03 oktyabr 2026 11:05
103

Amalı öyrətmək olan iki ziyalı

Bəzən bir dövrü hərtərəfli anlamaq üçün təkcə tarixi hadisələrə baxmaq kifayət etmir, həmin tarixi gerçəkliyin yetişdirdiyi şəxsiyyətləri də yaxından tanımaq lazım gəlir. XX əsrin əvvəlləri məhz belə bir dövr idi. Ötən əsrin əvvəlləri Azərbaycanda ədəbi və ictimai fikrin mürəkkəb, eyni zamanda ən məhsuldar çağları idi.

XX əsrin əvvəllərində baş verən, heç də sadə olmayan hadisələrin fonunda bütün istiqamətlərdə olduğu kimi, təhsil və maarifçilik sahəsində də oyanış, dirçəliş baş verirdi. Bu dövrdə ədəbi-tarixi prosesləri yönləndirən  başlıca məsələ maarifçilik idi. Təhsildə milliləşmə prosesi geniş vüsət almışdı. Dövrün görkəmli ziyalıları bu prosesdə yaxından iştirak edirdi.

Ötən əsrin əvvəllərində, daha dəqiq desək, 1905-1907-ci illər inqilabından sonra Azərbaycanda maarifçilik xəlqilik meyillərinə köklənirdi. Həmin dövrdə cəmiyyəti maarifləndirmək, insanların fikir və düşüncələrini inkişaf etdirmək missiyasını daha çox şair və yazıçılar öz üzərlərinə götürmüşdülər.

Belə ki, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Məhəmməd Hadi, Seyid Hüseyn, Cəfər Cabbarlı, Abdulla Şaiq, Hüseyn Cavid, Firudin bəy Köçərli kimi ziyalılar ədəbi prosesin gedişatında mühüm rol oynayır, öz yaradıcılıqları ilə öncülük edirdilər. Bu dövr həm də milli düşüncənin oyandığı, maarif və mədəniyyətin böyük qüvvəyə çevrildiyi bir zaman idi. Bu zamanın mənəvi simaları arasında Abdulla Şaiq və Hüseyn Cavidin yerini  xüsusi qeyd etmək lazımdır.

Fərqli yaradıcılıq yolları ilə irəliləsələr də, onları eyni amal birləşdirirdi: savadlı, düşünən, öz milli kimliyini və mədəniyyətini dərk edən cəmiyyət görmək.

Cavidin “Turana qılıncdan daha kəskin, ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” çağırışı ilə, Şaiqin “Mən bu gün yazıçılığımdan daha ziyadə müəllimliyimlə iftixar edirəm” fikri eyni həqiqətin iki ifadəsidir. Yüksək əxlaqi keyfiyyətə və daxili mədəniyyətə sahib olan iki humanist insan həm də yaxın dost idilər. Demək olar ki, hər gün görüşürdülər. Bu görüşlərin əsas mövzusu yaradıcılıq, ədəbiyyatda baş verən yeniliklər, nəşr edilmiş əsərlərin müzakirəsi olardı.

XIX əsrin sonları—XX əsrin əvvəlləri Azərbaycanda maarifçilik və savadlanma sahəsində mühüm mərhələ olmuşdur. Bu dövrdə təhsilimizdə bir tərəfdən millilik ənənələri geniş vüsət alır, digər tərəfdən qərb mədəniyyətinin təsiri ilə yeni fənlərin tədrisi aparılırdı. “Cavidin “İblis” nam hailəsi haqqında duyğularım” adlı məqaləsində Abdulla Şaiqin dediyi kimi: “Qərbdə XVII ­­­­­­­­­­­­­­­­­­­­­­—XVIII əsrlər nə isə, bizim üçün XX əsr də odur”.

Bir çox yazıçı və qələm adamları ilə yanaşı repressiya illəri bu dostların da həyatını və arzularını dəyişmişdi. İki dostun taleyi bir-birindən çox da fərqli deyildi. Repressiyanın ən sərt üzü ilə üzləşən Hüseyn Cavidin ömrü uzaq Sibirdə sonlanır, Abdulla Şaiq isə qardaşı­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­—axund Yüsif Ziyanın Orta Asiyada Basmaçılar hərəkatının sırasında Sovet ordusuna qarşı vuruşması faktına görə repressiya ilə üzləşir. Qiymətli pedaqoq uzun müddət təzyiqlərə məruz qalır, ev dustaqlığına məhkum edilir, iş tapmaqda çətinlik çəkir. Bütün bu hadisələrin fonunda deyə bilərik ki, Abdulla Şaiqi həbs olunmaqdan tələbələri xilas edir. Sonralar özü repressiya qurbanı olan Ruhulla Axundov müəllimini Şuşaya dərs deməyə göndərir. Bir növ müəllimini “gözdən uzaq” edərək qoruyur. Daha sonra isə Mirzə İbrahimov öz ön sözü ilə Abdulla Şaiqin əsərlərini çap etdirir, onu Sovet yazıçısı kimi təqdim edir.

Bu iki görkəmli şəxsiyyət ədəbiyyatda öz dəsti-xətti ilə dərin iz qoymaqla yanaşı, eyni zamanda yaradıcılıqlarının başından bəri pedaqoji fəaliyyətlə də məşğul olmuşdurlar. Onlar  müəllimliyi sadəcə bir peşə kimi görməmiş, sinif otaqlarında yalnızca savad öyrətməklə kifayətlənməmiş, həm də gənclərin təlim-tərbiyəsi, dünyagörüşlərinin artması üçün səylərini əsirgəməmişlər.

  Azərbaycanda uşaq ədəbiyyatının əsasını qoyan Abdulla Şaiq ölkəmizdə ilk ana dilli məktəbin də banisi olmuşdur. O, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yarandığı dövrdə Bakı realnı məktəbində dərs dediyi, mürəbbisi olduğu sinfini milliləşdirmişdi. Çox böyük zəhmət bahasına ərsəyə gələn həmin məktəb “Şaiq nümunə məktəbi” adlanırdı. Bu adı ona xalq vermişdi. Həmin dönəmdə ana dilli məktəblərdə tədris edilmək üçün yeni dərsliklər yazılırdı. Bu dərsliklərdən ən mühimi iki yol yoldaşı, məfkurə arxadaşı Abdulla Şaiq və Hüseyn Cavidin həmmüəllifi olduğu, 1919-cu ildə çapdan çıxan “Qəvaidi ədəbiyyə” (Ədəbiyyat dərsləri) adlı kitab idi. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində milli dərsliklərə olan tələbatı əhəmiyyətli dərəcədə ödəyən kitablardan biri olan “Ədəbiyyat dərsləri” Azərbaycanda ədəbiyyat nəzəriyyəsi sahəsində ilk dərsliklərdən hesab olunur. Kitabın nəşr olunmasında əsas məqsəd həmin dövrdə ədəbiyyatşünaslığa aid məlumatların bir topluda cəmlənməsindən ibarət olmuşdur. 134 səhifəlik “Qəvaidi ədəbiyyə” müəlliflərin  “bir-iki söz” adlı kiçik müqəddiməsi ilə başlayır. Ortaq türk dili və ortaq türk ədəbiyyatına uyğun olaraq hazırlanmış dərslik konkret mövzulara ayrılmış, bölmələr içərisində qısa və aydın məlumat verilmiş, izah olunan mövzulara bədii mətnlərdən nümunələr əlavə edilmişdir. Kitabın orijinal nüsxəsi 2009-cu ildə üzə çıxmışdır. İctimaiyyətə bu haqda məlumatı Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun ədəbiyyat şöbəsi vermişdir. 2010-cu ildə isə Hüseyn Cavid Ev Muzeyinin təşəbbüsü ilə dərsliyin əski əlifbadan latın qrafikasına transliterasiya olunmuş variantı nəşr edilmişdir. Bu dərslik  XX əsrin əvvəllərində xalqımızın iki ziyalı, maarifpərvər övladının gənclərə qiymətli töhfəsi idi. Ümumiyyətlə,  Hüseyn  Cavid və Abdulla Şaiqin  yaradıcılığına nəzər yetirəndə görürük ki, onların ən önəmli qayələrindən biri də savadsızlığın, cəhalətin aradan qaldırılması olmuşdur.

Vətənə, xalqa böyük məhəbbətlə bağlı olan, bağlılıqlarını sözdə deyil əməldə göstərən,  xalqımızın iki böyük ziyalısı  bu dünyaya bir missiya ilə gəlmişdilər. Missiyanın adı “öyrətmək” idi. Ruhları şad olsun…

Nuranə Nərimanova,
Hüseyn Cavid Ev Muzeyinin əməkdaşı