09 iyul 2026 14:55
105

Ankara Sammiti: NATO-nun yeni təhlükəsizlik fəlsəfəsi və Ukraynaya verilən tarixi siyasi mesaj

Bəzən beynəlxalq siyasətdə bir ifadə onlarla səhifəlik qərardan daha böyük məna daşıyır. NATO-nun 7–8 iyul 2026-cı il tarixlərində Ankarada keçirilən 36-cı Zirvə Toplantısının Yekun Bəyannaməsində Ukraynanın ilk dəfə rəsmi şəkildə "təhlükəsizlik tərəfdaşı" (security contributor) kimi tanınması məhz belə siyasi hadisələrdəndir. İlk baxışdan diplomatik termin təsiri bağışlayan bu ifadə əslində NATO-nun gələcək strateji kursunu müəyyənləşdirən mühüm siyasi mesajdır.

Bu qərarla alyans faktiki olaraq etiraf edir ki, Ukrayna artıq yalnız Qərbin hərbi və maliyyə dəstəyinə ehtiyacı olan dövlət deyil. O, Avro-Atlantik təhlükəsizlik sisteminin formalaşmasında real töhfə verən, müasir müharibənin ən qiymətli təcrübəsinə malik strateji tərəfdaşdır. Bu, NATO-nun Ukraynaya baxışında keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır.

Dörd ildən artıq davam edən müharibə Ukrayna ordusunu dünyanın ən təcrübəli silahlı qüvvələrindən birinə çevirib. Pilotsuz uçuş aparatlarının geniş tətbiqi, elektron müharibə, kəşfiyyat imkanları, hava hücumundan müdafiə sistemlərinin inteqrasiyası və müasir döyüş taktikasının tətbiqi sahəsində əldə edilən təcrübə artıq yalnız Ukraynanın deyil, bütün NATO-nun təhlükəsizlik potensialını zənginləşdirən mühüm resurs hesab olunur.

Məhz buna görə də alyansın Ukraynanı "təhlükəsizlik tərəfdaşı" adlandırması simvolik jest deyil. Bu, NATO-nun təhlükəsizlik anlayışının dəyişdiyini göstərən siyasi bəyanatdır. Əgər əvvəllər əsas sual "Ukrayna NATO-ya nə qədər yük gətirəcək?" idisə, indi fərqli sual meydana çıxır: "Ukrayna NATO-nun kollektiv müdafiəsini nə qədər gücləndirə bilər?"

Bu dəyişiklik Ukraynanın gələcək üzvlüyü baxımından da mühüm əhəmiyyət daşıyır. Doğrudur, "təhlükəsizlik tərəfdaşı" statusu avtomatik şəkildə üzvlük demək deyil. Alyansa qəbul prosesi yenə də siyasi konsensusdan, müharibənin nəticələrindən və islahatların davamından asılı olacaq. Lakin NATO artıq Ukraynanı gələcəyin namizədi kimi deyil, indiki təhlükəsizlik sisteminin ayrılmaz elementi kimi qiymətləndirir. Bu isə Kiyevin üzvlük yolunda indiyədək əldə etdiyi ən mühüm siyasi nailiyyətlərdən biri sayıla bilər.

Bu tarixi qərarın məhz Ankarada qəbul olunması da ayrıca siyasi məna daşıyır və  Ankaranın təsadüfi seçim olmadığını bir daha sübut edir. Son illər Türkiyə NATO daxilində yalnız güclü hərbi potensiala malik üzv kimi deyil, həm də Avropa, Qara dəniz, Qafqaz və Yaxın Şərq arasında geosiyasi tarazlığı qoruyan aparıcı dövlət kimi çıxış edir.

Ankara Sammiti bir daha nümayiş etdirdi ki, XXI əsrin təhlükəsizlik arxitekturasını Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Alyansın ikinci ən böyük ordusuna malik olan Türkiyə müdafiə sənayesi, regional diplomatiya, enerji təhlükəsizliyi və Qara dənizdə sabitliyin qorunması sahəsində NATO-nun əsas dayaqlarından birinə çevrilib.

Türkiyənin son illərdə milli müdafiə sənayesində əldə etdiyi uğurlar, pilotsuz uçuş aparatları, yüksək texnologiyalı hərbi sistemlər və yerli istehsal imkanları NATO daxilində Ankaranın strateji çəkisini daha da artırıb. Bu gün Türkiyə yalnız təhlükəsizlik istehlak edən deyil, təhlükəsizlik istehsal edən ölkələr sırasında dayanır. Bu baxımdan Ukraynanın "təhlükəsizlik tərəfdaşı" kimi tanınması ilə Türkiyənin alyans daxilində artan nüfuzu eyni strateji xəttin iki mühüm istiqamətidir.

Ankara Sammitinin ən mühüm nəticələrindən biri də NATO-nun gələcək inkişaf modelinə aydınlıq gətirməsidir. Alyans artıq yalnız coğrafi genişlənməni deyil, real döyüş təcrübəsini, texnoloji üstünlüyü, müdafiə sənayesinin çevikliyini və regional liderliyi əsas meyarlardan biri kimi qəbul edir.

Bu yeni yanaşma göstərir ki, XXI əsrdə təhlükəsizlik yalnız hərbi büdcələrin həcmi ilə müəyyən olunmur. Müharibə şəraitində sınaqdan çıxmış təcrübə, innovasiya, sənaye potensialı və operativ qərarvermə bacarığı da kollektiv müdafiənin ayrılmaz hissəsinə çevrilib.  Məhz buna görə Ukrayna və Türkiyə NATO-nun yeni təhlükəsizlik konsepsiyasında xüsusi yer tutur. Biri müasir müharibənin praktik təcrübəsini, digəri isə regional liderliyi, güclü müdafiə sənayesini və strateji coğrafiyanı təmsil edir. Ankara Sammiti göstərdi ki, NATO artıq yeni geosiyasi reallığa uyğunlaşır. Alyans təhlükəsizliyi yalnız qorumağa deyil, onu birlikdə formalaşdırmağa qadir olan dövlətlərlə daha sıx inteqrasiyaya üstünlük verir.

Ukraynanın "təhlükəsizlik tərəfdaşı" kimi tanınması gələcək üzvlük yolunda mühüm siyasi mərhələ olmaqla yanaşı, Avro-Atlantik təhlükəsizlik sisteminin dəyişən mahiyyətinin də rəsmi etirafıdır. Bu qərar eyni zamanda Türkiyənin alyans daxilində artan strateji rolunu bir daha təsdiqləyir.

Tarix bəzən böyük dəyişiklikləri uzun sənədlərlə deyil, cəmi iki sözlə yadda saxlayır. NATO-nun Ankara Bəyannaməsində yer alan "security contributor" (təhlükəsizlik tərəfdaşı) ifadəsi də çox güman ki, gələcəkdə məhz belə anlayışlardan biri kimi xatırlanacaq. Çünki bu ifadə təkcə Ukraynanın bugünkü mövqeyini deyil, sabahkı Avropa təhlükəsizlik sisteminin hansı prinsiplər üzərində qurulacağını da göstərir.

Əlövsət HÜSEYNQULİYEV,
AŞPA-nın üzvü statusuna malik Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri