09 iyul 2026 23:58
79

Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunub.

Xəbər verilir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna dəyişikliyi imzalayıb.

Sənəddə abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağan edilib.

Prezident İlham Əliyevin qanunun tətbiqi barədə imzaladığı müvafiq Fərmanla isə sözügedən məsələlərə razılıq vermək səlahiyyəti Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə verilib. Həm də razılıq o vaxt veriləcək ki, buna ciddi zərurət var. Qanuna dəyişiklik abidələrin ömrünün uzadılmasına və qorunmasına yönəlib. Əvvəllər bu məsələyə o qədər də diqqət verilmədiyindən və məsuliyyətsiz yanaşıldığından şəhərdəki bir çox maddi mədəni nümunələr yoxa çıxıb və ya oğurlanıb xarici ölkələrə aparılıb. İndi onların bir çoxu Ermənistanın və Rusiyanın muzeylərində saxlanır. Bəzi qiymətli eksponatlar isə əvvəllər yandırılaraq məhv edilib. Qarabağın hakimləri olan Pənahəli xana, İbrahimxəlil xana, Xan qızı Xurşidbanu Natəvana məxsus əşyalar və ədəbi nümunələrin bir hissəsi bu Vətəndən uzaqlarda alver predmetlərinə çevrilib. Həmin mədəni irs nümunələri əsasən müharibələr və azərbaycanlıların soyqırımları dövründə düşmənlərimiz tərəfindən yağmalanaraq daşınıb. Onların arasında nəfis şəkildə toxunmuş xalçalar çoxluq təşkil edir.

İşğal dövründə talanmış nadir xalça-palazlar, qədim əlyazmalar və incəsənət əsərləri beynəlxalq auksionlarda və ya gizli kolleksiyalarda aşkar edilsə də, zamanla dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə Azərbaycanın mədəni irsi olaraq nümayiş etdirilir. Hər şey təkcə bunlarla qurtarmır. İzimizi itirmək məqsədi ilə saysız-hesabsız mədəni irs nümunələrimiz məhv edilib. Ermənilər və onların havadarları 28 illik işğal müddətində Şuşanın erməni şəhəri olduğunu sübut edə bilmədilər. Bilməzdilər də. Çünki dünyanın bildiyi bir həqiqəti ona başqa cür tədqdim etmək mümkün deyildi. Separatçı barbarlar Topxana meşəsini qırçaqla, məscidləri murdarlamaqla, dağıtmaqla, qəbistanlıqları yerlə yeksan etməklə nəyi sübut edəcəkdilər? Bunlardan da əlavə, Birləşmiş Millətlər Təşkilatı Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və bunu təsdiq edən 4 qətnamə qəbul edib.

2020-ci ilin payızında Qarabağ işğaldan azad ediləndən az sonra strateji əhəmiyyətli Şuşanın Azərbaycan tarixində xüsusi yerinin olduğunu vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, vuruşub, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik...O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.

Cəmi bir neçə il keçib və şəhərdəki məscidlər və digər mədəniyyət abidələri təmir edilərək əvvəlkindən də abad və yaraşıqlı görkəmə gətirildi. Maddi mədəniyyət abidələri bərpa olunub, musiqi və incəsənət xadimlərinin güllələnmiş büstləri bərpa edilib əvvəlki yerlərinə qoyulub. Müasir arxitekturalı binalar tikilib, rahat yollar çəkilib, prospektlər salınıb. Hər il Şuşadakı Cıdır düzündə ənənəvi Xarıbülbül musiqi festivalları keçirilir. Musiqi bayramınə türk xalqlarının mədəniyyət və incənət ustalarının ifaları  daha da rövnəqləndirir. Biz  Şuşamızın gözəlliyi ilə yenə də fəxr edirik.

Vəli İlyasov, “İki sahil”