Orta Dəhliz üzrə vahid tranzit operatorunun formalaşdırılması bu istiqamətdə şəffaflığın və operativliyin təmin edilməsinə şərait yarada bilər.
“İki sahil” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyindəki "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktorunun məsləhətçisi Xudayar Həsənli Bakıda keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində təşkil olunan "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, koordinasiya baxımından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə 10-dan artıq nəqliyyat şirkətinin fəaliyyəti və gömrük qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi mühüm əhəmiyyət daşıyır:
"Vahid tranzit operatorunun (məsələn, UTLK modelinə oxşar) formalaşdırılması, həmçinin Qazaxıstan, Azərbaycan və Gürcüstanın gömrük komitələri arasında ortaq informasiya texnologiyaları platformasının yaradılması bu sahədə şəffaflığı və sürəti təmin edə bilər. Maraqlı tərəflər liman infrastrukturu ilə əlaqədar biristiqamətli giriş kanalının məhdud ötürmə qabiliyyəti və ildə 40 günlük qış naviqasiya müddəti kimi problemlərlə qarşılaşırlar. Kanalın genişləndirilməsi, gəmiçilik şirkətləri ilə donanmanın cədvəl əsasında planlaşdırılması məqsədilə ortaq İT platformasının qurulması bu əngəllərin aradan qaldırılmasına xidmət edir".
X. Həsənli vurğulayıb ki, xidmət sürətinin və keyfiyyətinin yüksəldilməsi üçün bəyannamələrin qeydiyyatında baş verən xətaların və gecikmələrin aradan qaldırılması istiqamətində tədbirlər görülür: "Avtomatik yük izləmə sistemindəki qeyri-səmərəlilik (konteynerlər üzrə 25 % xəta nisbəti ucbatından əlavə əl ilə yoxlamaların vaxt itkisinə yol açması) və gömrük komitəsi ilə inteqrasiya edilmiş anbar uçotu sisteminin mövcud olmaması diqqət mərkəzindədir. Bu problemlərin həlli istiqamətində Gömrük Komitəsi tərəfindən bəyannamələrin sadələşdirilmiş elektron qeydiyyat sistemi hazırlanır, radio-teqdəki kodun oxunmasını mümkün edən RFID teq texnologiyası, konteyner nömrələrinin avtomatik tanınması üçün OCR sistemi tətbiq edilir. Bundan əlavə, "Descartes" və ya "Oracle" kimi beynəlxalq təcrübələrə əsaslanan, gömrüklə inteqrasiya olunmuş ixtisaslaşdırılmış anbar uçotu sistemlərinin yaradılması planlaşdırılır".