Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Liliana Burda Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici siyasət idarəsindən jurnalistlərə bildirildiyinə görə, nazirlik diplomatı avqustun 27-də gözləyir.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya və Rumıniya arasında münasibətlər sonuncunun ərazisi üzərində pilotsuz uçuş aparatları ilə bağlı yaşanan insidentlərə görə kəskinləşib. İyulun sonunda Rumıniya ərazisi üzərində növbəti dəfə PUA vurulduqdan sonra Rumıniya XİN Rusiyanın səfiri Vladimir Lipayevi ölkədən qovmuşdu. Rumıniya tərəfinin məlumatına görə, üç gün ərzində onun ərazisi üzərində üç dron məhv edilmişdi.
Buxarest bu pilotsuz uçuş aparatlarının Rusiyaya məxsus olduğunu iddia edirdi. Rusiya XİN isə cavab olaraq səfirini Rumıniyadan geri çağırmayacağını, lakin diplomatın qovulmasına adekvat cavab verəcəyini bəyan etmişdi.