25 avqust 2026 10:33
86

Paytaxtdakı təhsil müəssisələrində tikinti və əsaslı təmir işləri aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq çərçivəsində tikinti, yenidənqurma və əsaslı təmir işləri davam etdirilir.

“İki sahil” xəbər verir ki,  İdarədən bildirilib ki, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin – 57, 68 və 141 nömrəli tam orta məktəblərin sökülərək yenidən tikintisi, İncəsənət Gimnaziyasının və 3 uşaq bağçasının – 352 nömrəli uşaq bağçası, Nəriman Qəhrəmanov adına körpələr evi-uşaq bağçası və Etibar Ömərov adına uşaq bağçasının əsaslı təmiri aparılır. Bununla yanaşı, ehtiyac olan 210 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri görülür.

Qeyd olunub ki, 2025-2026-cı tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 4 məktəbdə – 59, 151, 313 və 324 nömrəli məktəblərdə, eləcə də 101 və 351 nömrəli uşaq bağçalarında yenidənqurma və təmir-bərpa işləri başa çatdırılaraq istifadəyə verilib. Həmçinin 99, 116, 257, 328 nömrəli və A.Məmmədov adına uşaq bağçalarında əsaslı təmir işləri yekunlaşdırılıb və həmin məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayıb.