13 oktyabr 2026 14:53
83

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

İdeoloji təhlükəsizlikdən təhsilə: milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması Müasir dövrdə təhsil siyasəti yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Təhsil həm də milli kimliyin qorunması, vətəndaş məsuliyyətinin yüksəldilməsi, sosial bərabərliyin təşviqi və gələcək nəsillərin sağlam dünyagörüşünün formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu baxımdan təhsil müəssisələrində vahid yanaşmanın, intizamın və peşəkar davranış mədəniyyətinin təşviqi dövlətin təhsil siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ideoloji təhlükəsizlik məsələsinin müasir dövlətçilik konsepsiyasında yerini və əhəmiyyətini aydın şəkildə ortaya qoyur.

Dövlət başçısının ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu vurğulaması bir daha göstərir ki, müasir dövrdə dövlətin gücü yalnız hərbi və iqtisadi imkanlarla deyil, həm də cəmiyyətin intellektual səviyyəsi, milli-mənəvi dayaqları və ideoloji dayanıqlılığı ilə müəyyən olunur. Prezident İlham Əliyev qurultaydakı çıxışında qeyd etmişdir: İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir”. Bu fikirlər təhsilin yalnız sosial-iqtisadi inkişafın deyil, həm də milli təhlükəsizliyin və cəmiyyətin ideoloji dayanıqlılığının əsas sütunlarından biri olduğunu təsdiqləyir.

Bu gün Azərbaycan regionda yeni reallıqların formalaşmasına təsir göstərən, beynəlxalq gündəmin aktual məsələlərinin müzakirə olunduğu mühüm platformalardan biri kimi çıxış edən, sülh və təhlükəsizliklə bağlı təşəbbüslərdə iştirak edən dövlətdir. Böyük iqtisadi potensial, fəal xarici siyasət, milli maraqlara əsaslanan siyasi kurs, cəmiyyətimizdə mövcud olan birlik və həmrəylik ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dövlətçiliyimizin möhkəmlənməsində, milli birliyimizin güclənməsində və gələcək inkişafımız üçün etibarlı zəmin yaradılmasında tarixi mərhələ olmuşdur. Bu nailiyyətlər ölkəmizin qarşısında yeni imkanlarla yanaşı, milli maraqların qorunması və müstəqil inkişaf yolunun davam etdirilməsi ilə bağlı yeni vəzifələr də müəyyənləşdirir. Belə bir şəraitdə aktual məsələlərdən biri cəmiyyətimizin xaricdən qaynaqlanan informasiya və ideoloji risklərə qarşı dayanıqlılığının daha da gücləndirilməsidir. Müasir dünyada informasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş təsir imkanları, dezinformasiya və manipulyativ təbliğat vasitələri insanların düşüncəsinə və davranışlarına təsir göstərmək üçün yeni imkanlar yaradır. Bu təsirlər xüsusilə dünyagörüşü hələ formalaşmaqda olan uşaqlar və gənclər üçün müəyyən risklər doğura bilər. Bəzi xarici informasiya mənbələrində və rəqəmsal platformalarda yayılan məzmunun məqsədi yalnız məlumat vermək deyil, həm də ictimai rəyə təsir göstərmək, cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirmək və milli-mənəvi dəyərlərə münasibəti dəyişdirmək ola bilər. Buna görə də informasiya məkanında baş verən proseslərə diqqətlə yanaşmaq, məlumatların etibarlılığını qiymətləndirmək və gənclərdə tənqidi düşüncə qabiliyyətini inkişaf etdirmək mühüm əhəmiyyət daşıyır. Bu baxımdan təhsil, vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq cəmiyyətin ideoloji dayanıqlılığının əsas istiqamətləri kimi çıxış edir.

Təhsilli və savadlı insan informasiya mənbələrini müqayisə etmək, faktla manipulyasiyanı fərqləndirmək, müxtəlif fikirləri təhlil etmək və məsuliyyətli qərarlar qəbul etmək imkanına daha çox malik olur. Milli kimliyin qorunması ilə müasir düşüncə tərzinin inkişafı bir-birini tamamlamalıdır. Azərbaycançılıq ideologiyası, tarixi irsimizə hörmət, dövlət müstəqilliyinə sədaqət və milli-mənəvi dəyərlərə bağlılıq gənc nəslin formalaşmasında mühüm rol oynayır. Eyni zamanda, sağlam dünyagörüşü insanın fərqli fikirləri anlamaq, elmi biliklərə əsaslanmaq və cəmiyyət qarşısında məsuliyyətini dərk etmək bacarığını da əhatə edir. Azərbaycanın maarifçilik ənənələri bu baxımdan zəngin tarixi təcrübəyə malikdir. Ötən əsrin əvvəllərində görkəmli ziyalılarımız, mütəfəkkirlərimiz və maarifçilərimiz cəhalətə, xurafata və mövhumata qarşı mübarizə apararaq elmin, təhsilin və dünyəvi düşüncənin inkişafını cəmiyyətin tərəqqisinin əsas şərtlərindən biri hesab edirdilər. Onların irsi bu gün də öz aktuallığını qoruyur. Müasir təhsil sistemi həmin maarifçilik ənənələrini davam etdirərək uşaqlarda elmi dünyagörüşünün, müstəqil düşüncənin və məsuliyyətli vətəndaş mövqeyinin formalaşmasına xidmət etməlidir. Din amilindən siyasi və ideoloji məqsədlər üçün istifadə edilməsi də diqqət tələb edən məsələlərdəndir. Dini inancların manipulyasiya vasitəsinə çevrilməsi, radikal ideyaların yayılması, məzhəblərarası qarşıdurmaların təşviqi və uşaqların dünyagörüşünün tənqidi düşüncəni məhdudlaşdıran yanaşmalar əsasında formalaşdırılması cəmiyyət üçün risklər yarada bilər. Bu cür halların qarşısının alınması dini inanclara hörmətlə, qanunun aliliyinə və dünyəvi təhsil prinsiplərinə riayət edilməklə həyata keçirilməlidir.

Azərbaycanın dünyəvi dövlət quruluşu, milli-mənəvi dəyərləri və tarixi təcrübəsi ictimai münasibətlərdə qarşılıqlı hörmətin, dini dözümlülüyün və müxtəlif inanclara mənsub insanların birgəyaşayışının qorunmasını tələb edir. Buna görə də dini maarifləndirmə, elmi biliklərin təşviqi və radikal ideologiyaların mahiyyətinin izah edilməsi xüsusilə gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət daşıyır. Təəsüf ki,bu gün xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Bu mərkəzlər din amilindən silah kimi istifadə edərək ölkəmizi inkişaf və tərəqqi yolundan geri döndərməyi, burada bəzi Yaxın Şərq ölkələrinin teokratik idarəetmə modelini tətbiq etməyi qarşılarına məqsəd qoyublar. Bəzi qonşu ölkələrdə baş örtüsü (hicab) məsələsi süni şəkildə qabardılaraq “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə qarşı həyata keçirilən kampaniyanın başlıca aktorları da bu mərkəzlər və onların idarə etdiyi resurslardır. Bu məsələlərə münasibətdə emosional çağırışlardan və yanlış məlumatlardan deyil, Azərbaycan Respublikasının qanunvericiliyindən, təhsil siyasətinin məqsədlərindən və uşaqların hüquqlarının qorunması prinsipindən çıxış etmək vacibdir. Prezident İlham Əliyevin qurultaydakı çıxışında vurğulanan ideoloji təhlükəsizlik məsələsi məhz belə hallarda informasiya savadlılığının, milli həmrəyliyin və müstəqil düşüncənin əhəmiyyətini ön plana çıxarır. Dövlət başçısının ifadə etdiyi əsas yanaşma Azərbaycanın müstəqilliyinin qorunması, milli birliyin möhkəmləndirilməsi və ölkəmizin öz inkişaf yolunu sərbəst müəyyən etmək imkanlarının müdafiəsi ilə bağlıdır. Bu kontekstdə təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Məktəb şagirdlərə yalnız fənn bilikləri verməməli, eyni zamanda onlarda vətənə bağlılıq, dövlətçilik düşüncəsi, hüquq və vəzifələrə hörmət, informasiya savadlılığı və ictimai məsuliyyət formalaşdırmalıdır.

Təhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi də ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətli istiqamətlərdən biridir. Məktəb yalnız biliklərin mənimsənildiyi məkan deyil, həm də uşaqların sosial münasibətlər qurduğu, kollektivdə davranış qaydalarını öyrəndiyi və şəxsiyyət kimi formalaşdığı ictimai mühitdir. Vahid məktəbli forması şagirdlər arasında geyimə görə yaranan müqayisələri və sosial fərqlərin zahiri ifadəsini müəyyən qədər azaltmağa, məktəb kollektivinə mənsubiyyət hissini gücləndirməyə kömək edə bilər. Ailələrin maddi imkanları fərqli olsa da, hər bir uşağın məktəbdə bərabər hüquqlara və inkişaf imkanlarına malik olması əsas prinsip kimi qorunmalıdır. Uşağın dəyəri onun geyiminin qiyməti, dəbə uyğunluğu və ya xarici görünüşü ilə deyil, biliyi, bacarığı, zəhməti, davranışı və mənəvi keyfiyyətləri ilə ölçülməlidir. Vahid məktəbli geyimi diqqətin xarici görünüşdən təhsilə və şəxsi inkişafa yönəldilməsinə şərait yaradan vasitələrdən biridir. Bu yanaşmanın sosial əhəmiyyəti xüsusilə ona görə böyükdür ki, məktəb yaşlarında uşaqların özünəinamı və kollektivə uyğunlaşması həssas xarakter daşıyır. Geyimə görə lağ etmə, maddi imkanlara əsaslanan müqayisələr və ayrı-seçkilik uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Vahid forma bu risklərin müəyyən hissəsini azalda bilsə də, sağlam məktəb mühitinin yaradılması müəllimlərin, valideynlərin və məktəb rəhbərliyinin birgə fəaliyyətini tələb edir. Təhsil müəssisələrində vahid yanaşma yalnız şagirdlərə aid tələblərlə məhdudlaşmır. Müəllimlərin peşəkar davranışı, ünsiyyət mədəniyyəti və xarici görünüşü də məktəbin ümumi təşkilati mühitinə təsir göstərən amillərdəndir.

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına, təhsil mühitində peşəkarlıq və qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir. Müəllim məktəbdə yalnız bilik ötürən şəxs deyil, həm də şagirdlər üçün davranış, ünsiyyət və məsuliyyət nümunəsidir. Onun peşəkar görünüşü, səliqəsi, şagirdlərlə münasibəti və pedaqoji etikaya riayət etməsi məktəb mühitinin formalaşmasında əhəmiyyətli rol oynayır. İşgüzar geyim üslubu müəllimin peşə statusunu və təhsil müəssisəsinin nümayəndəsi olduğunu ifadə edən amillərdən biridir. Bu yanaşma məktəbdə ümumi təşkilati mədəniyyətin güclənməsinə, müəllim kollektivində həmrəyliyin və məsuliyyət hissinin artmasına töhfə verə bilər. Lakin müəllimin peşəkarlığı yalnız geyimlə ölçülmür. Onun əsas göstəriciləri dərin biliyi, pedaqoji bacarığı, ədalətli münasibəti, şagirdlərin fərdi xüsusiyyətlərinə hörmətlə yanaşması və təlim prosesini səmərəli təşkil etməsidir. Geyim tələbləri də məhz bu peşəkar mühiti dəstəkləyən, müəllimin gündəlik fəaliyyətinə mane olmayan və təhsil prosesinin xüsusiyyətlərini nəzərə alan çərçivədə tətbiq edilməlidir.

Şagirdlərdən məktəbli formasına riayət etməyi tələb edən təhsil müəssisələrində müəllimlərin də işgüzar geyim mədəniyyətinə əməl etməsi vahid yanaşma və nümunəvilik baxımından məntiqli prinsipdir. Bu, məktəbdə qaydalara hörmətin yalnız tələb deyil, həm də şəxsi davranışla nümayiş etdirilən dəyər olduğunu göstərir. Məktəbdə nizam-intizam təhsilin keyfiyyətinə və tədris prosesinin səmərəliliyinə təsir göstərən mühüm amillərdən biridir. Aydın qaydalar, qarşılıqlı hörmət, məsuliyyət bölgüsü və vahid təşkilati yanaşma həm şagirdlərin, həm də müəllimlərin fəaliyyətini daha sistemli şəkildə təşkil etməyə kömək edir. Bununla belə, məktəbdə intizamın mahiyyəti yalnız zahiri qaydalara əməl etməkdən ibarət deyil. Əsl intizam şagirdin məsuliyyət hissi, müəllimin peşəkar mövqeyi, valideynin əməkdaşlığı və məktəb rəhbərliyinin ədalətli idarəçiliyi əsasında formalaşır. Məktəbdaxili qaydalar bütün şagirdlərə və valideynlərə aydın şəkildə izah edilməli, onların tətbiqində ardıcıllıq və obyektivlik qorunmalıdır. Hər bir uşağın hüquqlarına, ləyaqətinə və fərdi xüsusiyyətlərinə hörmətlə yanaşılması sağlam təhsil mühitinin əsas şərtlərindəndir.

Dövlət ümumi təhsil müəssisələrində geyimlə bağlı tələblərin müəyyənləşdirilməsi təhsil sahəsində vahid təşkilati yanaşmanın formalaşdırılması baxımından əhəmiyyətlidir. Belə qaydaların hüquqi əsaslara söykənməsi, məqsədinin aydın müəyyənləşdirilməsi və tətbiq mexanizmlərinin şəffaf olması onların səmərəliliyini artırır. Beynəlxalq təcrübə də göstərir ki, məktəblərdə geyim qaydalarının məqsədi və tətbiq forması ölkələrin hüquqi sistemi, təhsil ənənələri və ictimai ehtiyacları ilə əlaqəlidir. Buna görə də Azərbaycanda belə yanaşmaların həyata keçirilməsində milli təhsil sisteminin xüsusiyyətləri, cəmiyyətin dəyərləri və hüquqi çərçivə əsas götürülməlidir. Güclü dövlətin gələcəyi savadlı, sağlam düşüncəli, milli dəyərlərinə bağlı və müasir dünyanın çağırışlarına hazır vətəndaşlardan asılıdır. Bu vətəndaşların yetişdirildiyi əsas məkan isə ailə ilə yanaşı, məktəbdir. Buna görə də təhsil müəssisələrində vahid yanaşmanın, peşəkar davranışın və sağlam məktəb mühitinin formalaşdırılması yalnız təhsil sahəsinin deyil, bütövlükdə cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Sevinc Hüseynova,
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı