Paşinyan hakimiyyəti dərk edir ki, beynəlxalq hüquqla tanınmış sərhədlər daxilində yaşamaq istəyən dövlət öz fundamental sənədində qonşu ölkənin ərazisinə iddiasını saxla bilməz
Ermənistanda Müstəqillik Bəyannaməsi və onun Konstitusiyadakı yeri ətrafında gedən müzakirələr ölkənin həm daxili siyasətində, həm də Azərbaycanla sülh danışıqlarında ən kritik mövzulardan biridir. Məsələ burasındadır ki, Ermənistan dövlətçiliyi öz tarixinin en kəskin kimlik və suverenlik sınaqlarından birini yaşayır. 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsi uzun illər boyu Ermənistan Respublikasının təşəkkül tapmasının rəmzi sayılsalar da, bu gün ölkənin gələcək inkişafı və regional sülhün qarşısında duran ən böyük hüquqi və ideoloji maneəyə çevrilib. Sənəddə yer alan "Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi" haqqında 1989-cu il qərarına istinad və bu istinadın Konstitusiyanın preambulasında təsbit olunması İrəvanı çətin dilemma qarşısında qoyub. Nikol Paşinyan hökumətinin "Dördüncü Respublika" konsepsiyasını irəli sürməsi və yeni Əsas Qanunun qəbulunu zəruri hesab etməsi də təsadüfi deyil. İrəvan anlayır ki, 1990-cı illərin ekspansionist ideologiyası üzərində qurulmuş dövlət modeli 2020-ci il İkinci Qarabağ Müharibəsi və 2023-cü il lokal antiterror tədbirlərindən sonra tamamilə çökmüşdür.
Bu günlərdə Ermənistanda Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 36 illiyi tamam olub (23 avqust 1990). Bu tarixlə üst-üstə düşən günlərdə Baş nazir Nikol Paşinyan ölkənin Milli Məclisində (hökumətin 2026-2031-ci illər proqramının təqdimatı zamanı) geniş və kritik nitqlə çıxış edib. Paşinyanın Müstəqillik Bəyannaməsinin "münaqişə məntiqinə" əsaslandığını etiraf edib. Xatırladaq ki, Paşinyan hökuməti hələ seçkilərdən əvvəl yeni konstitusiya qəbul etməyə çalışacağını bəyan etmişdi. Üstəlik, bunun zəruriliyi Bakının tələbi ilə deyil, daha ümumi mülahizələrlə izah olunurdu. Bu xətt hökumətin 2026-2031-ci illər üçün qəbul edilmiş və "Dördüncü Respublika"ya keçidi təsbit edən proqramında da öz əksini tapıb. Hər şey məntiqidir: yeni respublika - yeni əsas qanun. Yeni konstitusiyanın zəruriliyindən danışarkən Paşinyan ümumi mülahizələrlə kifayətlənməyib və preambulanın taleyini ayrıca qeyd edib. "Biz yaxın aylarda yeni konstitusiyanın mətnini dərc edəcəyik və dediyim kimi, yeni konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə heç bir istinad olmamalıdır. Biz Qarabağ hərəkatını davam etdirməmək, ona son qoymaq qərarını elan etdik və xalq bu qərarı bəyəndi", - deyə Paşinyan Milli Məclisdəki çıxışı zamanı bildirib. Paşinyanın etirafları Ermənistan siyasi elitasında nadir hallarda rast gəlinən praqmatik dövlətçilik addımıdır. Hakimiyyət dərk edir ki, beynəlxalq hüquqla tanınmış sərhədlər daxilində yaşamaq istəyən dövlət öz fundamental sənədində qonşu ölkənin ərazisinə iddiasını saxla bilməz. Konstitusiya səviyyəsində ərazi iddiası qaldıqca imzalanacaq sülh müqaviləsi kövrək olacaq. Bakının tələbi təkcə cari hökumətlə deyil, Ermənistan dövlətinin gələcəkdə (hakimiyyət dəyişikliyi baş verərsə) yenidən revanşist xəttə qayıtmasının hüquqi qapılarını bağlamaqdır. Eləcə də Azərbaycanla sülh sazişinin imzalanmaması Ermənistanın regional nəqliyyat və iqtisadi layihələrdən kənarda qalmasını uzadır.
Bu fonda, Müstəqillik Bəyannaməsinin növbəti ildönümü günlərində müxalifətin hakim partiyanın üzərinə tənqid yağdırması təəccüblü deyil. Lakin görünür, Paşinyandan fərqli olaraq, müxalifət lazım olan sözləri tapa bilmir. "Müstəqillik Bəyannaməsi Ermənistan dövlətçiliyinin və milli birliyin əsaslarının təməl sənədlərindən biridir. Buna görə də onun müdafiəsi Ermənistan dövlətçiliyini müdafiə etməyə bərabərdir", - deyə Erməni İnqilabi Federasiyası "Daşnaktsutyun" çıxış edib. "Konstitusiya Hüququ İttifaqı" partiyasının sədri və bəyannamənin müəlliflərindən biri olan Hayk Babuxanyan isə temperaturu bir qədər qaldıraraq bəyan etdi ki, bugünkü Ermənistan hakimiyyəti ölkənin müstəqilliyini və suverenliyini hərraca çıxarıb. Ermənistan Milli Konqresinin vitse-prezidenti Aram Manukyan (məhz o, 23 avqust 1990-cı ildə Ali Sovetin kürsüsündən Müstəqillik Bəyannaməsini oxumuşdu) bəyan edib: "İstər Nikol olsun, istərsə də hər hansı bir bolşevik, heç kim ölkəmizin doğum haqqında şəhadətnaməsini ləkələyə və ya unutdurulmağa məhkum edə bilməz". "Güclü Ermənistan" parlament fraksiyasının rəhbəri və bu partiyanın sədri Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan da praktiki olaraq onu təkrarlayıb: "Konstitusiya bizim doğum haqqında şəhadətnaməmizdir. 36 yaşa çatıb onu yandıracağıq?" — deyə o sual edir. Müxalifətin kəskin tənqidlərinə baxmayaraq, xalqın böyük əksəriyyətinin revanşist şüarlara kütləvi dəstək verməməsi Ermənistan cəmiyyətində münaqişədən yorğunluğun və sülhə olan tələbatın göstəricisidir.
Ermənistan üçün Müstəqillik Bəyannaməsindəki istinaddan imtina etmək basit bir konstitusiya dəyişikliyi deyil; bu, dövlətin öz xam xəyallarından imtina edərək reallıqla barışması deməkdir. İrəvan öz "şəhadətnaməsindəki" bu ziddiyyətli ləkəni təmizləmədikcə, Cənubi Qafqazda davamlı sülhün və Ermənistanın özünün tam suveren gələcəyinin qurulması mümkün görünmür.
Sevinc Azadi, “İki sahil”