23 iyun 2017 22:59
875

Azərbaycan müasir və dünyaya açıq olan dövlətdir

Multikulturalizm təcrübəsi  dünya dövlətləri tərəfindən öyrənilən Azərbaycan həm də tolerantlıq nümunəsidir. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma məkanına çevirdi.  Azərbaycan indi dünyanın elə nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar.

Dünya dini liderlərinin iştirakı ilə Bakıda keçirilən sammitlərdə, Beynəlxalq Humanitar forumlarda, Azərbaycanın tolerantlıq təcrübəsi ilə bağlı ürəkaçan fikirlər səsləndirilir, azərbaycanlıların qonaqpərvərliyi, başqa xalqların milli mənəvi dəyərlərinə sadiqliyi yüksək qiymətləndirilir.

 Ramazan ayı münasibətilə Qafqaz Müsəlmanları İdarəsində verilən, Prezident İlham Əliyevin də iştirak etdiyi iftar süfrəsində qeyd olundu ki, çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda milli adət-ənənələrə sadiqlik, ümumbəşəri dəyərlərə hörmət, dövlətin daxili və xarici siyasətinə sədaqət ölkəmizin müasirləşməsinə, modernləşməsinə xidmət edir. İftar mərasimində tolerantlıq və multikulturalizmin Azərbaycanın həyat tərzinə çevrilməsindən bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət-din münasibətlərinin tənzimlənməsində misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu ənənə yaşayır və yaşamalıdır. “Bu sahədə əldə edilmiş nailiyyətlərə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər. Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin... Bununla bərabər dövlət və din bir yerdədir. Çünki bizim amalımız birdir” söyləyən dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycana gələn xarici qonaqlar, o cümlədən dini liderlər təcrübəmizi öyrənir, maraqlanır, nümunə göstərirlər. Azərbaycanın təşəbbüsü ilə təşkil olunan humanitar, mədəniyyətlərarası dialoq və forumlarda Azərbaycan tərəfindən irəli sürülən, birgəyaşayış qaydalarına əsaslanan sabit həyat tərzi ilə bağlı təşəbbüslər dəstəklənir, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

 Əsas odur ki, belə tədbirlərdə dinlərarası münasibətlər bu proseslər çərçivəsində öz həllini tapır. Milli sərvətimizin ayrılmaz tərkib hissəsi olan İslami dəyərlərə hörmət və etimad tolerantlıq nümunəsidir.

“Bununla bərabər, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir. Azərbaycanda radikalizm, fundamentalizm yoxdur, daxildə hər hansı təhlükə mənbəyi yoxdur” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, radikalizmə, terrorizmə savadlılıq səviyyəsi aşağı olan,  sosial ədalət qanunları pozulan ölkələrdə daha çox rast gəlinir.

 İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycan İslam aləminin ayrılmaz parçası,  Avropa Şurasına daxil olan ölkə kimi bəşəri dəyərlərə sadiqliyi ilə seçilir. İlk Avropa Oyunlarının standartlarının Azərbaycanda yazılması, ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bu etimada parlaq nümunədir. “Bu il ölkəmiz İslam Həmrəyliyi Oyunlarında böyük uğurlar qazanıb, komanda hesabında birinci yerə layiq görülüb. Bu, böyük qələbədir. Ondan iki il əvvəl keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında bütün Avropa ölkələri arasında ikinci yerə layiq görülmüşdür” söyləyən dövlət başçımız bu nailiyyəti dövlətimizin artan nüfuzu, xarici siyasətimizin uğuru kimi dəyərləndirir. Həqiqətən də dünya miqyasında mövqeyi möhkəmlənənn ölkəmizlə  əməkdaşlıq etmək istəyənlərin sırası genişlənməkdədir. “Biz bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında münasibətlər qura bilmişik. Avropa ölkələri ilə, müsəlman ölkələri ilə və digər ölkələrlə biz çox gözəl münasibətlər qura bilmişik. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafında, - bu gün mən tam qətiyyətlə bunu deyirəm, - əvəzolunmaz rol oynayır və bundan sonra da biz bu rolu oynayacağıq. Bu, bir növ bizim məsuliyyətimizdir, eyni zamanda, bu bizə lazımdır. Biz istəyirik ki, Azərbaycanda dinlərarası münasibətlər həmişə indiki kimi olsun. Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri həmişə bir ailə kimi yaşasın, necə ki, bu gün yaşayırlar.” Cənab İlham Əliyev bu sözləri ilə bir daha diqqətə çatdırır ki, öz xalqına, dininə hörmət başqa dinə, xalqa olan ehtiramdan başlayır.

Ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarında məscidlərin dağıdılmasına baxmayaraq, Bakıda erməni kilsəsi, sinaqoqlar bərpa və təmir edilib.

Azərbaycanda tolerantlıq və multikulturalizm təcrübəsinin təbliğinə daim ehtiyac duyulduğunu bildirən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bu cür mərasimləri dinlərarası dialoq kimi dəyərləndirdilər. Papa Fransiskin Azərbaycana səfəri çərçivəsində Heydər məscidində keçirilən dinlərarası görüş tolerantlığın Azərbaycan nümunəsi kimi dəyərləndirildi. Bildirildi ki,  dinlərarası münasibətlərin Azərbaycan örnəyi başqa ölkələr üçün nümunə ola bilər. Katoliklər, yəhudilər, xristianlar məbədlərində dini ayinlərini sərbəst yerinə yetirir. Buna görədir ki, əcnəbilər Azərbaycanın sülh vadisi olmasına və onun xarici ölkələr üçün nümunə ola bilməsinə heyrandırlar. Roma Papasının səfəri Müqəddəs Taxt-Tacın Azərbaycana olan münasibətinin təzahürüdür. Azərbaycan ilk müsəlman ölkəsidir ki, Roma Papası bu respublikaya səfər edibdir. Səfər zamanı onun bəyanatları Azərbaycanda dinlərarası münasibətlərə verilən yüksək qiymət kimi diqqət çəkdi.

Çünki Roma Papası ilə həmin görüşdə ölkəmizdə fəaliyyət göstərən dini icma rəhbərlərinin iştirakı Azərbaycan tolerantlığının dünyaya göndərilən növbəti mesajı, dinlərarası münasibətlərin həlli üçün göstərilən fədakarlığın nümunəsi idi. Milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı adını daşıyan insanların dini bayramlarında, mərasimlərində bütün dini icmalar fəal iştirak edirlər. Birlik və həmrəylik nümunəsi olan xristian-Azərbaycan icmalarının birgə fəaliyyəti dünya miqyasında nadir təcrübədir və bu tolerantlığın müəllifi Azərbaycandır.

Xuraman İsmayılqızı, “İki sahil”