14 iyul 2026 11:27
136

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal informasiya diplomatiyası və yeni beynəlxalq əməkdaşlıq modeli

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı dərin məzmunlu çıxışı və dünya mətbuatının suallarına verdiyi konseptual cavablar müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan rolunun mükəmməl yol xəritəsidir. Bu tarixi çıxış sadəcə bir dövlət rəhbərinin bəyanatı deyil, həm də ədalətə, suverenliyə və milli maraqların qorunmasına əsaslanan yeni dünya düzəninin fəlsəfəsidir. Cənab Prezidentin hər bir fikri Azərbaycanın qlobal arenadakı gücünü, sarsılmaz iradəsini və milli ləyaqətini növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.

Şuşa Qlobal Media Forumu artıq regional çərçivələri aşaraq beynəlxalq xarakter daşıyan mötəbər bir platformaya çevrilmişdir. Bu gün Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu və bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat iştirak edir. Son dörd il ərzində bu platforma 81 ölkənin 600-ə yaxın media nümayəndəsini bir araya gətirmişdir. Qarabağda, Şuşada belə bir auditoriyanı qəbul etmək ölkəmiz üçün böyük şərəfdir. Dünyanın müxtəlif guşələrindən gələn qonaqlar artıq dağıntıları deyil, yenidən qurulan şəhərləri, yeni evlərində ləyaqətlə yaşayan insanları – real inkişafı öz gözləri ilə görürlər. Şuşa bu gün qərarların qəbul edilməsinə təsir göstərən, qlobal ictimai rəyi formalaşdıran insanların dostluq mərkəzinə çevrilmişdir.

Azərbaycan uzun illərdir ki, coğrafi mövqeyindən çoxtərəfli əməkdaşlıq üçün səmərəli platforma kimi istifadə edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Qonşularla qarşılıqlı əlaqələr olmadan, heç zaman tranzit ölkəyə çevrilmək mümkün deyil”. Cənab Prezident öz çıxışında ölkəmizin beynəlxalq müttəfiqlik münasibətlərinin hazırkı yüksək səviyyəsini dəqiq analiz etdi. Prezidentimizin toxunduğu ən mühüm məqamlardan biri Azərbaycanın sülh təcrübəsi və ABŞ ilə münasibətlərin yeni səviyyəsi oldu. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər hazırda tarixi əlaqələr zəncirinin ən pik – strateji tərəfdaşlıq səviyyəsindədir. Bu münasibətlərin təməli ötən ilin avqustunda Vaşinqtonda Prezident Donald Trampla keçirilən tarixi görüş və bu ilin yanvarında Davosda baş tutan yenidən görüşlə daha da möhkəmlənib. Azərbaycan ABŞ Prezidentinin təşəbbüsü olan Sülh Şurasının təsisedici üzvü kimi dəvət alıb, Vitse-prezident Ceyms Devid Vensin ölkəmizə səfəri zamanı isə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Prezident Trampın komandası tərəfindən yaradılan əlverişli danışıqlar çərçivəsində Azərbaycan və Ermənistan sülh sazişini Ağ Evdə paraflamışlar. Bundan dərhal sonra ölkəmiz sülhsevər xarakterini nümayiş etdirərək Ermənistana olan məhdudiyyətləri birtərəfli qaydada tam aradan qaldırmışdır. Rusiya və Qazaxıstandan Ermənistana 40 min tondan artıq humanitar və digər yüklərin daşınmasına şərait yaradılmış, hətta ölkəmiz Ermənistana 10 min tondan çox neft məhsulları təchiz etməyə başlamışdır. Bu faktlar ABŞ Konqresinin hələ 1992-ci ildə ermənipərəst senatorların təşəbbüsü ilə qəbul etdiyi, ədalətsiz 907-ci düzəlişin tamamilə köhnəldiyini və ləğv edilməsinin vacibliyini sübut edir.

Azərbaycanın xarici siyasətinin sarsılmaz sütunlarından birini, şübhəsiz ki, qardaş Türkiyə ilə qurduğu müttəfiqlik təşkil edir. Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. 5 il öncə imzalanan tarixi Şuşa Bəyannaməsi ilə münasibətlərimiz rəsmən müttəfiqlik səviyyəsinə qalxıb. Biz təkcə qardaş deyilik, həm də müttəfiqik. Dövlətimizin başçısının qətiyyətlə bəyan etdiyi kimi, bizlərdən birinə hər hansı pis hadisə üz verərsə, digəri bütün potensialı, o cümlədən hərbi gücü ilə qardaşının müdafiəsinə qalxacaqdır. Bu, sarsılmaz bir birliyin və dastan yazan qardaşlığın nümunəsidir.

Eyni zamanda, ölkəmizin Asiya və Mərkəzi Asiya formatındakı fəaliyyəti də qlobal miqyasda böyük diqqət çəkir. Çin ilə hərtərəfli strateji tərəfdaşlıq qurulub və BYD elektrik avtobuslarının birgə istehsalına başlanılıb. Özbəkistan və Qazaxıstan ilə qardaşlıq münasibətlərimiz isə Qarabağın dirçəlişində öz əyani təsdiqini tapır. Füzulidə Özbəkistan tərəfindən tikilən Mirzə Uluqbəy adına məktəb, Xankəndidəki müasir tikiş fabriki, Qazaxıstanın inşa etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu səmimi qardaşlıq bağlarının ən gözəl rəmzləridir. Həmçinin Xəzərin dibi ilə enerji kabelinin çəkilməsinə dair 2024-cü ildə Bakıda imzalanmış müqavilə bu birliyin və yeni regional tərəfdaşlıqların bariz nümunəsidir.

Şuşa Qlobal Media Forumu sadəcə bir media toplantısı deyil, bu platforma Azərbaycanın qlobal problemlərin həllindəki intellektual liderliyini və beynəlxalq münasibətlər sistemindəki güclü mövqeyini növbəti dəfə nümayiş etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Forumun keçirilmə fəlsəfəsinə dair fikirləri bu platformanın əsl mahiyyətini ortaya qoyur. Məqsəd dünyanın fərqli coğrafiyalarından gələn media peşəkarlarının ortaq narahatlıq və maraq doğuran məsələləri sərbəst şəkildə müzakirə edə biləcəyi obyektiv mühit yaratmaq, eyni zamanda onlara Qarabağın və Şuşanın tarixi həqiqətlərini yerindəcə çatdırmaqdır. Şuşaya ayaq basan hər bir xarici jurnalist öz gözləri ilə görür ki, bu torpaqlar otuz illik dağıntılardan sonra necə böyük sevgi və sürətlə yenidən qurulur. Bu gün dövlətimizin qarşısında duran ən ali strateji hədəf işğaldan təmizlənmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarının dirçəldilməsi, soydaşlarımızın öz doğma evlərinə təhlükəsiz və layiqli qayıdışını təmin etməkdir. Ölkə başçısının tədbir iştirakçıları qarşısında bu istiqamətdə görülən genişmiqyaslı işlər barədə ətraflı çıxışı Azərbaycan dövlətinin humanitar və quruculuq qüdrətinin növbəti nümayişi oldu.

Müasir dünyada informasiya artıq sadəcə xəbər ötürmək vasitəsi olmaqdan çıxaraq, milli təhlükəsizlik məsələsinə, dövlətlərin suverenliyinə və ictimai rəyə birbaşa təsir edən güclü bir strateji resursa çevrilmişdir. Belə bir dövrdə rəqəmsal transformasiya, süni intellektin mediaya inteqrasiyası və dezinformasiya ilə mübarizə kimi qlobal çağırışlar peşəkar jurnalistikanın üzərinə böyük məsuliyyət qoyur.

Azərbaycanın təşəbbüsü ilə təsis edilən bu Forum qısa müddət ərzində dünya miqyasında ən etibarlı intellektual mərkəzlərdən birinə çevrilməyi bacardı. Tədbirin ən fərqli və üstün cəhəti isə cənab Prezident İlham Əliyevin yerli və xarici jurnalistlərin suallarına tam açıq, səmimi və rəsmi protokollardan kənarda cavab verməsidir. Bu açıq dialoq modeli dövlət rəhbəri ilə beynəlxalq mətbuat arasında birbaşa və etibarlı körpü yaradır, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ilkin mənbədən çatdırılmasını təmin edir.

Azərbaycanın irəli sürdüyü regional və qlobal təşəbbüslərə verilən beynəlxalq dəstək, ölkəmizin inkişaf modelinin və apardığı xarici siyasətin doğruluğunun bariz sübutudur. Biz hər sahədə qazandığımız zəngin təcrübəni qlobal tərəfdaşlarımızla bölüşməyə hər zaman hazırıq və bu, dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayır. IV Şuşa Qlobal Media Forumu mahiyyət etibarilə regionun və dünyanın gələcək nizamına işıq tutaraq fundamental suallara cavab axtardı. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq birliyin Azərbaycanın sülh təşəbbüslərinə verəcəyi dəstək regional dinamikanı müsbət istiqamətə yönəldəcək. Atılan bütün bu prinsipial addımların yekun hədəfi Cənubi Qafqazı hər hansı ərazi iddialarından, münaqişələrdən və kənar təhdidlərdən tamamilə təmizləyərək sülh, tərəfdaşlıq və qarşılıqlı etimad regionuna çevirməkdir.

Anar Məmmədov,

Milli Məclisin deputatı