Dövlətlərin müstəqilliyi üçün ən böyük təhlükə olan ikili standartlar güclünün gücsüz üzərində hakimliyi olmaqla beynəlxalq hüquq normalarını, ədaləti belə “gücsüzləşdirir.” Bu qorxulu tendensiyaya qarşı barışmaz münasibətini “Dəfələrlə bu barədə fikirlərimi müxtəlif beynəlxalq kürsülərdən ifadə etmişəm.
Dünyada beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara məhəl qoyulmur, münaqişələr uzun illər həll edilmir, çünki “ikili standartlar” siyasəti mövcuddur” sözləri ilə ifadə edən Prezident İlham Əliyev vurğulayır ki, bir çox dövlətlərdə baş verən inqilablar, dövlət çevrilişləri belə zərərli tendensiyalardan qaynaqlanır. Geosiyasi maraq, mənafe və intriqaları təmin etmək üçün tətbiq edilən, bəla kimi dünya dövlətlərini zəiflədən ikili standartların manipulyasiya, təzyiq vasitəsinə, ən qorxulusu isə beynəlxalq normaya çevrilməsi adi hal alıb. Bu vəziyyəti təsdiqləyən nümunələr isə istənilən qədərdir.
Özünün daxili və xarici siyasətini milli maraqlar və dövlətçilik mənafeyi naminə müəyyənləşdirən Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda da sözü eşidilən və dünya hadisələrinə təsir imkanları artan ölkə olduğunu çoxdan təsdiqləyib. Müəyyən qurumlara inteqrasiya məsələsində də Prezident İlham Əliyevin münasibəti birmənalıdır. “Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop”” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik.”
Bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq prinsipinə sadiq qalan Azərbaycan Avropa ölkələri, qitədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla münasibətlərini bu prinsiplər əsasında davam etdirir. Avropa İttifaqına üzv olan ölkələrlə strateji tərəfdaş olan Azərbaycanın Avropa Şurasında da mövqeləri möhkəmlənir.
Qitə dövlətlərinin enerji təhlükəsizliyində xüsusi rolu olan Azərbaycanla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artması da təbiidir.
Başqalarının daxili işlərinə müdaxiləni yolverilməz hesab edən Azərbaycan ölkəmizə qarşı da belə münasibətin saxlanılmasında israrlıdır. Respublikamıza qarşı hər hansı ədalətsizlik, ikili yanaşma hallarına qarşı etirazını, barışmaz mövqeyini rəsmi olaraq bildirən Azərbaycan milli maraqlarımıza, müstəqilliyimizə xələl gətirən halları yolverilməz hesab edir.
Ölkəmizə qarşı tətbiq olunan ikili standartların əsas səbəbi ermənipərəst dairələrin Azərbaycanın iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurlara qısqanclığıdır. Cənubi Qafqazın qüdrətli dövləti olmaqla regionda və dünyada nüfuzu artan, sivilizasiyalararası dialoq məkanı kimi maraq doğuran, beynəlxalq konfrans və forumlara ev sahibliyi etməklə dünya siyasətinin aktual problemlərinin müzakirə olunduğu mərkəzə çevrilən Azərbaycanın qazandığı nüfuz ermənipərəst dairələri narahat edir. Uğurlarımıza həmişə qısqanclıqla yanaşan Avropa Parlamentinin (AP) qərəzli münasibəti qurumda qeyri-obyektiv şəraitdə qəbul olunan əsassız qətnamələrlə də bəlli olur. “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycana qarşı əsassız qətnamə qəbul edən Avropa Parlamenti birinci Avropa Oyunları zamanı da düşmən mövqeyini bildirməkdən çəkinmədi. Sadiq qaldığı antiAzərbaycan təxribatlarını gücləndirməklə ermənipərəst mövqeyini ortaya qoydu.
Antiazərbaycan dairələrin mövqeyini müdafiə edən, fəaliyyətini erməni lobbisinin maraqlarına uyğun formalaşdıran AP-i ənənəsinə sadiq qalaraq bir daha “dəst- xəttini” göstərdi. Azərbaycan ərazisinə nəzarət-buraxılış məntəqəsindən deyil, qeyri-qanuni yolla keçməyə cəhd edərkən saxlanılan Əfqan Muxtarlının “hüquqlarını” qoruyan AP nədənsə sərhədləri pozulan Azərbaycanın konstitusion hüquqlarını xatırlamaq istəmir. Gürcüstan Azərbaycan sərhədimizi qanunsuz keçdikdən sonra qaçmağa cəhd edən Əfqan Muxtarlı sərhədçilərin xəbərdarlığına əhəmiyyət verməyərək onlara həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmiş, müqavimət göstərmişdir. Avropalı deputatlar gözəl bilirlər ki, heç bir ölkədə sərhədləri qanunsuz pozanlara qucaq açıb, “xoş gəldin” demirlər. Müstəqil dövlət olan Azərbaycanın sərhədləri də ölkə qanunları çərçivəsində qorunur və toxunulmazdır.
AP-da əyləşən ermənipərəst dairələr bilməlidirlər ki, bütün dövlətlər kimi, Azərbaycanın da sərhədləri müqəddəsdir və ölkəmizin təhlükəsizliyi qanunvericiliyin tələblərinə uyğun qorunur. Belə ki, sərhədlərimizi pozmağa cəhd edənlərə qarşı qanunlara uyğun tədbirlər görülür. Əfqan Muxtarlının sərhədçilərimiz tərəfindən saxlanılması və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsini siyasiləşdirən Avropa Parlamentinə Azərbaycan ərazisi olan Dağlıq Qarabağa səfər edən lapşinlər haqqında qətnamə qəbul etmələrini məsləhət görərdik. Onların Ermənistanın təcavüzkarlıq siyasətindən əziyyət çəkən, ən adi yaşayış hüquqları belə pozulan bir milyondan artıq soydaşımızın taleyi ilə maraqlanmaları daha məqsədəuyğun olardı.
Bu kimi hallara etirazını bildirən, dəfələrlə ədalətsizliklə üzləşən Azərbaycan parlamenti obyektivlikdən uzaq, əsassız qətnamələr qəbul edən AP və Avronestlə əməkdaşlıq əlaqələrinin dayandırılması barədə qərar qəbul etdi. “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar layihəsi müzakirə olundu. Qarşılıqlı münasibətlərə xələl gətirəcək halların baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi qeyd olundu. Ölkəmizin qitə dövlətləri üçün əhəmiyyətini dərk edən AP-nin nümayəndələri respublikamıza səfərləri zamanı etiraf etdilər ki, Azərbaycana qarşı ədalətsizlik göstərilib.
Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələ üzrə inkişafının hər iki tərəf üçün zəruri olduğu bir zamanda ermənilərin təhriki ilə AP-nin ölkəmizə qarşı belə qərəzli münasibəti yolverilməzdir. Avropa Parlamentinin ikili siyasəti, hüquqi əsası olmayan münasibəti göz qabağındadır. Bir nəfərin “hüquqlarının pozulduğu” üçün narahat olan “qətnamə müəlliflərinə” Avropanın ən böyük dövlətlərindən olan Almaniyada yandırılan məscidləri, türklərə qarşı neofazist münasibəti, getdikcə artan işsizlər ordusunu, kriminogen vəziyyəti, korrupsioner qrupları xatırlatmaq yerinə düşər. Türklərə nifrət etdiyini gizlətməyən, nəticədə 77 insanı qətlə yetirən Anders Breyvikin çox humanist tərzdə davam etdirilən məhkəmə prosesi ilə müqayisədə adi yol qaydalarına riayət etməyən müsəlmanlara qarşı amansız rəftarı qanuniləşdirən də avropalı parlamentarilərdir.
Avropaya inteqrasiya etməklə qitə dövlətləri ilə əməkdaşlığını davam etdirən Azərbaycana qarşı belə münasibət beynəlxalq qanunlara, strateji əməkdaşlıq prinsiplərinə ziddir və təəssüf doğurur.
Xuraman İsmayılqızı, “İki sahil”
Çıxış Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığının perspektivləri haqqında zəmanət oldu
Xankəndidə Böyük Qayıdışın yeni mərhələsi: doğma yurdda həyat yenidən canlanır