Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Aqil Əsədovun fikrincə, müasir dövrdə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı qlobal iqtisadiyyatın dayanıqlı fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. XXI əsrdə dünya iqtisadiyyatında baş verən struktur dəyişiklikləri beynəlxalq nəqliyyat sistemlərinin fəaliyyətinə də ciddi təsir göstərib. Qloballaşma, elektron ticarətin sürətli inkişafı, qlobal təchizat zəncirlərinin genişlənməsi, yük və sərnişin daşımaları həcminin artması, qarşılıqlı əlaqələrin intensivləşməsi nəqliyyat əməliyyatlarının daha çevik, təhlükəsiz və səmərəli idarə olunmasını tələb edir. Ənənəvi idarəetmə üsulları artıq bu tələbləri tam şəkildə ödəyə bilmədiyindən rəqəmsal texnologiyaların və süni intellektin tətbiqi strateji prioritetə çevrilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının 29 iyun tarixində keçirilən ilk iclası zamanı səsləndirildiyi kimi: “...Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir”.
İclasda vurğulandığı kimi: “Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır”. Əlbəttə, bütün bunların reallaşmasında nəqliyyat əlaqələri, nəqliyyat-logistika prosesləri xüsusi rol oynayır. Rəqəmsallaşma, yalnız informasiya texnologiyalarının tətbiqini deyil, həm də idarəetmə modelinin dəyişdirilməsini, məlumatların real vaxt rejimində emalını, avtomatlaşdırılmış qərar qəbuletmə sistemlərinin yaradılmasını və logistika proseslərinin optimallaşdırılmasını nəzərdə tutur. Bu prosesdə isə süni intellekt mühüm rol oynayaraq böyük həcmli məlumatların qısa zaman kəsiyində təhlilini, tələbin daha çevik və dəqiq proqnozlaşdırılmasını, yük axınlarının optimal bölüşdürülməsini, marşrutların optimallaşdırılmasını, risklərin qiymətləndirilməsini və ümumilikdə nəqliyyat proseslərinin avtomatik idarə edilməsini təmin edə bilər.
Aqil Əsədov qeyd edir ki, rəqəmsallaşma nəqliyyat sektorunda informasiya-kommunikasiya texnologiyalarının bütün idarəetmə və istehsal proseslərinə inteqrasiyası kimi xarakterizə oluna bilər. Bu transformasiya nəticəsində sənəd dövriyyəsi elektron formaya keçir, logistik əməliyyatlar avtomatlaşdırılır, qərarların qəbulu sürətlənir və insan faktorundan yaranan səhvlər minimuma endirilir. Bildirmək istərdim ki, beynəlxalq nəqliyyat əlaqələrində rəqəmsallaşmanın əsas komponentlərinə elektron yük sənədləri (e-CMR və s.), elektron gömrük sistemləri, GPS və peyk müşahidəsi, bulud əsaslı logistik platformalar, böyük verilənlərin təhlili, əşyaların interneti (IoT), blokçeyn texnologiyaları, süni intellekt əsaslı qərar qəbuletmə sistemləri daxil edilir. Hansı ki, bu texnologiyalar daşımaların şəffaflığını artırır, əməliyyat xərclərini azaldır və logistika zəncirinin bütün iştirakçıları arasında informasiya mübadiləsini sürətləndirir.
Süni intellekt (Aİ) nəqliyyat sektorunda da ən perspektivli texnologiyalardan biri hesab olunur. Aİ alqoritmləri yol sıxlığı, hava şəraiti, sərhəd-keçid məntəqələrində gözləmə müddəti, yanacaq sərfi və digər amilləri nəzərə alaraq ən optimal marşrutu müəyyən edir. Bu isə daşınma müddətini və beləliklə də logistika xərclərini azaldır. Eyni zamanda, anbarlarda robot sistemləri sifarişlərin hazırlanmasını, çeşidlənməsini və yüklənməsini avtomatlaşdırır. Aİ proqramları yükün yerləşdirilməsini optimallaşdıraraq nəqliyyat vasitələrinin tutumundan maksimum istifadə olunmasını təmin edir. Eləcə də, Aİ vasitəsilə daşıma vasitələrinin texniki vəziyyətinin monitorinqi, mümkün nasazlıqların öncədən müəyyən edilməsi də mümkündür. Bu texnologiyalar nəticəsində yükün hərəkəti tam izlənilə bilir və logistika zənciri daha şəffaf olur.
Şöbə müdirinin fikrincə, rəqəmsallaşma və süni intellektin tətbiqi nəqliyyat xidmətlərində də uzunmüddətli perspektivlər vəd edir. Bu baxımdan da, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı, Orta dəhlizin inkişafında əhəmiyyətli tərəf olan Azərbaycanda rəqəmsal nəqliyyat sistemlərinin inkişafına xüsusi diqqət yetirilməsi zəruridir. Bu, həm qlobal çağırışlardan irəli gələn zərurətdir, həm də Avrasiya məkanında Azərbaycanın nəqliyyat-tranzit-logistika qovşağı kimi formalaşmış mühüm mövqeyinin daha möhkəmləndirilməsinin vacib şərti kimi çıxış edir. Ölkəmizdə uğurla reallaşdırılan ASAN xidmət və elektron hökumət sistemlərinin inkişafı, rəqəmsal gömrük platformalarının tətbiqi, logistika mərkəzlərinin avtomatlaşdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, dəmir yolu daşımalarının elektron idarə olunması, nəqliyyat məlumat bazalarının inteqrasiyası və s. kimi tədbirlər rəqəmsal nəqliyyat-logistika xidmətlərinin də inkişafına öz töhfəsini verəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən hissəsinin modernləşdirilməsi, Zəngəzur dəhlizinin istifadəyə hazırlanması və ümumilikdə Orta Dəhlizin inkişafı fonunda rəqəmsal logistika həllərinin tətbiqi Azərbaycanın beynəlxalq tranzit imkanlarını daha da artıracaqdır.
Beynəlxalq təcrübədən də məlum olduğu kimi, rəqəmsallaşma yüksək investisiya tələbi, kibertəhlükəsizlik riskləri, zəruri hüquqi bazanın formalaşdırılması, müxtəlif ölkələrin informasiya sistemlərinin inteqrasiyasında yaranan problemlər, ixtisaslı kadr çatışmazlığı, məlumatların məxfiliyinin qorunması kimi bır sıra problemlərlə də qarşılaşa bilər. Bununla belə, rəqəmsallaşma və süni intellektin tətbiqi yaxın gələcəkdə tam avtomatlaşdırılmış logistika mərkəzləri, sürücüsüz yük və sərnişin avtomobilləri, dron daşımaları, blokçeyn əsaslı beynəlxalq yük sənədləşməsi, yaşıl logistikanın rəqəmsal idarə olunması, daşımaların çevik optimallaşdırılması ilə rəqəmsal nəqliyyat əməliyyatlarını cəmiyyət və sənayenin gündəlik həyatının ayrılmaz hissəsinə çevirəcəkdir.
Beləliklə, nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması qlobal iqtisadiyyatın inkişafının əsas istiqamətlərindən biridir. Süni intellekt texnologiyalarının tətbiqi logistika əməliyyatlarının optimallaşdırılmasına, nəqliyyat xərclərinin azaldılmasına, təhlükəsizliyin artırılmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. Dünyada formalaşan rəqəmsal logistika ekosistemi göstərir ki, gələcək rəqabət üstünlüyü innovativ texnologiyaların tətbiq səviyyəsindən asılı olacaqdır. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu nəzərə alınmaqla rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının geniş tətbiqi ölkənin tranzit potensialını daha da gücləndirəcək, beynəlxalq yükdaşımaların səmərəliliyini artıracaq və regionun mühüm logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcəkdir.