15 sentyabr 2026 11:32
103

Oxuyub-anlama bacarıqlarının arxasında hansı psixoloji amillər durur?

Uşaq mətni düzgün tələffüz edərək oxuyur, cümlələri ardıcıl şəkildə səsləndirir. Lakin oxuduğu mətnin əsas fikrini izah etməkdə, hadisələr arasında əlaqə yaratmaqda və müəllifin demək istədiyini müəyyənləşdirməkdə çətinlik çəkir. Bu mənzərə ilk baxışda sadəcə tədris prosesindəki boşluq kimi görünə bilər. Əslində isə məsələ bundan daha mürəkkəbdir.

Nəzərə almaq lazımdır ki, oxuyub-anlama yalnız hərfləri və sözləri tanımaqdan ibarət deyil. Uşağın diqqəti, yaddaşı, söz ehtiyatı, düşünmə qabiliyyəti, oxumağa münasibəti və emosional vəziyyəti də bu prosesdə mühüm rol oynayır. Deməli, şagird mətni anlamadığı halda ona yalnız "Daha çox kitab oxumalısan" deməklə problemin həll olunacağını düşünmək doğru yanaşma deyil. Bəs uşağın oxuduğunu anlamasına hansı psixoloji amillər təsir edir? Ekran qarşısında keçirilən vaxt bu bacarığa necə təsir göstərir və bu məsələ ilə bağlı valideynlər nə edə bilərlər?

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, oxuduğunu anlama bacarığını yalnız tədris metodları ilə əlaqələndirmək düzgün olmazdı. Bu, bir neçə psixoloji, pedaqoji və sosial amilin qarşılıqlı təsiri nəticəsində formalaşan mürəkkəb bir bacarıqdır: "Uşaq mətndəki sözləri səsləndirə bilər, hətta onu səlis oxuya bilər, lakin oxuduğu məlumatlar arasında əlaqə qura, əsas fikri müəyyənləşdirə, nəticə çıxara və həmin məlumatı yeni situasiyada tətbiq edə bilmirsə, bu, hələ funksional oxu hesab edilmir.

Problem yalnız savadla əlaqəli deyil...

Oxuduğunu anlama prosesində uşağın söz ehtiyatı, diqqətinin davamlılığı, işçi yaddaşı, məntiqi və tənqidi təfəkkürü, əvvəlki bilikləri, oxuma motivasiyası və emosional vəziyyəti birlikdə iştirak edir. Məsələn, diqqəti tez-tez yayınan və ya işçi yaddaşı zəif olan uşaq cümlələri ayrı-ayrılıqda başa düşsə də, mətnin əvvəlində verilən məlumatla sonrakı hissələr arasında əlaqə yaratmaqda çətinlik çəkə bilər. Davamlı gərginlik, ailədaxili problemlər, yuxu çatışmazlığı, yüksək narahatlıq və uğursuzluq qorxusu da uşağın zehni imkanlarından tam istifadə etməsinə mane olur. Buna görə oxuyub-anlama problemi bəzən yalnız savadla əlaqəli deyil, eyni zamanda, diqqət, motivasiya və psixoloji rifah məsələsidir. Tədris metodlarının bu prosesdə rolu şübhəsiz ki, çox böyükdür. Əgər təlim uşağın mətni əzbərləməsinə və müəllimin dediyini təkrarlamasına əsaslanırsa, bu zaman oxu texniki vərdiş kimi inkişaf edir. Lakin mətn üzərində düşünmək bacarığı yetərincə formalaşmır. Müasir yanaşmada uşağa təkcə "Mətndə nə yazılıb" sualı deyil, "Müəllif nə demək istəyir?", "Sən bu fikirlə razısanmı?", "Buradan hansı nəticəni çıxarmaq olar?" və "Bu hadisənin başqa sonluğu necə ola bilərdi?" kimi suallar verilməlidir. Belə suallar uşağın təhlil, müqayisə, səbəb-nəticə əlaqəsi qurmaq və mövqeyini əsaslandırmaq bacarığını inkişaf etdirir."

Psixoloqun sözlərinə görə, gündəlik ekran qarşısında keçirilən vaxt da diqqətdən kənarda saxlanmamalıdır. Lakin məsələni "Ekran qarşısında vaxt keçirmək tamamilə zərərlidir" kimi təqdim etmək elmi baxımdan doğru olmaz. Burada ekran qarşısında keçirilən vaxtın müddəti ilə yanaşı, istifadə edilən məzmun, istifadə məqsədi, günün hansı saatında istifadə olunması və valideyn nəzarəti də əhəmiyyət daşıyır. Tədris məqsədli, yaşa uyğun və böyüklərin istiqamətləndirdiyi rəqəmsal məzmun uşağın inkişafına fayda verə bilər. Əksinə, sürətlə dəyişən qısa videolar, fasiləsiz bildirişlər və eyni anda bir neçə rəqəmsal fəaliyyətlə məşğul olmaq uşağın uzun müddət bir mətn üzərində diqqətini toplamaslını çətinləşdirə bilər.

Elnur Rüstəmov qeyd etdi ki, OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) PISA məlumatlarında da rəqəmsal cihazlardan istifadə məsələsinə balanslı yanaşılır. PISA 2022 nəticələrinə əsasən, OECD ölkələrində 15 yaşlı şagirdlərin təxminən üçdə biri riyaziyyat dərslərində rəqəmsal cihazlara görə diqqətinin yayındığını bildirib. Digər tərəfdən, rəqəmsal vasitələrdən ölçülü və məqsədyönlü şəkildə təhsil üçün istifadə edən şagirdlərdə daha yaxşı nəticələr müşahidə olunur. Bu isə göstərir ki, problem texnologiyanın mövcudluğunda deyil, ondan nəzarətsiz, həddindən artıq və məqsədsiz istifadədədir.

Hər zəif nəticənin arxasında tənbəllik dayanmır

Psixoloq valideynlərin evdə ilk növbədə uşağa yalnız "kitab oxu" deməklə kifayətlənməməli olduqlarını vurğulayıb: "Uşaq böyüklərin davranışını müşahidə edərək öyrənir. Evdə valideynin daim telefonla məşğul olduğu, lakin uşaqdan kitab oxumağı tələb etdiyi şəraitdə verilən mesaj öz təsirini itirir. Buna görə ailədə gündəlik, 20-30 dəqiqəlik sakit mütaliə vaxtının müəyyən edilməsi faydalı ola bilər. Bu müddətdə həm uşaq, həm də valideyn ekranlardan uzaqlaşaraq kitab oxuya bilərlər. Oxudan sonra uşağı imtahan edirmiş kimi sorğu-suala çəkməkdənsə, onunla söhbət aparmaq daha məqsədəuyğundur. "Sənin ən çox diqqətini nə çəkdi?", "Qəhrəmanın yerində olsaydın nə edərdin?", "Bu hadisənin səbəbi nə idi?" tipli suallar oxunu canlı ünsiyyətə çevirir və uşağın öz fikrini ifadə etməsini, arqument qurmasını, hadisələri əlaqələndirməsini təmin edir. Kiçik yaşlarda valideynin uşağa kitab oxuması, sonrakı yaşlarda isə eyni kitab və ya məqalə haqqında birlikdə fikir mübadiləsi aparılması olduqca təsirlidir. Eyni zamanda, uşaqlar arasında fərdi fərqlərin mövcudluğu da unudulmamalıdır. Hər uşağın zəif nəticəsini tənbəllik və ya məsuliyyətsizlik kimi qiymətləndirmək olmaz. Bəzi uşaqlarda diqqət çatışmazlığı, dil və nitq inkişafı ilə bağlı çətinliklər, spesifik öyrənmə pozuntuları və ya emosional problemlər ola bilər. Davamlı çətinlik müşahidə edildikdə, uşağın kompleks psixoloji və pedaqoji qiymətləndirilməsi aparılmalıdır. Məqsəd ona etiket vurmaq deyil, problemin mənbəyini vaxtında müəyyənləşdirib uyğun dəstək göstərməkdir.

PISA nəticələrinə də yalnız reytinq kimi yanaşmaq kifayət etmir. Bu göstəricilər təhsil sisteminə verilmiş diaqnostik siqnal kimi qəbul olunmalıdır. PISA ayrı-ayrı uşaqların intellektini deyil, təhsil sisteminin 15 yaşlı şagirdlərə qazandırdığı bilik və bacarıqları real həyat situasiyalarında nə dərəcədə tətbiq edə bildiyini qiymətləndirir. Buna görə nəticələrin yaxşılaşdırılması üçün təkcə dərs saatlarını artırmaq deyil, oxu mədəniyyətini, müəllim hazırlığını, məktəbin psixoloji xidmətini, valideyn maarifləndirilməsini və uşaqların rəqəmsal davranışlarını əhatə edən sistemli proqramlar hazırlanmalıdır.

Hesab edirəm ki, elm və təhsil nazirinin səsləndirdiyi göstərici ciddi xəbərdarlıq kimi qəbul edilməlidir, amma bunu uşaqların bacarıqsızlığı kimi təqdim etmək doğru olmaz. Bu nəticə uşaqların potensialının zəif olmasını deyil, həmin potensialın inkişafı üçün məktəb, ailə və cəmiyyət səviyyəsində daha ardıcıl və elmi əsaslandırılmış işə ehtiyac olduğunu göstərir. Oxuduğunu anlayan uşaq yalnız dərslərində uğur qazanmır, o, informasiyanı təhlil edir, manipulyasiyanı tanıyır, düzgün qərar verir və öz mövqeyini əsaslandıra bilir. Buna görə oxuyub-anlama məsələsi sadəcə təhsil göstəricisi deyil, gələcək insan kapitalının və cəmiyyətin intellektual təhlükəsizliyinin əsas şərtlərindən biridir."

Şahnigar Əhmədova, "İki sahil"