Avropa İttifaqı (Aİ) Şurası İŞİD (DAEŞ) və “Əl-Qaidə” terror təşkilatlarına, habelə onlarla əlaqəli şəxslər, qruplar, müəssisələr və qurumlara qarşı sanksiyaların müddətini daha bir il - 2027-ci il oktyabrın 31-dək uzadıb.
“İki sahil” xəbər verir ki, Şuranın məlumatında hazırda qüvvədə olan sanksiyalar siyahısına 15 fiziki şəxsin və 8 qrupun daxil olduğu bildirilib. Siyahıya daxil edilənlərin hamısının aktivləri dondurulur, fiziki şəxslərə isə Aİ-yə səfər qadağası tətbiq olunur. Bundan əlavə, Aİ-nin fiziki və hüquqi şəxslərinə siyahıda olan şəxslərin və qrupların sərəncamına birbaşa və ya dolayı yolla vəsait, maliyyə aktivləri və ya iqtisadi resurslar vermək qadağan edilib.
Bu sanksiyalar BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə”yə qarşı tətbiq etdiyi sanksiyaları tamamlayır.
Qeyd edək ki, Aİ-nin terrorçuluqla mübarizə çərçivəsində tətbiq etdiyi sanksiyalar siyahısında ümumilikdə 13 fiziki şəxs, 23 qrup və qurum var. Siyahıya terror aktlarında iştirak edən, onları maliyyələşdirən və ya bu fəaliyyətlərə dəstək verən şəxslər və təşkilatlar daxildir. Bu mexanizm 2001-ci il sentyabrın 11-də ABŞ-də terror hücumlarından sonra həmin ilin dekabrında yaradılıb və BMT Təhlükəsizlik Şurasının 1373 saylı qətnaməsinin icrasına xidmət edir.