14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə əsası qoyulan təhsil və milli kadr strategiyası müasir idarəetmə elminin "sosial mühəndislik" və "insan kapitalı" prinsipləri işığında təhlil olunması bir zərurətdir. Təsadüfi deyildir ki, Sovet dövrünün məhdudiyyətləri fonunda reallaşdırılan intellektual sıçrayışın, bu gün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası tərəfindən icra edilən yeni rəqəmsal iqtisadiyyat, süni intellekt və innovasiya ekosistemi strategiyaları ilə elmi-metodoloji bağlılığı vardır.
İdarəetmə elmində subyektin (dövətin) dayanıqlı inkişafı birbaşa obyektin (insan resurslarının) keyfiyyət göstəricilərindən asılıdır. 1969-cu ilə qədərki Azərbaycan mənzərəsində sənaye, elmtutumlu sahələr və strateji idarəetmə mexanizmlərində milli kadrların payı kritik dərəcədə aşağı idi. 14 iyul 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev prosesə klassik rəhbər tipologiyasından fərqli olaraq, bir "sosial mühəndis" və "strateji menecer" vizyonu ilə yanaşdı.
Ulu Öndər yaxşı dərk edirdi ki, iqtisadi və siyasi suverenliyin rüşeymləri yalnız müstəqil intellektual baza üzərində qurula bilər. Bu məqsədlə respublikadan kənarda, keçmiş SSRİ-nin 170-dən çox ali məktəbinə hər il yüzlərlə azərbaycanlı gəncin göndərilməsinə başlanıldı. Bu, adi bir təhsil layihəsi deyil, gələcək müstəqil dövlətin kibernetika, tətbiqi riyaziyyat, fizika, neft kimyası və digər sahələr üzrə kadr bankını formalaşdıran "məqsədli insan kapitalı mühəndisliyi" idi.
Pedaqoji və sosioloji baxış bucağından yanaşdıqda 1969-cu il təhsil strategiyası iki mühüm funksiyanı eyni anda yerinə yetirirdi:
1. Texnokratik funksiya: Dünyanın elmi-texniki çağırışlarına cavab verən mütəxəssislər ordusu yaratmaq.
2. Milli-ideoloji funksiya: Yad mühitdə təhsil alan, lakin öz xalqının gələcəyinə xidmət etmək üçün milli şüurla silahlanmış elita formalaşdırmaq.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu proses müasir dövlət idarəçiliyində "kadr süzgəci və rotasiya" modelinin ən mükəmməl tarixi presedentidir. Gənclərin sadəcə təhsil alması deyil, onların respublikaya qayıtdıqdan sonra laboratoriyalarda, zavod və fabriklərdə idarəçi rəhbər kimi yerləşdirilməsi milli idarəçilik mədəniyyətinin keyfiyyət transformasiyasına gətirib çıxardı. Təhsil sisteminə gətirilən bu yeni nəfəs, fərdin cəmiyyətdəki sosial statusunun onun biliyinə və meritokratik (bacarığa əsaslanan) göstəricilərinə görə təyin olunmasını qanuniləşdirdi.
1969-cu ildə atılmış strateji addımlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyətində təkamülün ən yüksək mərhələsinə çatmışdır. İki dövrü birləşdirən ortaq fəlsəfə xətti aşağıdakı formada öz analitik əksini tapır:
1. 1969-cu il strateji kursu və 2026-cı İl Rəqəmsal İnkişaf Strategiyası;
2. SSRİ-nin aparıcı elmi mərkəzlərinə hədəfli kadr transferi və qlobal innovasiya ekosisteminə inteqrasiya, yerli startaplara dəstək;
3. Elmi laboratoriyaların və yeni sənaye sahələrinin açılması və Süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma, Yol xəritəsi
4. Milli kadr potensialının sıfırdan institutlaşdırılması -Vahid yanaşma təmin edən Rəqəmsal İnkişaf Şurası;
5. Gələcək müstəqilliyə hesablanmış iqtisadi-sosial baza və post Zəfər dövrünün yeni iqtisadiyyatına güclü təkan;
Rəqəmsal İnkişaf Şurasının qarşıya qoyduğu əsas hədəf — yaxın 3 il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin etmək, yerli və xarici investisiyaları cəlb etməkdir. Bu hədəf 1969-cu ilin "milli sənayeləşmə və elmi intibah" hədəfinin XXI əsrin texnoloji dilinə tərcüməsidir. Bu varisliyin ən rəmzi və praktiki təzahürü bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı kənd" (Smart Village) və "ağıllı şəhər" (Smart City) layihələridir. Vaxtilə Ulu Öndərin uzaqgörən təhsil siyasəti sayəsində formalaşmış mühəndislik, memarlıq və idarəçilik məktəbinin yetirmələri və onların davamçıları olan bugünkü rəqəmsal gənclik, rəqəmsal transformasiyanı birbaşa Qarabağ torpaqlarında tətbiq edirlər. Ağalıda qurulan intellektual infrastruktur, əslində, 14 iyul 1969-cu ildə başlanmış fundamental strategiyanın tarixi və elmi yekunudur.
Ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxası sadəcə siyasi sabitlik mərhələsi deyil, həm də Azərbaycanın intellektual suverenliyinin qurulduğu dövrdür. 1969-cu ildə "insan kapitalı"na qoyulan investisiya, bu gün rəqəmsal əsrin çağırışları fonunda ölkəmizin dayanıqlı inkişafını, startap ekosistemini və daha səmərəli dövlət idarəetmə sistemini şərtləndirən fundamental bazisdir. Rəqəmsal İnkişaf Şurasının qəbul etdiyi müasir Yol xəritələri, 14 iyulda əsası qoyulan "Böyük Sıçrayış" fəlsəfəsinin rəqəmsal dünya düzənindəki təntənəsidir.
Beləliklə, 1969-cu ildə məqsədimiz Sovet rəqabətinə davam gətirəcək mütəxəssis yetişdirmək idisə, bu gün Rəqəmsal İnkişaf Şurasının fəaliyyət fəlsəfəsi qlobal süni intellekt və kiberməkan əsrində Azərbaycanın texnoloji suverenliyini təmin edəcək yeni nəsil insan kapitalını idarə etməkdir. Buna görə də həmin dövrü öyrənməli və düzgün nəticələr ətrafında sıra almalıyıq.
Aysel Şeydayeva,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Sosial və humanitar məsələlər üzrə direktor müavini,
pedaqogika üzrə fəlsəfə doktoru,
“Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”