11 sentyabr 2026 11:45
91

Lukaşenko: Belarus heç kimə hücum etmək fikrində deyil

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin heç kimə hücum etmək niyyətində olmadığını bildirib. O qeyd edib ki, belə bir addım ölkə üçün "ölümə bərabər" olar.

“İki sahil” xəbər verir ki, bu barədə TАСС məlumat yayıb.

Lukaşenko Brest vilayətindəki hərbi poliqona səfəri zamanı ölkəsinə qarşı kəşfiyyat fəaliyyətinin "çox açıq, az qala həyasızcasına" həyata keçirildiyini bildirib. Prezident qeyd edib ki, müxtəlif növ təxribatlar və hava məkanının pozulması halları mütəmadi olaraq qeydə alınır.

Lukaşenko əsas təhlükənin təkcə kəşfiyyat deyil, qonşu dövlətlərin ordularının silahlanmasına milyardlarla vəsait xərcləməsi olduğunu vurğulayıb.

"Əgər birdən nə isə baş verərsə, biz vaxtında və adekvat cavab verməyə həmişə hazır olmalıyıq", - deyə o qeyd edib. O, həmçinin müasir münaqişələrin təcrübəsinə əsaslanaraq qoşunların idarə edilməsinin həlledici rol oynadığını xatırladıb.