İlk dəfə olaraq balıqçılıq və digər akvakultura məhsullarının istehsalçıları da bu imkanlardan yararlanacaqdırlar
Azərbaycan dövləti kənd təsərrüfatının inkişafı üçün növbəti dəstəyini həyata keçirməyə başlayıb. Belə ki, Aqrar Subsidiya Şurasının (ASŞ) qərarına əsasən, ölkə Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı»nda müəyyən edilmiş kriteriyalar artıq reallaşmağa başlayıb. Bu kriteriyalara görə, kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması, eləcə də ölkənin ərzaq təminatının gücləndirilməsi hədəflərinə uyğun olaraq yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yeni qərar bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyaların tətbiqini nəzərdə tutur. Subsidiya artımları bəzi sahələrdə iki dəfədən on dəfəyədək nəzərdə tutulub. Sözügedən Dövlər Proqramına əsasən, 22 ixtisaslaşmış rayonda müasir suvarma altında buğda əkininə ənənəvi suvarma və ya dəmyə üsulu ilə aparılan əkinlərdən 2 dəfə artıq, hər hektara görə 400 manat subsidiya ödəniləcək. Ənənəvi suvarma və dəmyə əkini altında olan taxıl sahələri üzrə isə bu məbləğ hər hektar üçün 200 manat müəyyən edilib.
Bundan əlavə, müasir suvarma altında olan sahələrdə hər hektara ödənilən əkin subsidiyası kartof və tərəvəzlə yanaşı, noxud, lobya və digər paxlalılar üçün 500 manata, bostan bitkiləri üçün isə 310 manata çatdırılıb. Dağlıq rayonlarda, eləcə də Naxçıvan Muxtar Respublikasında (MR) aparılan kartof və tərəvəz əkinlərinə ödənilən subsidiya müasir suvarma ilə təmin edilən sahələr üçün hər hektara görə 600 manat, digər sahələr üçün isə 400 manat ödəniləcək. Şuranın qərarına əsasən, ölkədə istixana təsərrüfatlarının modernləşdirilməsi və yüksək texnologiyalı istixanaların yaradılmasının təşviqi nəzərdə tutulur. Bu məqsədlə istixananın texnoloji səviyyəsinə və örtük materialına uyğun olaraq hər hektar əkinə görə 500 manatdan 5 min manatadək əkin subsidiyası müəyyən edilib.
Yüksək əlavə dəyər və ixrac potensialına malik yeni bitkilərin əkininin təşviqi məqsədilə bağçılıq subsidiyalarının əhatə dairəsi də genişləndirilib. Yeni salınmış aroniya bağlarının və açıq sahədə efir yağı istehsalı məqsədilə qızılgül əkinlərinin hər hektarına görə müvafiq olaraq 7 min 500 manat və 6 min manat subsidiya veriləcək.
Bununla yanaşı, kiçik şərabçılığın inkişafı da yeni dövlət dəstəyi istiqamətlərindən biri olacaq. Bu məqsədlə yerli üzüm sortlarından premium şərab istehsalı, aqroturizmin inkişafı və ixracyönümlü mikrobrendlərin yaradılması təşviq ediləcək. Təqdim edilən modeldə 5-20 hektar olmaqla super-intensiv və intensiv üzüm bağlarının hər hektarı üçün müvafiq olaraq 20 min manat və 10 min manat bağçılıq subsidiyası nəzərdə tutulur.
ASŞ-nin yeni qərarına əsasən, bu ildən etibarən bağların salınması zamanı fermerlərin subsidiya əldə etməsini asanlaşdırmaq məqsədilə bəzi mövcud tələblər sadələşdirilib. Bütün ölkə üzrə bağların salınması zamanı sertifikatlı ting tələbi saxlanılmaqla torpağın elektrik keçiriciliyi – EC və viruslardan azadolma ilə bağlı analiz tələbi aradan qaldırılır. İntensiv texniki və süfrəlik üzüm bağlarına verilən bağçılıq subsidiyası bütün ölkə ərazisinə şamil edilir. İntensiv zeytun bağlarında minimum sahə tələbi 50 hektardan 5 hektara, Naxçıvan Muxtar Respublikasında isə 1 hektara endirilir. Həmçinin intensiv püstə bağları üzrə yüksəklik həddi 1000 metrədək artırılır. Qarabağ və Şərqi Zəngəzurda nar üzrə minimum yüksəklik tələbi ləğv edilir, zeytun üzrə maksimal yüksəklik 300 metrədək artırılır, Naxçıvanda isə qoz bağları üzrə minimum yüksəklik tələbi aradan qaldırılır.
Ölkədə ərzaqlıq buğda proqramı davam etməklə birlikdə buğda üzrə ixtisaslaşmış 22 rayonda lazer hamarlama tətbiq edilən sahələrdə istehsal edilərək dəyirmanlara təhvil verilən buğdanın hər tonuna görə 40 manat məhsul subsidiyası ödənilcək. Naxçıvan MR üzrə isə bu məbləğ 50 manat müəyyən edilib.
Yerli toxumçuluğun inkişafı məqsədilə super-elit toxum istehsal edən fermerlərə əkin subsidiyası yüksək əmsalla ödəniləcək. Yerli super-elit buğda və arpa toxumçularına əkin subsidiyası 470 manat, xarici mənşəli super-elit buğda və arpa toxumçuluğuna isə 300 manat artıq ödəniləcək. Bununla yanaşı, buğda və arpa üzrə sertifikatlı toxumdan istifadə tələbi 5 hektara endirilib.
Aqrar Subsidiya Şurasının yeni qərarında diqqətçəkən məqamlardan biri də ölkənin sərhədyanı ərazilərində kənd təsərrüfatı fəaliyyətinin davamlılığının təmin edilməsi üçün əlavə subsidiya mexanizminin tətbiqi ilə bağlıdır. Bu zaman siyahısı müəyyən edilmiş sərhədyanı yaşayış məntəqələrində əkinçilik fəaliyyəti ilə məşğul olan fermerlər üçün subsidiya əmsalı ölkə üzrə baza əmsalından 0,5 bənd yüksək hesablanacaq.
Şuranın qərarına əsasən, bu ildən balıqçılıqda ilk dəfə məhsul məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur. Akvakultura təsərrüfatlarının istehsal gücünün artırılması və özünütəminetmə səviyyəsinin yaxşılaşdırılması məqsədilə balıq növləri üzrə məhsul subsidiyası veriləcək. Ölkədə istehsal olunan qızılbalıqkimilər və nərəkimilər üzrə məhsul subsidiyası hər tona görə 2 min manat, çəkikimilər və naxakimilər üzrə isə 600 manat təşkil edəcək.
Artıq ölkədə süd istehsalının artırılması, süd emalı müəssisələrinin yerli xammalla təminatının yaxşılaşdırılması və bu sahədə uçotun təkmilləşdirilməsi məqsədilə süd üzrə yeni məhsul subsidiyası da tətbiq ediləcək. Belə ki, elektron kənd təsərrüfatı informasiya sistemində tədarükçü kimi qeydiyyatdan keçən süd emalı müəssisələrinə və südtoplama məntəqələrinə təhvil verilən soyudulmuş xam südün hər litrinə 7 qəpik, yaxud hər tonuna 70 manat subsidiya veriləcək. Kooperativlər vasitəsilə təhvil verilən süd üzrə subsidiya məbləği əlavə olaraq 20 faiz artırılacaq.
Eyni zamanda, intensiv iribuynuzlu heyvandarlığın təşviqi üçün yeni dəstək mexanizmi tətbiq ediləcək. 2026-cı il oktyabrın 1-dən sonra yaradılan intensiv təsərrüfatlarda südlük, südlük-ətlik və ətlik cins heyvanlara görə (hər baş üçün) müvafiq olaraq 1500 manat və 1000 manat subsidiya veriləcək.
Elçin Zaman. «İki sahil»