05 avqust 2026 14:22
106

NATO ekspertləri Almaniya aeroportundakı insidentin təhqiqatında iştirak etmək istəyirlər

NATO ekspertləri Almaniyanın Leypsiq/Halle aeroportunda dronla bağlı baş vermiş insidentin araşdırılmasında iştirak etmək niyyətindədirlər.

“İki sahil” xəbər verir ki, bu barədə Saksoniya federal torpağının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla "Bild" qəzeti məlumat yayıb.

Keçən gecə aeroportun uçuş meydançasında, Ukraynaya məxsus  yük təyyarəsinin bilavasitə yanında kiçik bağlama və detonatoru olan dron aşkarlanıb. Mütəxəssislər artıq detonatoru qurğudan ayırmağa müvəffəq olublar.

«Bild»in məlumatına görə, hüquq-mühafizə orqanları hadisəyə «çox ciddi» yanaşırlar. Bağlamanın tərkibinin əldəqayırma partlayıcı maddə ola biləcəyi ehtimal edilir.

Dronu idarə edən şəxsin tapılması istiqamətində həyata keçirilən axtarışlar hələlik bir nəticə verməyib.