12 avqust 2026 16:00
113

Naxçıvan yeni inkişaf mərhələsində: Prezident səfərinin mühüm mesajları

Naxçıvan hər zaman Azərbaycan dövlətçiliyinin, milli iradənin və tarixi yaddaşın mühüm ünvanlarından biri olub. Bu qədim diyarın müasir inkişaf tarixində dövlət başçısının səfərləri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına növbəti – 17-ci səfəri də məhz bu baxımdan diqqət çəkdi. Səfər yalnız yeni obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə deyil, Naxçıvanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə isə Naxçıvanın qarşıdakı illərdə hansı strateji xətt üzrə inkişaf edəcəyinə geniş aydınlıq gətirdi.

Səfərin ümumi mənzərəsinə nəzər saldıqda bir məqam xüsusi görünür: Naxçıvanın inkişafı artıq yalnız mövcud problemlərin həlli ilə məhdudlaşmır, regionun gələcək iqtisadi, sosial, enerji və nəqliyyat potensialının reallaşdırılmasına hesablanır. Prezident İlham Əliyev də müsahibəsində səfər zamanı iştirak etdiyi tədbirlərin özünün Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafının göstəricisi olduğunu bildirdi. Onun sözlərinə görə, illər ərzində burada çoxsaylı mühüm layihələr həyata keçirilib və budəfəki tədbirlər həmin işlərin davamıdır.

Naxçıvanın coğrafi mövqeyi onun təhlükəsizliyinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşımasını şərtləndirir. Prezidentin səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi keçirildi. Müasir hərbi texnika ilə təchizat və yeni komando qüvvələrinin yaradılması Naxçıvanın müdafiə potensialının daha da gücləndirildiyini göstərdi. Prezident televiziya müsahibəsində də vurğuladı ki, Naxçıvanın təhlükəsizliyinə xüsusi diqqət bundan sonra da davam etdiriləcək.

Bu, təsadüfi deyil. Çünki Naxçıvan Azərbaycanın əsas hissəsi ilə coğrafi baxımdan birbaşa bağlantısı olmayan strateji ərazi olmaqla yanaşı, gələcək regional nəqliyyat və enerji layihələrinin də mühüm həlqəsinə çevrilir. Bu baxımdan burada güclü müdafiə potensialının olması həm milli təhlükəsizlik, həm də regional sabitlik üçün vacib şərtdir.

Səfərin ən mühüm iqtisadi hadisələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. 2024-cü ildə Prezidentin imzaladığı Fərmanla yaradılan sənaye parkı Naxçıvanın iqtisadi həyatında yeni səhifə açmağa hesablanıb. Parkın ümumi ərazisi 310 hektar olacaq. Burada elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat və digər zəruri infrastruktur yaradılacaq.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bu layihəyə xüsusi önəm verdi. Onun sözlərinə görə, Naxçıvan Sənaye Parkı regionda yeni iş yerlərinin yaradılmasına və iqtisadi fəallığın artırılmasına ciddi töhfə verəcək. Bu park həm də Naxçıvanın yalnız istehlak edən deyil, istehsal edən və məhsul ixrac edən iqtisadi mərkəzə çevrilməsi baxımından əhəmiyyətlidir.

Sənaye parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının yaradılması da nəzərdə tutulur. Bu layihə Naxçıvanın enerji təminatının möhkəmləndirilməsi ilə yanaşı, gələcəkdə elektrik enerjisinin ixracına imkan yaradacaq. Prezidentin ifadə etdiyi kimi, artıq məqsəd yalnız Naxçıvanı enerji ilə təmin etmək deyil, Naxçıvanı gələcəkdə enerji ixrac edən regiona çevirməkdir.

Naxçıvanın gələcəyində bərpaolunan enerji xüsusi yer tutur. Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış oldular. Burada hər biri 50 meqavat gücündə olan iki günəş elektrik stansiyasının tikintisi ilə bağlı məlumat verildi.

Prezident müsahibəsində Naxçıvanın günəş enerjisi baxımından Azərbaycanın ən əlverişli məkanlarından biri olduğunu bildirdi. Artıq 600 hektardan çox ərazi günəş elektrik stansiyalarının yaradılması üçün müəyyənləşdirilib. Dövlət başçısının açıqlamasına görə, gələcəkdə burada yüzlərlə meqavat gücündə yeni günəş elektrik stansiyaları inşa edilə bilər. Naxçıvanın ümumi günəş enerjisi potensialının isə ən azı 500, hətta 1000 meqavat səviyyəsinə çata biləcəyi qeyd edildi.

Bu rəqəmlər göstərir ki, Naxçıvanın enerji siyasətində yeni mərhələ başlayır. Regionun enerji təhlükəsizliyi təmin edilməklə yanaşı, onun enerji ixracatçısına çevrilməsi perspektivi formalaşır.

Səfərin diqqətçəkən sosial layihələrindən biri Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak etdilər. Burada vətəndaşlara 164 sosial xidmətin “bir pəncərə” prinsipi əsasında göstərilməsi nəzərdə tutulur. Mərkəzdə 117 işçi və 50 könüllü fəaliyyət göstərəcək, gündəlik orta hesabla 500-600 vətəndaşın qəbulu mümkün olacaq.

Əlilliyi olan şəxslərin tibbi-sosial ekspertizası, reabilitasiya vasitələri ilə təminatı və digər sosial xidmətlərin də burada həyata keçirilməsi dövlətin sosial siyasətinin Naxçıvanda da müasir standartlar əsasında davam etdirildiyini göstərir.

Prezidentin müsahibəsində də vurğuladığı kimi, Naxçıvanın inkişafının əsas məqsədi yalnız yolların, binaların və sənaye müəssisələrinin tikilməsi deyil. Bütün bu layihələrin mərkəzində insan, onun rifahı və rahatlığı dayanır.

Səfərin mühüm sosial layihələrindən biri də 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlinin qoyulması oldu. Təxminən 5 hektar ərazidə inşa ediləcək kompleksdə 16 yaşayış binasının tikintisi nəzərdə tutulur. Binalar 6 və 7 mərtəbəli olacaq. Kompleksdə 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı və 37 dördotaqlı mənzil yerləşəcək. Burada uşaq bağçası, iaşə obyektləri, yollar, səkilər və digər zəruri infrastruktur yaradılacaq.

Naxçıvanın inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülə bilməz. Bu diyar Azərbaycan tarixinin və mədəniyyətinin ən qədim beşiklərindən biridir. Prezidentin səfər proqramında tarixi-mədəni irsin qorunması da mühüm yer tutdu.

Dövlət başçısı “Əcəmi seyrangahı” istirahət kompleksində görkəmli memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak etdi. Eyni zamanda, Möminə xatun türbəsində aparılan bərpa-konservasiya işləri ilə tanış oldu. Prezident müsahibəsində də vurğuladı ki, Naxçıvanın tarixi-mədəni abidələrinin qorunması xüsusi əhəmiyyət daşıyır. Çünki sosial-iqtisadi inkişafın təməlində milli kimlik, milli ruh, dil, ədəbiyyat, tarix və mədəniyyət dayanır.

Bu yanaşma Naxçıvanın müasir simasının yaradılması ilə onun tarixi kimliyinin qorunmasının paralel aparıldığını göstərir.

Səfərin ən mühüm strateji mesajlarından biri isə nəqliyyat məsələsi ilə bağlı oldu. Prezident müsahibəsində Zəngəzur dəhlizi və TRIPP layihəsi, Naxçıvan dəmir yolunun bərpası və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının perspektivləri barədə geniş danışdı.

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın əsas hissəsindən Naxçıvana doğru avtomobil və dəmir yollarının tikintisi artıq aparılır. Naxçıvan dəmir yolunun yenidən qurulması üçün yeni texniki-iqtisadi əsaslandırma hazırlanıb və yolun uzunluğu 194 kilometr olacaq. Məqsəd xətti yalnız bərpa etmək deyil, onu gələcəkdə 15 milyon ton yükaşırma qabiliyyətinə malik müasir nəqliyyat xəttinə çevirməkdir.

Bu isə Naxçıvanın regional tranzit mərkəzinə çevrilməsi üçün mühüm imkan yaradır. Prezidentin də qeyd etdiyi kimi, Naxçıvanın timsalında yeni nəqliyyat damarları formalaşır. Gələcəkdə bu xətt yalnız dəmir yolu və avtomobil yolundan ibarət olmayacaq; fiber-optik kabellərin, elektrik xətlərinin, perspektivdə isə digər enerji infrastrukturlarının da bu dəhlizdən keçməsi mümkündür.

Səfər zamanı “Naxçıvan” Mehmanxana Kompleksinin də təməlqoyma mərasimində iştirak edildi. Bu layihə qədim diyarın turizm potensialının daha geniş şəkildə reallaşdırılması baxımından əhəmiyyətlidir. Naxçıvanın zəngin tarixi, memarlıq abidələri, təbii imkanları və müalicəvi resursları onun turizm imkanlarını genişləndirir.

Bununla yanaşı, Prezident Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planla da tanış oldu. Bu isə şəhərin inkişafının ayrı-ayrı layihələrlə deyil, uzunmüddətli və sistemli şəhərsalma konsepsiyası əsasında həyata keçiriləcəyini göstərir.

Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri bir daha göstərdi ki, qədim diyar yeni inkişaf mərhələsinə qədəm qoyur. Burada təhlükəsizlik və müdafiə potensialı gücləndirilir, sənaye və enerji infrastrukturu genişləndirilir, sosial layihələr həyata keçirilir, tarixi-mədəni irs qorunur, turizm imkanları artırılır və Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantısının bərpası istiqamətində mühüm addımlar atılır.

Ən əsası isə bu istiqamətlər bir-birindən ayrı deyil. Güclü ordu, dayanıqlı enerji, inkişaf edən sənaye, müasir sosial xidmətlər, qorunan milli irs və açılan nəqliyyat yolları vahid inkişaf strategiyasının tərkib hissələridir.

Prezidentin səfər zamanı səsləndirdiyi fikirlərdən də aydın olur ki, Naxçıvan artıq yalnız blokada şəraitindən çıxan və inkişaf edən region kimi deyil, Cənubi Qafqazın yeni nəqliyyat, enerji və iqtisadi xəritəsində mühüm mövqeyə yüksələn strateji məkan kimi nəzərdən keçirilir. Dövlət başçısının sözləri ilə desək, Naxçıvanın timsalında yeni nəqliyyat damarları yaradılır. Bu damarlar təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyəcək, həm də regionu daha geniş iqtisadi və enerji şəbəkələrinə bağlayacaq.

Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana avqust səfəri sadəcə görülən işlərin təqdimatı deyil, həm də qarşıdakı illərin inkişaf gündəliyinin nümayişi oldu. Bu gündəliyin əsas xəttində təhlükəsiz, güclü, sosial rifahı yüksək, sənayeləşən, yaşıl enerjiyə söykənən və regional nəqliyyat qovşağına çevrilən müasir Naxçıvan dayanır.

Vüsalə Əliyeva,
YAP Sədərək rayon təşkilatının sədri