03 oktyabr 2026 14:14
109

Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsi anılıb

Oktyabrın 3-də Xalq yazıçısı, nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin vəfatının 30-cu ildönümü ilə əlaqədar Fəxri xiyabanda məzarı ziyarət olunub.

“İki sahil” xəbər verir ki, anım mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, yazıçının ailə üzvləri, ədəbiyyat və incəsənət xadimləri iştirak ediblər. Mərasimdə çıxış edənlər İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında özünəməxsus və mühüm yer tutduğunu, onun yaradıcılığının milli-mənəvi dəyərlərin, xalqın taleyinin, Azərbaycan dilinin və milli kimliyin ifadəsində önəmli rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, İlyas Əfəndiyevin əsərlərində Azərbaycanın taleyi, xalqın milli-mənəvi dünyası, Qarabağ mövzusu, Türk dünyasının və Azərbaycan dilinin taleyi ilə bağlı fikirlər geniş əksini tapıb. Yazıçının mürəkkəb ictimai-siyasi şəraitdə milli məsələlərə müraciət etməsi onun yaradıcılığının mühüm xüsusiyyətlərindən biri kimi dəyərləndirilib. Bildirilib ki, İlyas Əfəndiyev bütün zamanların yazıçısıdır. Onun əsərləri hər yeni nəsil doğulduqca yenidən doğulacaq. Zaman ötdükcə oxucu və tamaşaçı onun yaradıcılığını daha yaxından tanıyır, əsərlərini yenidən kəşf edir. Yazıçının əsərləri müxtəlif dillərə tərcümə edilib, Avropanın nüfuzlu teatr səhnələrində tamaşaya qoyulub. Çıxışlarda İlyas Əfəndiyevin cismən bu dünyada olmasa da, yazdığı əsərləri, səhnələşdirilən pyesləri, yaratdığı obrazları və Azərbaycan ədəbiyyatına verdiyi töhfələri ilə xalqımızın yaddaşında yaşadığı vurğulanıb.

İlyas Əfəndiyevin dramaturgiyasının Azərbaycan teatrının inkişafında xüsusi əhəmiyyət daşıdığı, onun əsərləri əsasında hazırlanan tamaşaların bu gün də nümayiş etdirildiyi bildirilib. Çıxışlarda diqqətə çatdırılıb ki, əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə İlyas Əfəndiyev Azərbaycanın ədəbi-mədəni mühitində həmişəyaşar olacaq. İlyas Əfəndiyevin yaradıcılığının sənətkarlar nəslinin yetişməsinə də böyük təsir göstərdiyi vurğulanıb. Bildirilib ki, onun əsərlərinin uzun illər keçməsinə baxmayaraq, bu gün də teatr səhnələrində nümayiş etdirilməsi yazıçının ədəbi irsinin aktuallığını və sənət gücünü qoruduğunu göstərir.

Xalq yazıçısının ailə üzvləri adından çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, İlyas Əfəndiyevin nəvəsi Günay Əfəndiyeva anım mərasimində iştirak edənlərə təşəkkürünü bildirib. O, İlyas Əfəndiyevin xatirəsinə göstərilən ehtiramın ailəsi üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.