05 avqust 2026 13:07
126

Zelenski Ukraynanın heç bir raketi vura bilməməsində Qərbi günahlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Hava Hücumundan Müdafiə (HHM) sistemləri üçün raketlərin çatışmazlığından növbəti dəfə şikayətlənərək, silah tədarükünün gecikdirilməsinə görə Kiyevin Qərb tərəfdaşlarını ittiham edib. Onun sözlərinə görə, məhz bu ləngimələr səbəbindən keçən gecə ölkə ərazisində bir neçə obyekt vurulub.

“İki sahil” xəbər verir ki, Zelenski «Telegram» kanalında bəyan edib ki, baş verənlər tərəfdaşların «təchizatdakı gecikmələri və ya antiballistik raketləri verməyə hazır olmaması» ilə birbaşa bağlıdır və tərəfdaşların bunu dərk etməsi vacibdir.

Ukrayna Hərbi Hava Qüvvələri keçən gecə Rusiya Silahlı Qüvvələri tərəfindən atılan «Zirkon» və «İskander» raketlərindən heç birinin vurula bilmədiyini açıqlayıb. Kiyev vilayətində anbar və logistika obyektlərində yanğınlar baş verib, «Nova Poçta» şirkətinin çeşidləmə mərkəzi məhv edilib.

Zelenski müsahibələrinin birində ABŞ Prezidenti Donald Trampdan qış mövsümünə qədər «Patriot» HHM kompleksləri üçün 300 tutucu raket verməsini xahiş etdiyini bildirib. Kiyev tərəfi həmçinin Yaxın Şərqdəki münaqişə səbəbindən tərəfdaşlardan gələn silah tədarükünün azaldığını qeyd edir.