14 sentyabr 2026 12:40
78

"El Pais": ABŞ neft sazişi ilə əlaqədar iş adamına qarşı istintaqı ləngidir

ABŞ İspaniyada venesuelalı iş adamı Alexandro Betankura qarşı aparılan istintaqı ləngidir. Betankur Vaşinqton ilə Karakas arasında əsas vasitəçi hesab olunur.

“İki sahil” xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.

Nəşr sahibkarı ABŞ-a Venesuelanın neft ehtiyatlarının təxminən beşdə birinə çıxış imkanı yaradacaq "sazişin müəllifi" adlandırır. Çirkli pulların yuyulması və vergidən yayınma şübhəsi ilə Betankur artıq bir ildən çoxdur ki, İspaniyada istintaq altındadır. Qəzetin istintaqa yaxın mənbələrinin məlumatına görə, işin gedişi ABŞ-ın təqsiri üzündən dalana diranıb.

Qeyd olunur ki, hakim pulların qanunsuz mənşəyini sübut etmək üçün Birləşmiş Ştatlarda artıq məhkum olunmuş əsas şahidlərdən ifadə alınması ilə bağlı Vaşinqtona göndərdiyi sorğuya cavab gözləyir. Lakin ABŞ-dan hələ də heç bir reaksiya gəlməyib. Ehtimal olunur ki, əgər dekabr ayına qədər sorğuya cavab verilməsə, işə xitam verilə bilər.

Avqustun 28-də ABŞ prezidenti Donald Tramp Venesuela ilə "Venesuelanın təsdiq edilmiş neft ehtiyatlarından 65 milyard bareldən çoxunun ABŞ-ın nəzarətinə keçməsini" nəzərdə tutan saziş bağlandığını bəyan edib.