Azərbaycanın tarixən formalaşmış tolerantlıq ənənələri, müxtəlif mədəniyyətlərə və dini inanclara hörmət mühiti mühüm xüsusiyyətlərindəndir. Milli dəyərlərin qorunması cəmiyyətin mənəvi dayaqlarını möhkəmləndirdiyi kimi, dünyəvi dövlətçilik də bütün vətəndaşların qanun qarşısında bərabərliyini və dövlət institutlarının hüquqi əsaslarla fəaliyyətini təmin edir. Bu prinsipləri bir-birinə zidd mövqelər kimi təqdim etmək düzgün deyil. Əksinə, onların uzlaşdırılması sabit və sağlam ictimai münasibətlərin formalaşmasına xidmət edir. Bu yanaşmanın ən mühüm tətbiq sahələrindən biri təhsildir. Hər bir dövlətin gələcəyi yetişən nəslin hansı dəyərlər əsasında formalaşmasından, onun təhsil səviyyəsindən və cəmiyyət qarşısında məsuliyyətindən asılıdır. Bu baxımdan uşaqların savadlı, vətənpərvər, müstəqil düşüncəli və milli kimliyinə bağlı vətəndaşlar kimi yetişdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsinə də məhz bu geniş yanaşma çərçivəsində baxmaq lazımdır. Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqində ideoloji təhlükəsizlik məsələsini vurğulaması bu reallığın siyasi və ictimai əhəmiyyətini bir daha önə çıxarır. Müasir dünyada dövlətlərin qarşılaşdığı çağırışlar təkcə iqtisadi və hərbi sahələrlə məhdudlaşmır. İnformasiya məkanında təsir imkanlarının genişlənməsi, saxta məlumatların yayılması cəmiyyətin düşüncəsinə təsir göstərmək üçün yeni vasitələr yaradır. Belə şəraitdə gənclərin milli dəyərlərə bağlı, eyni zamanda müstəqil düşünən və məlumatları tənqidi qiymətləndirə bilən insanlar kimi yetişməsi xüsusi əhəmiyyət daşıyır. Prezident həmin çıxışında ideoloji təxribatlardan qorunmağın başlıca vasitələrindən biri kimi təhsili önə çəkərək bildirib: “Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”. Bu fikir müasir dövrün reallıqlarını dəqiq ifadə edir. Çünki məlumatın sürətlə yayıldığı, həqiqətlə yalanın bəzən qəsdən qarışdırıldığı bir şəraitdə insanı qoruyan əsas amillərdən biri onun biliyi, müstəqil düşünmək bacarığı və etibarlı məlumatı seçmək qabiliyyətidir. Milli kimliyinə sahib çıxan, tarixini bilən, hadisələrə tənqidi yanaşmağı bacaran gənc müxtəlif təsirlərin qarşısında daha dayanıqlı olur.
Məktəbdə yaradılan mühit şagirdlərin gələcəkdə yeni statusda cəmiyyətə inteqrasiyasına, fərqli düşüncələrə münasibətinə və vətəndaşlıq mövqeyinə təsir göstərir. Buna görə də təhsil müəssisələrində nizam-intizamın qorunması, bərabər münasibətin təmin edilməsi və sağlam mənəvi mühitin yaradılması vacibdir. Azərbaycanın dünyəvi dövlət modeli də məhz bu dəyərlərə hörmət, hüquq bərabərliyi və qanunun aliliyi prinsiplərinə əsaslanır. Dünyəvilik dini inancların inkarı deyil, dövlət idarəçiliyinin və ictimai münasibətlərin hüquqi normalar əsasında tənzimlənməsidir. Şagirdlərin vahid məktəbli geyimi ilə bağlı tələblər də bu ümumi yanaşmanın tərkib hissəsidir. Geyim qaydalarının məqsədi yalnız xarici görünüşü nizamlamaqdan ibarət deyil. Vahid forma şagirdlər arasında məktəb kollektivinə aidlik hissini gücləndirməyə və tədris mühitində ümumi qaydaların formalaşmasına kömək edir. 2026-cı ildə bu sahədə qəbul edilmiş normativ qərarlar vahid yanaşmanın hüquqi əsaslarını müəyyənləşdirib. Nazirlər Kabinetinin sentyabrın 21-də qəbul etdiyi qərarla təhsilalanların geyim formalarına dair tələblərə dəyişiklik edilib, oktyabrın 6-da qəbul olunmuş qərarla isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələblər təsdiqlənib.
Azərbaycanın dünyəvi dövlət modeli dini etiqad azadlığının inkarına deyil, onun hüquqi təminatına əsaslanır. Konstitusiyanın və dini etiqad azadlığına dair qanunvericiliyin müəyyən etdiyi çərçivədə hər bir insanın inancına hörmət göstərilməsi dövlətin mühüm vəzifələrindəndir. Bununla yanaşı, ümumi təhsil müəssisəsi uşaqların hər hansı dini və ya ideoloji təzyiq altında qalmadan bilik əldə etdiyi, öz dünyagörüşünü sərbəst inkişaf etdirdiyi məkan olmalıdır. Bu iki prinsip bir-birinə qarşı qoyulmamalıdır: insanın dini etiqad azadlığına hörmətlə yanaşmaq da, məktəbin dünyəvi xarakterini qorumaq da hüquqi dövlətin məsuliyyətidir. Nəticə etibarilə, təhsil sahəsində vahid qaydaların tətbiqi, milli-mənəvi irsin qorunması və dünyəvilik prinsipinə hörmət yeganə məqsədə - sağlam düşüncəli, savadlı, məsuliyyətli və vətənpərvər nəslin yetişdirilməsinə xidmət etməlidir. Dövlətçilik ənənələrinin davamlılığı da məhz bu dəyərlərin gündəlik həyatda, təhsil prosesində və ictimai münasibətlərdə möhkəmlənməsi ilə təmin olunur.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri