Yekun nəticələr ümumi bala əsasən müəyyən edilir, bərabərlik olduqda isə üstünlük meyarları tətbiq olunur
Dövlət icra məmuru vəzifəsinə qəbul prosesində namizədlərin yekun sıralanması qanunvericiliklə müəyyən edilmiş meyarlar əsasında aparılır.
Ədliyyə Nazirliyinin Mətbuat Xidməti "İki sahil"in sorğusuna cavab olaraq bu prosesin necə həyata keçirildiyini izah edib.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, icbari təlimin yekun qiymətləndirilməsindən uğurla keçən namizədlər müsabiqə və təlim üzrə topladıqları ümumi bala əsasən sıralanırlar.
Məlumata əsasən, namizədlərin topladığı ballar bərabər olduqda üstünlük qanunvericiliklə müəyyən edilmiş ardıcıllıq üzrə verilir. İlk növbədə elmi dərəcəsi olan şəxslərə, daha sonra ali təhsilin daha yüksək pilləsini bitirmiş namizədlərə üstünlük tanınır.
Bildirilib ki, təhsil səviyyəsi eyni olduqda ali təhsil müəssisəsini fərqlənmə ilə bitirən namizədlərə üstünlük verilir. Digər göstəricilər də bərabər olduğu təqdirdə isə xarici dil bilən namizədlər daha üstün hesab edilirlər.
Yaqut Ağaşahqızı, “İki sahil”