15 iyul 2026 12:23
131

Azərbaycan orta gücə çevrilməsinin əsas meyarları

Şuşa Qlobal Media Forumu faktiki olaraq Azərbaycanın xarici siyasət strategiyasının ən mühüm elementlərindən birinə çevrilmiş, diplomatiyanı, informasiya siyasətini və milli maraqların beynəlxalq arenada təşviqini unikal şəkildə birləşdirən platformadır. Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edir. Son dörd il ərzində Forum 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir. Bu rəqəmlər Azərbaycana olan böyük marağın açıq göstəricisidir.

Son dörd ildə Şuşanın beynəlxalq dialoq mərkəzi kimi möhkəm nüfuz qazanması olduqca rəmzidir. Bu, ölkəmizə Qarabağı hər il daha dərindən qlobal informasiya məkanına inteqrasiya etməyə imkan verir və bu məqamı dövlət başçısı forumdakı çıxışında xüsusi vurğuladı:“ Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər”. 

IV media forum da istisna olmadı. Onun mövzusu özü-özlüyündə çox şeyi ifadə edir — “Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması”. Bəli, bu gün dünyada baş verən proseslərin fonunda  medianın  rolu xüsusi olaraq qeyd edilir. Və  beynəlxalq ictimaiyyətin düzgün, qərəzsiz informasiyaya ehtiyacı hər zaman olduğundan daha çoxdur.  Forumda dünyanın aparıcı KİV-lərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı Azərbaycana regional proseslərə dair öz baxışını birbaşa çatdırmaq,  eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı işlərlə yerində tanış olmaq, ölkəmizin 30 ilə yaxın məruz qaldığı erməni işğalının ağır nəticələrini görmək imkanı yaradır.Prezident İlham Əliyevin Forumda iştirakı, çıxış, verilən suallara səmimi və dolğun cavabları ümumilikdə Azərbaycanın xarici siyasi və iqtisadi prioritetlərinin aydın ifadəsidir.

Beynəlxalq münasibətlərin klassik nəzəriyyəsi uzun müddət dövlətləri böyük güclər və onların maraqlarının axarında manevr etməyə məcbur olan digər ölkələr kimi ikiqütblü, sadələşdirilmiş sistem üzrə təsnif edirdi. Lakin qlobal təhlükəsizlik arxitekturasının dərin transformasiyası və çoxqütblülüyə keçid yeni bir oyunçu kateqoriyasını – “orta güclər”i ön plana çıxardı. Nüvə nəhəngləri statusuna malik olmasalar da, bu cür ölkələr makroregional proseslərə həlledici təsir göstərmək qabiliyyətinə malikdir və tam xarici siyasət müstəqilliyi nümayiş etdirirlər.

Azərbaycanın yeni statusu ilə bağlı müzakirələr Şuşada keçirilən Qlobal Media Forumunda keyfiyyətcə yeni mərhələyə yüksəldi. Beynəlxalq ekspertlər və jurnalistlər qarşısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, “Mən bəzi analitik yazıları oxuyuram və həmçinin Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi ilə tanışam. Bununla belə, düşünürəm ki, bu cür toplantı ölkənin orta güc olmasına dair hansı meyarların dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər. Burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən edilməyib. Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur”.

Onun fikrincə, bu status yalnız deklarativ xarakter daşıya bilməz – o, mütləq praktik resurslarla dəstəklənməlidir. Burada əsas arqument nominal deyil, real dövlət gücüdür. Bu konseptual yanaşma mühüm bir dönüşü əks etdirir: Azərbaycan artıq sırf Cənubi Qafqaz liderliyi çərçivəsini aşaraq suveren iradəsi ilə qlobal oyunçuların hesablaşmağa məcbur olduğu dövlətlərin “yüksək liqa”sına daxil olub.

Müasir reallıqlarda “orta güc”ün ilk və ən mühüm meyarı xarici diktədən azad, suveren xarici siyasət yürütmək qabiliyyətidir. Bir çox ənənəvi Avropa dövlətlərinin faktiki olaraq suverenliklərini fövqəlmilli strukturlara həvalə etdiyi şəraitdə Bakı milli maraqların qəti prioritetini nümayiş etdirir. Dünya güc mərkəzlərinin təzyiqlərinə qarşı durmaq bacarığı İlham Əliyevin diplomatiyasının vizit kartına çevrilib. ABŞ Konqresində və Avropa paytaxtlarında fəaliyyət göstərən ermənipərəst lobbi dairələrinin koordinasiyalı sanksiya və siyasi təzyiqlərinə tab gətirmək Azərbaycanın bu qabiliyyətini aydın şəkildə göstərir. Bakı nəinki tab gətirdi, hətta Vaşinqtonla bərabərhüquqlu strateji tərəfdaşlıq formatına keçidə nail oldu ki, bu da ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamədə əksini tapıb.

Bu suverenliyin miqyasının bariz sübutu Azərbaycanın dörd il ərzində Qoşulmama Hərəkatına sədrliyi olub. Bakı yalnız BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata rəhbərlik etməklə kifayətlənmədi, həm də COVID-19 pandemiyası dövründə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılmasını təşəbbüs etməklə və inkişaf etmiş ölkələrin “vaksin millətçiliyi”nə qarşı çıxmaqla ona yeni nəfəs verdi. Bu, qlobal koordinator rolunu öz üzərinə götürən orta gücün klassik addımı idi.

Yeni statusun ikinci ayrılmaz meyarı hərbi gücdür. Orta güc üçün ordu yalnız kağız üzərində saxlayıcı alət deyil, dövlətçiliyin qorunması üçün real, yüksək texnoloji və mobilizasiya qabiliyyətli vasitədir. Şuşadakı çıxışında Azərbaycan lideri bu aspekti dövlətin dayanıqlığının əsas praktiki sübutu kimi qeyd etdi: “Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir.  daha bir meyar – bir neçə cəbhədə müdafiə oluna bilmək imkanının olmasıdır”. 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri aparıcı dünya ordularının müasir hərbi dərsliklərinə daxil edilib. Azərbaycan mürəkkəb dağlıq şəraitdə pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar və xüsusi təyinatlı qüvvələrin geniş tətbiqi ilə beşinci nəsil müharibə modelini nümayiş etdirdi.

Lakin Bakının strateji dayanıqlığı klassik hərbi əməliyyatlarla məhdudlaşmır. Prezidentin qeyd etdiyi “bir neçə cəbhədə müdafiə” qabiliyyəti ilk növbədə müasir hibrid çağırışlara qarşı effektiv müqavimət deməkdir. Azərbaycan uzun müddətdir ki, informasiya müharibələrinə qarşı mübarizə aparır, beynəlxalq institutlarda görünməmiş siyasi və diplomatik təzyiqlərə tab gətirir və daxili işlərə müdaxilə cəhdlərinin qarşısını alır. Media, hüquqi və siyasi sahələrdə zərbələrə davam gətirərək strateji kursunu qorumaq qabiliyyəti Bakının “orta güc” meyarlarından birini – sistemli dayanıqlığını təsdiqləyir.

Eyni zamanda yüzlərlə adda müdafiə məhsulu istehsal edən və ixrac edən hərbi-sənaye kompleksinin formalaşdırılması Azərbaycanın kritik anlarda xarici təchizatçılardan asılılığını minimuma endirməsinə imkan verir ki, bu da yalnız orta güclərə xas xüsusiyyətdir.

Həqiqi orta güc öz siyasi və iqtisadi təsirini coğrafi sərhədlərindən kənara proyeksiya edə bilir. Onun bəyanatları aparıcı dünya mərkəzlərində təhlil olunur, xarici siyasət təşəbbüsləri isə makroregional xəritəni dəyişir. Bununla bağlı,  Prezident İlham Əliyev bildirdi ki: “Fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib”. Eyni zamanda, bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir”.

Bu gün Bakının təsir coğrafiyası Mərkəzi Asiya və Yaxın Şərqdən Balkanlara və Afrika qitəsinə qədər uzanır. Bunun əsas sübutlarından biri 40 milyard dollardan artıq dəyəri olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsi ilə ölkənin enerji liderliyidir.Hazırda Azərbaycan qazı İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya daxil olmaqla Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və faktiki olaraq qitənin enerji balansının konturlarını müəyyənləşdirir. Eyni zamanda Azərbaycan Suriyaya qaz tədarük etməklə bu müharibədən əziyyət çəkmiş ölkənin bərpasına töhfə verir. Bununla paralel olaraq “Orta dəhliz” layihəsi Çin və Mərkəzi Asiyanı Azərbaycan üzərindən Avropa ilə birləşdirir. Bakı limanının tutumunun 25 milyon tona qədər artırılması və Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi respublikanı Avrasiyanın əvəzolunmaz quru körpüsünə çevirib.

Nəhayət, Azərbaycanın təsiri neokolonializmə qarşı mübarizə sahəsində də özünü göstərir. Bakı Təşəbbüs Qrupu müxtəlif regionlarda kolonial siyasətlə üzləşən xalqların hüquqlarını müdafiə edən effektiv platformaya çevrilib. Yeni Kaledoniya, Fransız Polineziyası və Martinikada aparılan ifşaedici fəaliyyətlər geniş rezonans doğursa da, təşkilatın gündəliyi daha genişdir. O, həmçinin Niderlandın kolonial irsi və Hindistanda sikh icmasının hüquqları kimi məsələləri də gündəmə gətirir. Bu fəaliyyət Azərbaycanın beynəlxalq səviyyədə söz sahibi olduğunu və hətta BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə belə rəqabət aparmaq qabiliyyətini göstərir.

Orta güc statusu dövlət üzərinə beynəlxalq ictimaiyyət qarşısında müəyyən öhdəliklər də qoyur. Güc yalnız qalib gəlmək qabiliyyəti ilə deyil, həm də regionun inkişafı və münaqişələrin həlli üçün məsuliyyət götürmək hazırlığı ilə ölçülür. Cənab İlham Əliyevin dediyi kimi: “Eyni zamanda, bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir. Ölkənizin daxilində və müəyyən dərəcədə bütöv regionda baş verənlərə görə olan məsuliyyətdir. Fikrimcə, sonradan heyət də bu meyara əlavələr edə biləcək. Lakin düşünürəm ki, bütün bu dediklərimi Azərbaycana aid etmək olar. Ola bilsin bu səbəbdən bir sıra ekspertlər bizi orta güc adlandırır və səmimi desəm, mən buna etiraz etmirəm”.

Beləliklə, Prezident İlham Əliyevin çıxışı Azərbaycanın müstəqil, balanslı və milli maraqlara əsaslanan siyasət kursunu bir daha nümayiş etdirdi.

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor