15 sentyabr 2026 10:46
89

Litva üzərində vurulan pilotsuz uçuş aparatı Belarusdan gəlib?

Litva ərazisində gecə saatlarında vurulan PUA Belarus ərazisindən daxil olub.

“İki sahil” xəbər verir ki, bu barədə yerli LRT portalı məlumat yayıb.

Litva prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Deyvidas Matulenis hesab edir ki, dron böyük ehtimalla təyin olunmuş kursdan yayınıb.

Böhranların İdarə Edilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas bildirib ki, pilotsuz uçuş aparatı Litvanın hava məkanında yarım saat qalıb. Onun sözlərinə görə, dronun partlayıcı qurğu ilə təchiz olunması ehtimalı çox yüksəkdir.

Pilotsuz aparatın qalıqları Kaişadoris rayonunun Pratkunay kəndi yaxınlığında düşüb. LRT-nin dəqiqləşdirdiyinə görə, bu, az məskunlaşan kənd ərazisidir. Ərazi mühasirəyə alınıb, hadisə yerinə hərbi və bələdiyyə polisi, həmçinin yanğınsöndürənlər və həkimlər gəlib. Dronun kimə məxsus olduğu hələ müəyyən edilməyib, hüquq-mühafizə orqanları onun qalıqlarını araşdırır.

Litva Müdafiə Nazirliyi vurulan PUA ilə bağlı məlumatı təsdiqləyib. "Litva Silahlı Qüvvələri və NATO-nun hava məkanının mühafizəsi missiyasında iştirak edən italyan pilotlar operativ və məsuliyyətli reaksiya nümayiş etdiriblər", – deyə qurumdan qeyd edilib, lakin əlavə təfərrüatlar açıqlanmayıb.