Rusiya taxılın Qara dəniz vasitəsilə təhlükəsiz daşınmasını təmin etmək üçün müxtəlif təklifləri nəzərdən keçirir, bu məsələ ilə bağlı Türkiyə və digər ölkələrlə danışıqları davam etdirir. Bununla belə, Moskva “taxıl sazişi”nin yenidən bərpa olunacağına ümid etmir.
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Alimov “İnterfaks” agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskva müxtəlif ölkələrdən daxil olan təklifləri araşdırır və taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı maraqlı tərəflərlə müzakirələri davam etdirir.
O bildirib ki, Qara dəniz taxıl təşəbbüsünün bərpası məsələsi Birləşmiş Millətlər Təşkilatında da müzakirə olunur. Bununla belə, Rusiya tərəfi sazişin yenidən qüvvəyə minməsi ilə bağlı təklif olunan variantlarla razılaşmır.
A.Alimov vurğulayıb ki, Moskva əvvəlki təşəbbüsü uğursuz hesab edir. Onun fikrincə, BMT Rusiyanın gübrə və kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı öhdəliklərinin yerinə yetirilməsini təmin edə bilməyib.
“Taxıl sazişi”ni hər hansı formada bərpa etmək üçün imkan görmürük”, – deyə diplomat fikrini yekunlaşdırıb.