16 sentyabr 2026 22:17
98

Türkiyə husilərin Məkkəyə PUA ilə hücum cəhdini qınayıb

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) husilərin Məkkə şəhərini hədəf alan PUA hücumu cəhdini qınayaraq, Səudiyyə Ərəbistanının suverenlik, ərazi bütövlüyü və təhlükəsizliyinə dəstəyini təkrarlayıb.

“İki sahil” xəbər verir ki, Türkiyə XİN bununla bağlı bəyanat yayıb. Bəıyanatda husilərin Məkkə şəhərini hədəf alan PUA hücumu qınanıb: "Səudiyyə Ərəbistanının suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə olan dəstəyimizi təsdiq edir; Səudiyyə Ərəbistanı ilə həmrəyliyimizi bir daha vurğulayırıq.

Regional sabitliyi və təhlükəsizliyi də təhdid edən bu hücumların dərhal dayandırılması, gərginliyi daha da artırmağa yönəlmiş hər cür hərəkətdən çəkinilməsi istiqamətindəki çağırışlarımızı xatırladırıq".

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da "X" sosial şəbəkə hesabında Məkkəyə hücum cəhdini qınayıb. "Məkkə-i Mükərrəmənin müqəddəsliyini və təhlükəsizliyini hədəf alan, pilotsuz uçuş aparatı ilə həyata keçirilən alçaq hücum cəhdini ən güclü şəkildə lənətləyirəm", - o bildirib və əlavə edib ki, İslam dünyasının müqəddəs dəyəri olan şəhərə qarşı hücum cəhdi yolverilməzdir.

B. Duran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan da sitat gətirib: "Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın daim ifadə etdiyi kimi, İslam dünyasının yeni münaqişələrə deyil, sağlam düşüncəyə, dialoqa və davamlı sülhə ehtiyacı vardır. Qardaş Səudiyyə Ərəbistanının yanında olduğumuzu ifadə edir, keçmiş olsun diləklərimi çatdırıram".

Xatırladaq ki, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Məkkə istiqamətində uçan husilərə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib.