13 iyul 2026 10:48
87

Böyük Qayıdış: Milli həmrəyliyin təcəssümü

2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə bərpa və geniş quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmini və bu istiqamətdə bütün işlərin vahid proqram əsasında aparılması üçün ölkənin iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Dövlət Proqramı hazırlandı. Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə yenidən qurulmasını, dirçəldilməsini, əhalinin dayanıqlı məskunlaşmasını və davamlı iqtisadi inkişafın təmin olunmasını hədəflədi.

Hazırda işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi üçün böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə etdikləri hər səfər xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır.

Ötən müddətdə dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. Bu bölgələrdə yeni şəhərlər salınır, məktəblər açılır, müəssisələr fəaliyyətə başlayır, istehsal genişlənir, insanlar işləyir, gənclərimiz təhsil alır və yaşayırlar.

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların dayanıqlı məşğulluğunun təmin edilməsi üçün dövlət tərəfindən bir sıra sosial dəstək tədbirləri həyata keçirilir. Bu tədbirlərə köçürülən sakinlər üçün nəzərdə tutulan 600 manat məbləğində birdəfəlik müavinət, hər il əlavə 5 gün məzuniyyət, əməkhaqqının bir hissəsinin və kommunal xərclərin bir qisminin subsidiyalaşdırılması kimi güzəştlər daxildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən proqramlar nəticəsində 2026-cı ilin iyun ayına qədər işğaldan azad olunmuş ərazilərdə məskunlaşan 12 mindən artıq iqtisadi fəal şəxsdən 10,8 min nəfərinin məşğulluğu təmin olunub. Əlavə olaraq 1300 nəfərə yaxın şəxsin də işlə təmin edilməsi istiqamətində iş aparılır. Həmçinin 881 nəfər aktivlərlə təmin edilərək öz təsərrüfatını qurub. Hazırda daha 490 ailənin proqrama cəlb olunması nəzərdə tutulur. Eyni zamanda hazırda minlərlə keçmiş məcburi köçkün peşə hazırlığı kurslarına cəlb olunur. Doğma yurdlarına köçürülən sakinlərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi üçün hazırlıq kursları da təşkil edilir. Ötən dövrdə onlardan 506 sakin həmin kurslara cəlb olunub. Kursları başa vuranların yeni öyrəndikləri peşələr üzrə işlə təminatı həyata keçirilir.

Qarabağ və Şərqi Zəngəzurda da Dövlət proqramlarına uyğun olaraq kənd təsərrüfatının inkişafı istiqamətində mühüm layihələrin həyata keçirilməsi üçün ciddi addımlar atılır. Əsas hədəflər sırasında müasir suvarma sistemlərinin genişləndirilməsi, intensiv bağçılığın inkişaf etdirilməsi və yeni müasir bağların salınması dayanır. Zəngin təbii və ekoloji sistemi və torpaq ehtiyatlarını əhatə edən bu bölgələrdə torpaq ehtiyatlarının səmərəli istifadə olunması, sənaye və aqrar parklarının yaradılması, “ağıllı şəhər”, “ağıllı kənd”, “ağıllı kənd təsərrüfatı”, “ağıllı ekosistem” və s. layihələrin uğurla reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun, eləcə də respublikamızda intensiv bağçılığın inkişafına böyük töhfələr verəcək.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. Otuz ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla icra olunur Milli həmrəyliyin təcəssümü olan Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası yekunlaşmaq üzrədir və hazırda isə İkinci Dövlət Proqramının hazırlanması istiqamətində intensiv iş aparılır.

Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Təbii ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Böyük Qayıdışın sevincini yaşayan insanlarımızda qürur hissi yaradır.

Zahid Rza, “İki sahil”