İran Xarici İşlər Nazirliyi Avstriyanın İslam Respublikasındakı diplomatik nümayəndəliyinin rəhbərini çağırıb və Vyana hakimiyyətinin ölkənin vitse-prezidenti, Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamiə viza verməməsinə görə ona qəti etirazını bildirib. Məhəmməd Eslami MAQATE-nin Baş Konfransının 70-ci sessiyasında iştirak etmək üçün gəlməli idi.
“İki sahil” xəbər verir ki, bu barədə İran XİN-in nümayəndəsi İsmayıl Baqai məlumat verib.
"Onlar bütün beynəlxalq qanunlara əsasən İran nümayəndə heyətinə viza verməli idilər. Biz dərhal tədbir gördük, etirazımızı bildirmək üçün Avstriyanın müvəqqəti işlər vəkilini çağırdıq", – o, həftəlik mətbuat konfransı zamanı bildirib.
Baqai qeyd edib ki, Vyananın Vaşinqtonun təzyiqi ilə viza verməkdən imtina etməsi onun etdiyi hərəkətlərə görə məsuliyyətdən azad etmir.
Bundan əvvəl "Bloomberg" agentliyi mənbəyə istinadla məlumat vermişdi ki, ABŞ-ın təzyiqi ilə Avstriya hakimiyyəti İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamiə ölkəyə giriş vizası verməkdən imtina edib və nəticədə o, MAQATE-nin baş konfransında çıxış edə bilməyəcək.