13 oktyabr 2026 15:49
117

Azərbaycan-Kamboca: etibarlı siyasi tərəfdaşlıqdan çoxşaxəli iqtisadi əməkdaşlığa

Müasir beynəlxalq münasibətlər sistemində müxtəlif regionları təmsil edən dövlətlər arasında əlaqələrin genişləndirilməsi qarşılıqlı maraqların uzlaşdırılması və yeni tərəfdaşlıq imkanlarının yaradılması baxımından xüsusi önəm kəsb edir. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri çərçivəsində aparılan müzakirələr tərəflərin mövcud əlaqələri genişləndirmək, qarşılıqlı maraq doğuran sahələrdə konkret nəticələr əldə etmək niyyətini ortaya qoyur. Azərbaycan–Kamboca münasibətlərinin inkişafı üçün siyasi iradə ilə yanaşı, iqtisadi və institusional əməkdaşlığın gücləndirilməsi də vacibdir.

Prezident İlham Əliyevin mətbuata bəyanatında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla yanaşı, ikitərəfli təmasların intensivləşdirilməsi də diqqət mərkəzində oldu. BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində formalaşmış siyasi əlaqələr ölkələr arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, beynəlxalq məsələlərdə fikir mübadiləsinin aparılmasına və ortaq maraqların müdafiəsinə şərait yaradır. Parlamentlərarası münasibətlər də bu əməkdaşlığın mühüm tərkib hissəsidir. Kambocanın Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsinə verdiyi dəstək ölkəmizin Cənub-Şərqi Asiya ilə əlaqələrinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Siyasi təmasların inkişafı gələcəkdə digər sahələrdə də əməkdaşlığın dərinləşməsi üçün əlverişli zəmin yaradır.

İqtisadi əlaqələrin dərinləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Coğrafi məsafə müasir dövrdə iqtisadi əməkdaşlıq üçün həlledici maneə deyil, əsas məsələ qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi və biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasıdır. Ticarət və investisiya sahələrində praktiki məsələləri araşdırmaq məqsədilə birgə işçi qrupunun yaradılması, eləcə də biznes forumunun keçirilməsi bu istiqamətdə atılan konkret addımlardır. Sahibkarların qarşılıqlı bazar imkanları ilə tanış olması, potensial tərəfdaşların müəyyənləşdirilməsi və birgə layihələrin hazırlanması ticarət dövriyyəsinin artmasına kömək edəcəkdir. Sənaye sahələrində birgə istehsal müəssisələrinin yaradılması, turizm və nəqliyyat əlaqələrinin inkişafı da hər iki ölkənin iqtisadi maraqlarına uyğun yeni əməkdaşlıq istiqamətləri kimi çıxış edir.

Bununla yanaşı, humanitar əlaqələrin inkişafı da uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsi üçün əhəmiyyətlidir. Sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında mövcud olan tarixi əlaqələrin göstəricisidir. Bu ənənənin bərpası, qarşılıqlı təhsil imkanlarının genişləndirilməsi və tələbə mübadiləsinin təşviqi gənclər arasında ünsiyyətin artmasına, xalqlarımızın mədəniyyət və dəyərlərinin daha yaxından tanınmasına şərait yaradacaqdır. Vətəndaş məmnunluğuna əsaslanan xidmət modelinin təcrübəsinin bölüşülməsi, rəqəmsal həllərin tətbiqi və dövlət xidmətlərinin səmərəliliyinin artırılması istiqamətində bilik mübadiləsi ikitərəfli münasibətlərin praktiki məzmununu zənginləşdirə bilər. Dövlət başçısının qeyd etdiyi kimi, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur: “Bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir. Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər”.

İki ölkəni birləşdirən digər istiqamət mina təhlükəsinə qarşı mübarizədir. Həm Azərbaycan, həm də Kamboca mina probleminin ağır nəticələri ilə üzləşib və bu təhlükə insanların həyatına, sağlamlığına, eləcə də ərazilərin təhlükəsiz istifadəsinə ciddi təsir göstərib. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra mina partlayışları nəticəsində 400-dən çox insanın həlak olması və ya xəsarət alması problemin humanitar miqyasını sübut edir. Bu baxımdan, təcrübə və bilik mübadiləsi, mütəxəssislərin hazırlanması, təlimlərin keçirilməsi və mina təhlükəsi barədə məlumatlandırma sahəsində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Belə təşəbbüslər insanların təhlükəsizliyinin təmin olunmasına və mina təhlükəsinin nəticələrinin azaldılmasına töhfə verə bilər. Prezident İlham Əliyevin sülh və təhlükəsizliyin beynəlxalq hüquq normaları, suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında təmin edilməsinə dair mövqeyi də bu məsələlərin həllində beynəlxalq hüququn əsas götürülməsinin vacibliyini ifadə edir.

Nəticə etibarilə, Azərbaycan-Kamboca münasibətlərinin gələcək inkişafı siyasi əlaqələrin konkret iqtisadi və humanitar təşəbbüslərlə möhkəmləndirilməsindən asılıdır. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri çərçivəsində müzakirə olunan məsələlər və əldə olunan razılaşmalar iki ölkənin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığını genişləndirmək üçün yeni imkanlar yaradır. Bu imkanların reallaşdırılması üçün dövlət qurumları, sahibkarlar, təhsil müəssisələri və digər tərəfdaşlar arasında əlaqələrin davamlı xarakter alması vacibdir. İkitərəfli təmasların intensivləşdirilməsi, birgə layihələrin hazırlanması və mövcud razılaşmaların ardıcıl icrası Azərbaycan ilə Kamboca arasında əməkdaşlığın daha səmərəli və davamlı inkişafına şərait yaradacaqdır.

Asif Əsgərov,
Milli Məclisin deputatı