21 avqust 2026 11:55
107

Paşinyan Rusiyadakı səfiri dəyişir

Ermənistanın Baş naziri Nikol Paşinyan respublikanın Rusiyadakı səfirini dəyişməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Hazırda bu vəzifəni Qurgen Arsenyan tutur.

Qəzet qeyd edir ki, Paşinyan Ermənistan-Rusiya münasibətlərindəki gərginlik fonunda Arsenyanın fəaliyyətindən narazıdır. Yeni səfirin kim olacağı hələlik məlum deyil. Qurgen Arsenyan bu vəzifəyə 2024-cü ilin avqustunda təyin edilmişdi.

Rusiya və Ermənistan arasında münasibətlər İrəvanın Avropa İttifaqına daxil olmaq planları səbəbindən kəskinləşib. May ayından etibarən Rusiya ardıcıl olaraq Ermənistandan müxtəlif məhsulların, o cümlədən spirtli içkilərin, tərəvəzlərin, meyvələrin və güllərin tədarükünə qadağa qoyub. Rusiya hakimiyyəti bu tədbirlərin istehlakçıların təhlükəsizliyini təmin etmək zərurətindən irəli gəldiyini bildirir. "Kommersant"ın məlumatına görə, Ermənistan Aİİ-dən çıxacağı və Aİ ilə yaxınlaşmağa başlayacağı təqdirdə, Rusiya tərəfi Ermənistanla qaz müqavilələrini ləğv etməyi istisna etmirdi.