15 iyul 2026 12:15
86

Yeni dünya nizamı və BMT-də islahat: Şuşadan verilən mühüm mesaj

Prezident İlham Əliyev 4-cü Şuşa Qlobal Media Forumunda geniş və əhatəli çıxış edərək həm qlobal gündəmdə duran əsas çağırışlar, həm beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, həm də Cənubi Qafqazda gedən proseslərlə bağlı mühüm mesajlar verdi.

Artıq ənənəyə çevrilmiş Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqətlə izlədiyi nüfuzlu platformalardan biridir. Dördüncü dəfə keçirilən forumda dünyanın onlarla ölkəsindən jurnalistlər, aparıcı media qurumlarının rəhbərləri, ekspertlər və bloqerlər iştirak etdilər. Forum ildən-ilə həm iştirakçı ölkələrin sayına, həm də beynəlxalq nüfuzuna görə genişlənir və qlobal informasiya məkanında fikir mübadiləsi üçün mühüm platformaya çevrilir.

Cənab Prezident çıxışında bir çox məqamlara toxundu, Onlardan biri də Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının, xüsusilə də Təhlükəsizlik Şurasının islahatı ilə bağlı səsləndirdiyi fikirlər idi. Dövlət başçısının bu mövqeyi təkcə Azərbaycanın xarici siyasət baxışını deyil, həm də mövcud beynəlxalq sistemin gələcəyi ilə bağlı daha geniş bir vizyonu əks etdirir.

Beynəlxalq münasibətlər sistemi son onilliklərin ən dərin böhranlarından birini yaşayır. Bunu görmək üçün təkcə davam edən silahlı münaqişələrə deyil, həm də beynəlxalq institutların vəziyyətinə nəzər salmaq kifayətdir. Avropada təhlükəsizlik arxitekturası sarsılıb, ATƏT və Avropa Şurası kimi qurumların təsir imkanları faktiki olaraq sıfıra enib. Eyni vəziyyət qlobal səviyyədə də müşahidə olunur.

Ən böyük beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatı (BMT) də ciddi institusional böhran yaşayır. Əgər 20–30 il əvvəl BMT beynəlxalq təhlükəsizlik sisteminin əsas dayaqlarından biri hesab olunurdusa, bu gün onun nüfuzu və təsir imkanları xeyli azalıb. Son illərdə baş verən bir sıra iri münaqişələr göstərdi ki, təşkilat nə onların qarşısını ala bilir, nə də effektiv şəkildə idarə edə bilir.

Bu vəziyyətin ən bariz nümunəsi BMT Təhlükəsizlik Şurasının fəaliyyətidir. BMT Təhlükəsizlik Şurası İkinci Dünya müharibəsindən sonra formalaşmış geosiyasi reallığın məhsuludur. Onun strukturu həmin dövrün qüvvələr balansını əks etdirirdi. Lakin dünya artıq tamamilə dəyişib.

Bu gün beynəlxalq münasibətlər iki supergücün rəqabəti üzərində deyil, çoxmərkəzli sistem üzərində qurulur. Asiya, Afrika, Yaxın Şərq və Qlobal Cənub ölkələrinin iqtisadi və siyasi çəkisi əhəmiyyətli dərəcədə artıb. Lakin Təhlükəsizlik Şurasının tərkibi bu dəyişiklikləri əks etdirmir.

Nəticədə Şura beynəlxalq təhlükəsizlik sahəsində üzərinə düşən əsas funksiyanı yerinə yetirməkdə çətinlik çəkir. Bunun nəticəsini biz həm Rusiya–Ukrayna müharibəsində, həm də Yaxın Şərqdə baş verən hadisələrdə gördük. Təhlükəsizlik Şurası bu münaqişələrlə bağlı məcburi qüvvəyə malik qərarlar qəbul etmək və ya vahid mövqe ortaya qoymaq imkanını itirib.

Məhz bu fonda Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının islahatı ilə bağlı təklifini irəli sürdü. Bu təsadüfi deyil. Prezident əsas istiqaməti xüsusi vurğuladı ki, rotasiya prinsipi əsasında daimi yerlərdən biri Qoşulmama Hərəkatına verilsin, bir yer İslam Əməkdaşlıq Təşkilatına verilməlidir. Çünki müsəlman ölkələri də Təhlükəsizlik Şurasında təmsil olunmayıblar. Bu yer də rotasiya prinsipi əsasında müəyyənləşdirilməlidir. Həmçinin bir yer Afrika İttifaqına verilməli və hazırda Afrika İttifaqına sədrlik edən ölkə həmin yeri tutmalıdır.  Bu yanaşma mövcud beynəlxalq reallığı daha düzgün əks etdirir.

Qoşulmama Hərəkatı dünyanın ən böyük beynəlxalq platformalarından biridir və onlarla dövləti birləşdirir. Afrika isə XXI əsrdə həm demoqrafik, həm iqtisadi, həm də siyasi baxımdan ən sürətlə yüksələn regionlardan biridir. Belə olan halda onların qlobal təhlükəsizlik qərarlarının qəbulunda daha geniş iştirak etməsi məntiqidir. Əslində Təhlükəsizlik Şurasının islahatı ideyası yeni deyil. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uzun illərdir "Dünya beşdən böyükdür" tezisini irəli sürərək mövcud sistemin ədalətsiz olduğunu bildirir. Eyni zamanda G4 adlanan təşəbbüs mövcuddur. Almaniya, Yaponiya, Hindistan və Braziliya uzun müddətdir Təhlükəsizlik Şurasının daimi üzvlüyünə namizədliklərini irəli sürürlər. Lakin bu təşəbbüslər daha çox konkret dövlətlərin öz milli maraqlarına əsaslanır. Başqa sözlə, həmin ölkələr mövcud sistemi daha geniş təmsilçiliyə çevirməkdən çox, özlərinin daimi üzv statusu əldə etməsinə çalışırlar.

Bəzi Qərb dövlətlərinin mövqeyi də müəyyən suallar doğurur. Məsələn, ABŞ və Fransa müxtəlif vaxtlarda Təhlükəsizlik Şurasının genişləndirilməsini dəstəkləsələr də, Afrika ölkələrinin veto hüququ əldə etməsinə qarşı çıxıblar. Halbuki hazırkı daimi üzvlər öz veto hüquqlarını saxlamaq istəyirlər. Bu isə islahat ideyasının tam məntiqi ilə uyğun gəlmir.

Prezident İlham Əliyevin irəli sürdüyü yanaşma isə ayrı-ayrı dövlətlərin deyil, daha geniş beynəlxalq platformaların və regionların təmsilçiliyini nəzərdə tutur. Bu baxımdan təşəbbüs daha balanslı və qlobal xarakter daşıyır. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif beynəlxalq platformalar arasında körpü rolunu oynamaqdır.

Ölkəmiz Qoşulmama Hərəkatına uğurla sədrlik edib, COP29-a ev sahibliyi edib və Qlobal Şimal ilə Qlobal Cənub arasında dialoqun gücləndirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürüb. Bu baxımdan Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının islahatı ilə bağlı mövqeyi də həmin xəttin davamı kimi qiymətləndirilə bilər. Burada məqsəd ayrı-ayrı ölkələrin deyil, beynəlxalq sistemin legitimliyini və effektivliyini artırmaqdır. İslahat artıq qaçılmazdır.

Bu gün artıq bir çox ekspertlər razılaşırlar ki, BMT mövcud formada uzun müddət fəaliyyət göstərə bilməyəcək. Dünya dəyişib, beynəlxalq güc balansı dəyişib, yeni regional mərkəzlər formalaşıb. Lakin qlobal təhlükəsizlik sisteminin əsas institutu hələ də ötən əsrin geosiyasi reallığı üzərində qurulub. Buna görə də Təhlükəsizlik Şurasının islahatı artıq seçim deyil, zərurətdir. Əks halda, BMT sadəcə yox olacaq və dünya yeni təhlükəsizlik mexanizmləri axtarmağa başlayacaq.

Prezident İlham Əliyevin səsləndirdiyi təşəbbüs məhz bu zərurətdən çıxış edir. Əsas məqsəd daha geniş təmsilçilik, daha ədalətli qərar qəbuletmə mexanizmi və müasir geosiyasi reallığı əks etdirən beynəlxalq təhlükəsizlik sisteminin formalaşdırılmasına töhfə verməkdir. Belə bir yanaşma yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin maraqlarına xidmət edən strateji baxış kimi qiymətləndirilə bilər.

Nigar Arpadarai,
​Milli Məclisin deputatı