05 avqust 2026 13:25
112

NATO Almaniya aeroportunda Ukrayna təyyarəsinin yanında PUA-nın tapıldığını təsdiqləyib

NATO Almaniyanın Leypsiq/Halle aeroportunda Ukrayna təyyarəsinin yaxınlığında pilotsuz uçuş aparatının (PUA) aşkar edildiyini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Alyansın nümayəndəsinə istinadən «DPA» agentliyi məlumat verib.

Təhlükəsizlik orqanlarındakı mənbələr bildiriblər ki, həmin PUA özündə detonatorla təchiz olunmuş partlayıcı maddə daşıyırmış.

«Bild» qəzetinin məlumatına görə, kiçik bağlama və detonatoru olan dron keçən gecə bilavasitə Ukraynaya məxsus «An» yük təyyarəsinin yanında, uçuş meydançasında tapılıb. Müstəntiqlər bunun partlayıcı qurğu olması ehtimalını istisna etmirlər.

Federal polis obyekti zərərsizləşdirmək üçün xüsusi robotdan istifadə edib. Dronu idarə edən şəxsin axtarışları hələlik nəticə verməyib.

«Bild» qəzeti həmçinin xəbər verir ki, Leypsiq/Halle aeroportundan 6 km məsafədə, 400 metr hündürlükdə digər bir yük təyyarəsi naməlum obyektlə toqquşub. Təyyarə Hannoverə yönləndirilib və enişdən sonra hava gəmisinin ön hissəsində kiçik zədələr aşkarlanıb.