04 iyun 2026 12:04
100

Konqoda "Ebola" xəstəsi olan 11 nəfər təcridxanadan qaçıb

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxmuş 11 xəstə izolyasiya mərkəzlərindən qaçıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi rəsmi hesabata istinadla məlumat yayıb.

Hadisənin Ebola epidemiyasının əsas ocaqlarından biri hesab olunan İturi vilayətində baş verdiyi bildirilir.

Məlumata görə, başqa bir insident zamanı Katana şəhərində Ebola xəstəsinin cənazəsini tibbi təhlükəsizlik qaydalarına uyğun şəkildə dəfn etməyə hazırlaşan xüsusi briqadaya yerli sakinlər hücum ediblər və tabutu özləri ilə aparıblar. Ölkənin Səhiyyə Nazirliyi xəbərdarlıq edib ki, bu cür hadisələr virusun yayılması üçün yeni yoluxma zəncirlərinin yaranmasına səbəb ola bilər.

"Bloomberg" yazır ki, bölgədə təhlükəsizlik vəziyyəti ümumilikdə qeyri-sabit olaraq qalır. İturi vilayətinin bəzi ərazilərində silahlı qruplar humanitar təşkilatların fəaliyyətini məhdudlaşdırır və yardım işçilərinin bölgəyə çıxışını çətinləşdirirlər. Hesabatda qeyd olunur ki, xəstəlik artıq Rimba rayonuna da yayılıb. Sənəddə vurğulanır ki, virusun coğrafi yayılması icma daxilində aktiv yoluxmanın davam etdiyini göstərir. Tibb işçiləri xəstələrlə təmasda olmuş şəxslərin müəyyənləşdirilməsi və yerli əhali arasında etimadın artırılması istiqamətində ciddi çətinliklərlə üzləşirlər. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus vəziyyətlə bağlı bildirib: “Bu epidemiyanı dayandırmağın açarı yalnız tibbi tədbirlər deyil. Burada liderlik, məsuliyyət, tərəfdaşlıq və qarşılıqlı etimad həlledici rol oynayır.”

Konqo Demokratik Respublikasının Milli İctimai Səhiyyə İnstitutunun son hesabatına əsasən, hazırda ölkənin üç vilayətində Ebola virusuna yoluxmanın 363 təsdiqlənmiş halı və 62 ölüm faktı qeydə alınıb. Təkcə iyunun 2-də 19 yeni yoluxma hadisəsi təsdiqlənib.

Bundan əlavə, infeksiyanın yayıldığı üç vilayətdə 4 200-dən çox təmasda olmuş şəxs həkim nəzarəti altındadır.