04 iyun 2026 10:45
72

11 Avropa ölkəsi rusiyalı turistlər üçün giriş qaydalarının sərtləşdirilməsini tələb edir - "Politico"

Avropanın 11 ölkəsi yay turizm mövsümü ərəfəsində rusiyalı səyahətçilərin Şengen zonasına giriş qaydalarının daha da sərtləşdirilməsi üçün Brüsseldən tədbirlər görməyi tələb edib.

“İki sahil” xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, adının açıqlanmasını istəməyən diplomatlardan biri bildirib ki, Ukraynanı dəstəkləyən ölkələr Kreml üzərində təzyiqi artırmağa çalışırlar.

Müvafiq ölkələr Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və daxili işlər və miqrasiya üzrə Avropa komissarı Magnus Brunnerə məktub ünvanlayıblar. Təşəbbüsə Baltikyanı ölkələr, Çexiya, Danimarka, Finlandiya, Niderland, Polşa və İsveç, həmçinin İslandiya və Norveç qoşulub.

Məktubda Avropa Komissiyası Rusiyaya münasibətdə Aİ-nin viza siyasətini daha da sərtləşdirməyə çağırılıb. Tərəflər rusiyalılara verilən Şengen vizalarının sayının artmasından narahat olduqlarını bildiriblər. Statistikaya əsasən, 2025-ci ildə 623 451 Rusiya vətəndaşı Şengen vizası alıb. Bu göstərici 2024-cü ildə 565 719 nəfər təşkil etmişdi. Ən çox Şengen vizası verən üç ölkə sırasında Fransa, İtaliya və İspaniya yer alıb.

Avropalı iki diplomatın sözlərinə görə, məktubu imzalayan dövlətlər məsələni Avropa İttifaqının Ədliyyə və Daxili İşlər Şurasının iclası çərçivəsində də qaldırmağı planlaşdırırlar.  Bununla belə, Avropa İttifaqının bəzi üzv dövlətləri bu ideyaya qarşı çıxırlar. Diplomatlardan biri viza statistikasına həddindən artıq diqqət yetirməməyə çağıraraq bildirib ki, bəzi ölkələrin sadəcə viza müraciətlərini emal etmək üçün daha geniş imkanları var və bu, daha yumşaq viza siyasəti tətbiq edilməsi demək deyil.

Məktubu imzalamayan ölkələrdən olan başqa bir diplomat isə qeyd edib ki, rusiyalı turistlərin Avropaya səfərləri müəyyən mənada qarşılıqlı anlaşmaya da xidmət edir: “Ruslar Avropaya gələndə Avropanın nə demək olduğunu daha yaxşı anlayırlar. Məsələ yalnız böyük gəmilər, alış-veriş və ya pul xərcləməkdən ibarət deyil. Bu məsələdə bir qədər ehtiyatlı davranmaq lazımdır”, – deyə diplomat bildirib.