Müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və eyni zamanda şərəfli yol keçərək dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmiş, inkişaf etmiş qüdrətli dövlətlərlə eyni səviyyədə yer almışdır. 1990-cı illərin sonlarında Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, erməni millətçiliyinin soyqırımı nəticəsində respublika ərazisinin 20 faizinin işğalı, bir milyon azərbaycanlının öz yurd-yuvasından didərgin düşməsi ilə vəziyyətin ifrat dərəcədə ağırlaşmasına baxmayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz böhrandan çıxdı, taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atıldı. Dövlət müstəqilliyimizin dayanıqlılığı, siyasi sabitlik təmin edildi.
Bazar iqtisadiyyatı yolu ilə dünya iqtisadiyyatına inteqrasiyanı inkişafın əsas istiqaməti kimi müəyyənləşdirən Ulu Öndər bunun üçün təkmil konsepsiya hazırladı, özəl sektorun formalaşdırılması yollarını müəyyənləşdirdi. Görülən təsirli tədbirlər nəticəsində tədricən iqtisadi böhrandan çıxan Azərbaycanda sosial islahatların tətbiqi üçün etibarlı baza yarandı. Azərbaycanın karbohidrogen ehtiyatlarının xalqın maraqlarına sərf olunmasını müdrikcəsinə əsaslandıran ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının həyata keçirilməsində uğurlu mərhələ olan “Əsrin müqaviləsi”nin imzalanması ölkə iqtisadiyyatının inkişafını sürətləndirən genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsi üçün zəmin yaratdı. Sovet dönəmindən qalmış inzibati amirlik üsul-idarəsinin yeni sərbəst rəqabət münasibətləri ilə əvəzlənməsi üzrə həyata keçirilən dəyişikliklər, dövlət mülkiyyətinin özəlləşdirilməsi və yeni mülkiyyət münasibətlərinin formalaşdırılması, torpaq islahatlarının aparılması, investisiya mühitinin yaxşılaşdırılması, dövlət idarəçiliyinin müasir meyarlara uyğun təkmilləşdirilməsi kimi vəzifələr “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapdı.
2009-cu ildən başlayan qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatında artımın qeydə alınması düşünülmüş islahatların, strateji kursun uğurla nəticələnməsini şərtləndirdi. Neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə özəl sahənin inkişafında önəmli nailiyyətlər qazanıldı. ÜDM-in 3 dəfə artırılması kimi çağırışların həlli ilə valyuta ehtiyatlarının artırılması, qeyri-neft sektorunda yeni istehsal sahələrinin, iş yerlərinin açılması, istehsalın, nəqliyyat və kommunal infrastrukturun yenilənməsi ölkəmizin dinamik və dayanıqlı yüksəlişinə təkan verdi.
Əhalinin sosial müdafiəsi sisteminin qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulması, uğurlu sosial siyasətin tətbiqi ilə yoxsulluğun səviyyəsi 5 faizədək aşağı salındı, əməkhaqqı və pensiyalar dəfələrlə artırıldı. Ölkənin sosial-iqtisadi sistemində əldə olunan nailiyyətlərin “Fitch Ratings”, “Moody’s”, “Standard & Poor’s” kimi beynəlxalq reytinq agentlikləri tərəfindən sabit qiymətləndirilməsi, Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business”in sənədlərində, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın Müstəqil Dövlətlər Birliyi və region ölkələri arasında lider mövqeyinə yüksəlməsi aparılan islahatların məntiqi nəticəsi kimi dəyərləndirildi. Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli ölkələr kateqoriyası”na daxil olaraq BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatına əsasən, “orta insan inkişafı ölkələri qrupu”nu tərk edərək, “yüksək insan inkişafı” ölkələri qrupu”na yüksəlmişdir.
Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması kimi dəyərləndirilən “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan vəzifələr qarşıdakı on illər üçün nəzərdə tutulduğundan daha dəqiq, mükəmməl olmaqla dünya siyasətinə uyğun qlobal və yerli çağırışları əks etdirir. Növbəti illərdə dünya üzrə ticarətin istehsala nəzərən daha yüksək sürətlə artacağının, qloballaşma ilə birlikdə regional inteqrasiyaların da genişlənəcəyinin gözlənildiyi bir zamanda müasir çağırışlara qoşulmaqla risk və təhlükələrə qarşı tədbirlər görən respublikamızda yeni standartlara uyğun konsepsiyanın tətbiqi istiqamətində önəmli addımlar atılır. İstehsal texnologiyasının tətbiqi ilə qlobal və regional səviyyədə rəqabətə davamlılığının təmini üçün yeni istehsal sahələrinin formalaşdırmasına, yerli xammallardan istifadə etməklə daxili bazarın tələbatını ödəmək, dünya bazarlarında yüksək mövqe tutmaq kimi vəzifələr perspektiv üçün nəzərdə tutulan amillərdir.
“Bu gün Azərbaycan dünya miqyasında seçilmiş ölkələrdəndir, ləyaqətli ölkədir, müstəqil siyasət aparan ölkədir. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır. Çünki əgər biz iqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik. Necə ki, indi biz bəzi ölkələri görürük. Əgər özü-özünü təmin edə bilmirsə, bunun başqa yolu yoxdur, gərək başqasının iradəsi ilə hərəkət etsin” söyləyən Prezident İlham Əliyev ölkə iqtisadiyyatının müstəqilliyini təmin edən islahatları, Azərbaycanın inkişafını sürətləndirən praqmatik düşüncələri, uzaqgörən siyasəti ilə də diqqət çəkir.
Hazırda Azərbaycan iqtisadiyyatının vəziyyəti dinamik və müsbətdir. Düşünülmüş siyasətin nəticəsidir ki, hətta maliyyə böhranı illərində də Azərbaycan iqtisadiyyatı inkişaf edir. Ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı artır. İqtisadiyyatın dayanıqlılığını, respublikamızdakı siyasi sabitliyi nəzərə alan xarici investorların ölkəmizə cəlbi ilə bağlı heç bir problem yoxdur və bu şəraitdə qeyri-neft sektorunun inkişafı ən mühüm amillərdəndir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına güzəştli kredit verilir, sahibkarların sərbəst fəaliyyəti üçün hüquqi baza təkmilləşdirilir, özəl sektorda lazımsız yoxlamaların sayı azaldılır.
Məqsəd iş adamlarının ilk növbədə Azərbaycana sərmayə qoymalarını təmin etmək, qeyri-neft sektorunu inkişaf etdirməklə idxaldan asılılığı minimuma endirməkdir. İri fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün lazımi şəraitin yaradılması daxili bazarı yerli məhsullarla təmin etməklə, Azərbaycan brendli, ekoloji cəhətdən təmiz, rəqabətə davamlı məhsulların xarici bazarlara ixracını artırmaqdır. Gəlirli sahə kimi tikinti sektorunda inşaat işlərinin sürətləndirilməsi də aktual məsələlərdəndir. Sosial evlərin tikilməsi ilə bu sahədə müəyyən canlanmanın yaranması qarşıdakı illərdə daha böyük həcmdə evlərin tikiləcəyinə inamı artırır.
Son illərdə ölkədə 70 mindən artıq özəl müəssisə yaradılmış, sosial məsuliyyət olan əhalinin işlə təminatı istiqamətində önəmli islahatlar aparılmış, sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilmişdir. Prezident İlham Əliyevin iş adamlarına diqqətinin nəticəsidir ki, sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılmış, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilmiş, dövlət rüsumunun məbləği paytaxtda 2, regionlarda isə 4 dəfə azaldılmışdır. Lisenziyaların “ASAN xidmət” mərkəzlərində verilməsi ilə iş adamlarını narahat edən süründürməçilik halları aradan qaldırılmışdır.
Ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 7, 87 milyard, idxalın həcmi 4, 05, ixracın həcmi isə 3, 82 milyard dollar olmuş, Azərbaycan 163 ölkə ilə ticarət sahəsində qarşılıqlı əməkdaşlıq etmişdir.
“Doinq Business-2017” hesabatında ölkəmizin 65-ci pillədə qərarlaşması aparılan islahatların məntiqi nəticəsidir. Hesabatda qeyd olunduğu kimi Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biridir. “Xarici ticarətin aparılması” göstəricisinə görə də fərqlənən ölkəmizin islahatlar ölkəsi kimi tanınması, iqtisadi böhrandan qorunmaq üçün əlavə təsir imkanlarının tətbiqi sahəsində düşünülmüş siyasət aparılması dünya iqtisadi birliyində mövqeyimizi möhkəmləndirir. Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır.
Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla vergi sisteminin əsaslı surətdə yenilənməsi, biznesdə vergi proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması, qeyri-neft məhsullarının istehsalı və ixracının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması başlıca vəzifə kimi nəzərdə tutulur. Özəl sektorun ÜDM-də payının artması, yeni istehsal sahələrinin yaradılması xarici bazarlara çıxmaq imkanlarını genişləndirir. Prezident İlham Əliyevin imzaladığı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” haqqındakı Fərman dünyada geniş yayılan mütərəqqi təcrübənin ölkəmizdə tətbiqinə geniş imkan yaradır. Bu yeniliyin tətbiqi ilə Azərbaycanın yerli məhsullarının təbliği istiqamətində dəyərli uğurlara nail olunacaq. Sərgilərdə “Made in Azerbaijan” brendi ilə nümayiş etdirilən məhsullarımız dünya bazarlarında tanınır və ehtiyac duyulur.
Qeyri-neft məhsullarının dünya bazarlarına yol açması üçün müxtəlif beynəlxalq sərgilərdə böyük maraq doğuran Azərbaycan məhsullarının bilavasitə bir mənbədən təbliği üçün də kompleks işlər görülür. Çünki ixrac qabiliyyətli məhsulları özündə birləşdirən “Made in Azerbaijan”ın xətti ilə insanlar üçün həyati təhlükəli, geni dəyişdirilmiş məhsullardan fərqli olaraq ekoloji cəhətdən təmiz, daha keyfiyyətli yerli məhsullarımız xarici bazarlara çıxarılır.
Bunun üçün dövlət tərəfindən lazımi imkanlar yaradılır, xarici ölkələrdə patent və sertifikat alınması, ixracla əlaqəli əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün çəkilən xərclərin dövlət tərəfindən ödənilən hissəsinin mexanizmi tənzimlənir.
Hazırda ölkəmizdə “AzNar” zavodunda istehsal olunan məhsullar ABŞ, Polşa, Kanada, Almaniya, Avstraliya, İsrail, Rusiya və başqa ölkələrə ixrac olunur. Qəbələdəki fındıq zavodunda emal olunmuş məhsullar İtaliya, İspaniya, Almaniya və digər MDB ölkələrinin bazarlarında ölkəmizi tanıdır. 700 milyon dollardan çox sərmayə ayrılan SOCAR-ın Polimer Kompleksinin (Sumqayıt Sənaye Parkı), 2018-ci ildə istifadəyə veriləcək azot gübrələri zavodu kimi iri müəssisələrin, Daşkəsəndə tikintisi nəzərdə tutulan metallurgiya kompleksinin istismarı ilə ölkəmizin xarici ticarət əlaqələri daha da genişlənəcək. “Made in Azerbaijan” brendinin qarşıdakı illərdəki hədəfi Yaxın Şərq, Körfəz ölkələri, Asiya və Çindir.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır