“Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi, mehribanlıq, sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu da bizim böyük sərvətimizdir, gücümüzdür və biz bunu qoruyuruq, qorumalıyıq. Şadam ki, bizim siyasət, bu istiqamətdə atılan addımlar xalq tərəfindən tam dəstəklənir. Ona görə, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi sayılır.” Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, ötən ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi ili” elan edilməsi təsadüfi deyil: “Bu bir daha göstərir ki, öz köklərinə bağlı olan xalq və dövlət həmişə düzgün siyasət aparacaq... Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir... Biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq.”
Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunması da onun bu sahədəki təcrübəsindən, dünyada qazandığı nüfuzdan irəli gəlir. Təkcə cari ilin ötən dövründə ölkəmizdə keçirilən müxtəlif mövzularda tədbirlərin sayına diqqət yetirmək kifayətdir. Təbii ki, bu uğuru şərtləndirən əsas amil Azərbaycan dövlətinin düşünülmüş və məqsədyönlü siyasəti, qazandığı etimaddır. Hər bir tədbirdə ölkəmizin bu reallığı diqqətə çatdırılır ki, zəngin təbii resurslara malik və bu sərvətlərdən səmərəli istifadənin bariz nümunəsi olan “Əsrin müqaviləsi” Azərbaycanın qarşısında geniş imkanlar açdı. İnkişafın Azərbaycan modelinin mövcudluğu uğurlarımızın fonunda təqdir edilir, öyrənilməsinin vacibliyi vurğulanır. Neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafı, neft kapitalının insan kapitalına çevrilməsi, bir sözlə, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurları diqqətdən kənarda qalmır. Azərbaycan malik olduğu potensial imkanlardan istifadə etməklə hərtərəfli inkişafını təmin etmiş, ən əsası özünü dünyaya sosial dövlət kimi təqdim etmişdir. Azərbaycan bu illər ərzində yoxsulluq səviyyəsinin kəskin azaldılmasına, sosial müdafiə sisteminin qurulmasına və əmək haqlarının, pensiyaların artırılmasına, ünvanlı sosial yardım proqramının uğurlu icrasına nail olub. Dayanıqlı iqtisadi inkişafı, demokratiya təcrübəsi, ən əsası yerləşdiyi coğrafi məkan ölkəmizə böyük nüfuz qazandırıb. Dövlətimizin başçısı İlham Əliyev müxtəlif tərkibli, ayrı-ayrı sahələri əhatə edən tədbirlərin ölkəmizdə keçirilməsinin bir çox məqsədləri olduğunu bildirir: “İlk növbədə, bu bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər.”
Dinc yanaşı, sülh, əmin-amanlıq şəraitində yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri dini və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsidir. Ölkəmizin qeyd olunan istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdəndir. Tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan hər zaman bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərilir və təcrübəsinin öyrənilməsi vacib amil kimi önə çəkilir. Ölkə Prezidenti İlham Əliyev bu məqamı çıxışlarında xüsusi vurğulayır: “Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasına qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir.”
Azərbaycan dinamik inkişaf edən dövlət kimi dünyanın diqqətindədir. Cənab İlham Əliyev bildirir ki, ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanıb. “Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir” söyləyən dövlətimizin başçısı bildirir ki, bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməli, birmənalı mövqe nümayiş etdirilməlidir. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Ölkəmizin ev sahibliyi etdiyi tədbirin əhəmiyyətindən bəhs edərkən reallıqlarımızın təbliğində, xüsusilə Dağlıq Qarabağ probleminin əsil mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında oynadığı rol xüsusi qeyd edilir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin uzun illərdir işğal altında olduğu əsaslı şəkildə diqqətə çatdırılır. “Bu, böyük humanitar fəlakətdir” söyləyən cənab İlham Əliyev bildirir ki, bir milyon Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, məcburi köçkün şəraitində yaşayır. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək üçün ATƏT-in Minsk qrupu fəaliyyət göstərsə də, rəsmi Bakı bununla yanaşı digər təşkilatların da potensialından istifadə etmək istəyini ən yüksək tribunalardan bəyan edir. BMT Baş Assambleyasının iclaslarında, eyni zamanda NATO-nun sammitlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu kimi önə çəkilib. Hətta demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası da 2005-ci ildə Dağlıq Qarabağ problemi ilə bağlı qətnamə qəbul edib. Həmin sənəddə də Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğu faktlar əsasında qeyd olunur. Bildirilir ki, erməni işğalçıları Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidirlər. Azərbaycana beynəlxalq dəstəyin yüksək səviyyədə olması, münaqişənin həlli üçün hüquqi bazanın mövcudluğu göz önündədir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər qurumların qərar və qətnamələri erməni işğalçılarının işğal olunmuş torpaqlarımızdan çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və bu qətnamələrin icra edilməsi mexanizmi yoxdur. Azərbaycan dövləti bunu ikili standartlar siasəti kimi qəbul edir: “Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri,- yaxın tarix bunu göstərir, - günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və təcavüzkar cəzalandırılır. Bizə gəldikdə, bu qətnamələrin qəbul edilməsindən 20 ildən çox vaxt keçib və onlar icra edilmir. Bu qətnamələri qəbul edənlər onların icrasını tələb etmirlər.” Cənab İlham Əliyev yenə də bu inamı ifadə edir ki, bu addım da atılacaq, işğalçıya təzyiq göstəriləcəkdir.
Qeyd etdiklərimiz bu qənaətə əsas verir ki, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan davamlı uğurları ilə ölkələr, xalqlar arasında körpü rolunu möhkəmləndirməklə yanaşı, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırır.
Yeganə Əliyeva, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır