Son illərdə Azərbaycanın beynəlxalq idman arenalarında əldə etdiyi uğurlar ölkənin bu sahədə formalaşdırdığı dövlət siyasətinin effektivliyini göstərir. Xüsusilə güləş üzrə milli komandanın Avropa çempionatında komanda hesabında birinci yeri tutması təkcə idman nəticəsi deyil, həm də uzunmüddətli strateji yanaşmanın real nəticəsidir. Prezident cənab İlham Əliyevin çempion güləşçilərlə görüşündə səsləndirdiyi fikirlər bu siyasətin əsas istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoyur.
Azərbaycanın idman ölkəsi kimi formalaşmasının təməli Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuşdur. Həmin dövrdə idman infrastrukturu yaradılmış, gənclərin idmana cəlbi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. İdman sahəsi yalnız fiziki inkişaf vasitəsi kimi deyil, həm də milli ideologiyanın və vətənpərvərlik tərbiyəsinin tərkib hissəsi kimi qiymətləndirilmişdir. Bu siyasət sonrakı dövrdə cənab Prezident tərəfindən daha da inkişaf etdirilmiş, sistemli və institusional xarakter almışdır. Milli Olimpiya Komitəsinin fəaliyyətinin gücləndirilməsi, idman federasiyalarının strukturlaşdırılması və regionlarda Olimpiya İdman komplekslərinin yaradılması bu sahədə dayanıqlı inkişafın əsasını təşkil etmişdir. Azərbaycanın idman siyasəti üç əsas komponent üzərində qurulub: infrastrukturun inkişafı, peşəkar kadr hazırlığı və effektiv seleksiya mexanizmi. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman kompleksləri gənclərin idmana əlçatanlığını artırmaqla yanaşı, regionlardan istedadlı idmançıların üzə çıxarılmasına şərait yaradır.
Ölkə başçısının çıxışında vurğulanan seleksiya və məşq prosesinin düzgün təşkili məsələsi bu modelin əsas elementlərindən biridir. Gənc idmançıların erkən yaşdan sistemli şəkildə hazırlanması və onların peşəkar məşqçilər tərəfindən yetişdirilməsi nəticə etibarilə beynəlxalq uğurlara gətirib çıxarır. Tiranada keçirilmiş Avropa çempionatında Azərbaycanın həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yüksək nəticələr əldə etməsi bu sahədə kompleks inkişafın göstəricisidir. Komanda hesabında birincilik isə fərdi nailiyyətlərin sistemli şəkildə birləşdirildiyini göstərir. Bu nəticələr fonunda nəsillərarası davamlılıq xüsusi diqqət çəkir. Vaxtilə ölkəni beynəlxalq arenada təmsil edən idmançıların bu gün məşqçi və federasiya rəhbəri kimi fəaliyyət göstərməsi idman məktəbinin institusional yaddaşını qoruyur və təcrübənin ötürülməsini təmin edir. Azərbaycanın idman siyasəti yalnız nəticəyə yönəlmiş deyil, eyni zamanda sosial funksiyalar daşıyır. İdman uğurları milli birliyin möhkəmlənməsinə, vətənpərvərlik ruhunun güclənməsinə və ölkənin beynəlxalq imicinin formalaşmasına xidmət edir. Dövlət başçısının qeyd etdiyi kimi, bayrağın beynəlxalq arenada ucaldılması cəmiyyətdə qürur hissi yaradır və gənc nəslin motivasiyasını artırır. Bununla yanaşı, idmançıların cəmiyyət daxilində davranışı da mühüm faktor kimi qiymətləndirilir. Yüksək mənəvi keyfiyyətlərə malik idmançı obrazı dövlətin formalaşdırmaq istədiyi sosial modelin tərkib hissəsidir.
Müasir dövrdə idman sahəsində rəqabət getdikcə güclənir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, Avropa çempionatlarında mübarizə daha gərgin xarakter alır və bəzi hallarda subyektiv amillər o cümlədən hakim səhvləri və qərəzli yanaşmalar müşahidə olunur. Bu reallıq Azərbaycan idmançıları üçün əlavə psixoloji və peşəkar hazırlıq tələb edir. Eyni zamanda, Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi ölkənin yumşaq güc alətlərindən biri kimi çıxış edir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər yarışlar ölkənin qlobal imicinə müsbət təsir göstərmişdir. Qadın güləşçilərin Avropa çempionatında medalçılar sırasında yer alması idmanın gender baxımından da inkişaf etdiyini göstərir. Bu, dövlət siyasətinin inklüziv xarakter daşıdığını və qadınların idmanda iştirakının təşviq edildiyini sübut edir. Gələcəkdə bu istiqamətdə daha böyük uğurların əldə olunacağı gözlənilir. Aparılan təhlil göstərir ki, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar təsadüfi deyil, sistemli və uzunmüddətli siyasətin nəticəsidir. Tarixi ənənələr, güclü siyasi iradə, inkişaf etmiş infrastruktur və peşəkar insan kapitalı bu uğurların əsasını təşkil edir. Avropa çempionatında qazanılan qələbə isə bu modelin effektivliyini bir daha təsdiqləyir. Mövcud tendensiyalar göstərir ki, Azərbaycan idmanı yaxın gələcəkdə də beynəlxalq arenada öz mövqeyini qoruyacaq və yeni nailiyyətlərə imza atacaq.
Tahir Mirkişili,
Milli Məclisin deputatı