, sonra da beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəklər. Bu gün bəlkə də həm Serj Sarkisyan, həm də onun qatil hərbçiləri dünyanın onların bu qətliamlarına seyrçi qalmalarından ruhlanaraq bu tip qətllərini davam etdirirlər. Ancaq xalqımız Azərbaycan Ordusuna və Uca Tanrıya güvənərək qatillərin cəzalarını alacaqlarına tam əmindirlər. Necə deyərlər, Azərbaycan Ordusu qətliamları qiyamətə saxlamaz.
Burada bir məqama da diqqət etmək lazımdır. Ermənilər dinc sakinləri ona görə hədəfə alırlar ki, insanlarda bir qorxu, vahimə hiss yaratsınlar ki, nəticədə onlar öz doğma torpaqlarını tərk etsinlər. Ancaq xalqımız öz ordusuna güvənir və inanır ki, Ermənistan ordsunun hər atəşinin, hər qətlinin artıqlaması ilə cavabları veriləcək. Əslində cəbhə xəttində yaşayan insanlarla ordumuz arasında birgəlik, bərabərlik mövcuddur. Xalqımız önündə əsgərini, əsgərimiz isə arxasında xalqımızı görəndə güclər birəbeş artır.
Əminik ki, Azərbaycan Ordusu erməni gülləsindən həlak olan ananın və körpənin qisasını alacaqdır. Necə ki, ötən ilin aprel döyüşlərində Ermənistan ordusunun cəbhə xəttində törətdiyi davamlı təxribatlara cavab olaraq Azərbaycan Silahlı Quvvələri hücuma keçərək qısa müddət ərzində 20 min hektardan çox ərazini azad etdi və yüzlərlə erməni hərbçisini məhv etdi.
Hətta bu hücum zamanı Ermənistan ordusunda bir qorxu, vahimə yaranmışdı. Azərbaycan Ordusunun bu zəfər döyüşündən sonra erməni ictimaiyyətində ruh düşkünlüyü yarandı. Ermənistanın siyasi rəhbərliyi ilə hərbçilər arasında qarşıdurma dərinləşdi.
Son erməni təxribatları bir daha göstərir ki, Serj Sarkisyan qatil zehniyyəti ilə sülh danışıqlarına mane olmaq niyyətinə sadiqdir
Alxanlı qətliamı Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirdi. Bu, həmin Serj Sarkisyandır ki, Xocalı soyqırımında insanların diri-diri yandırılması, başlarının kəsilməsi, üzlərinin dərisinin soyulması, körpə uşaqların gözlərinin çıxarılması, süngü ilə hamilə qadınların qarınlarının yarılması kimi vəhşiliklərə şərəfsizcəsinə göstərişlər vermişdir.
Bu gün beynəlxalq təşkilatların xristian təəssübkeşliyinin nəticəsidir ki, Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi hələ də icra olunmadan qalır. Ermənistan nəinki bu mötəbər beynəlxalq təşkilatın qərarlarına əməl etmir, hətta öz işğalçılıq siyasətini dinc əhalini qətlə yetirməklə daha da möhkəmləndirməyə çalışır. Xüsusən, Ermənistan ordusunun torpaqlarımzda qeyri-qanuni mövcudluğu və qoşunların təmas xəttinin yaxınlığında yaşayan azərbaycanlı əhalinin müntəzəm olaraq atəş altında saxlanılması, onların qətlə yetirilməsi münaqişənin sülh yolu ilə həll olunmasına mane olmağın şərəfsiz Serj Sarkisyan variantıdır. Alxanlı sakinlərinin qətlə yetirilməsi bir daha sübut etdi ki, Ermənistan dövləti regionda sülh və əmin-amanlığın, asayişin bərqərar olmasını istəmir və özünün təcavüzkar davranışları, beynəlxalq hüququn norma və prinsiplərinə zidd dövlət siyasəti ilə Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhlükə olaraq qalır.
Bu son erməni təxribatları bir daha göstərir ki, Serj Sarkisyan sülh danışıqlarına mane olmaq niyyətinə sadiqdir. Əvəzində, Azərbaycanın sülhpərvər siyasəti hələlik münaqişənin alovlanmasının qarşısını alır. Məhz Azərbaycan dövləti münaqişənin həlli üçün digər vasitələrə əl atacağı təqdirdə bütün məsuliyyət Ermənistan dövlətinin üzərinə düşəcək.
Elçin Zaman, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır