01 may 2026 00:37
84

Ermənistan Avropa bazarlarına yol tapa bilmir

Ermənistanın Türkiyə və Azərbaycanla yaxınlaşması, qarşılıqlı əməkdaşlıq qurmağa maraq göstərməsi imzalanacaq sülh müqaviləsinə xidmətdir. Son günlər ölkələrin müxtəlif səviyyəli nümayəndə heyətlərinin çoxsaylı görüşləri, əldə olumuş müsbət nəticələr belə düşünməyə əsas verir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar dünənədək düşmən kimi davranışların əvəzinə dinc yanaşı yaşamaq və səmərəli əməkdaşlıq ab-havasından razı qaldıqlarını bildirirlər.

Avropa İttifaqı (Aİ) Qars-Gümrü dəmir yolu xəttinin bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun Qarsda keçirilən görüşünü alqışlayıb.

Xəbər verilir ki, bu barədə Aİ-nin press-relizində qeyd olunub. Bildirilib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesindəki davamlı tərəqqi regionda uzunmüddətli sülh və sabitliyin əldə olunması istiqamətində müsbət dinamikanı əks etdirir.

Aİ rəhbərliyi, həmçinin İrəvan və Ankara arasında münasibətlərin tam normallaşmasına dəstəyini ifadə edib. Press-relizdə vurğulanıb ki, Qars-Gümrü dəmir yolu xəttinin işə salınması regional əlaqəliliyin gücləndirilməsinə kömək edəcək və bu da başda Azərbaycan olmaqla Cənubi Qafqazın bütün ölkələri və xalqlarına praktiki fayda gətirəcək.

Aİ özünün "Global Gateway" strategiyası, regionlararası əlaqəlilik proqramı və Ermənistanla Türkiyənin mühüm rol oynadığı Transxəzər nəqliyyat dəhlizi çərçivəsində regionda nəqliyyat və iqtisadi əlaqəliliyin inkişafına sadiqliyini təsdiqləyib. Əlaqəliliyin inkişafı üçün Aİ strukturları Ermənistana lazımi dəstəyini dəstəyini göstərəcəkdir.

Qeyd edək ki, Qars-Gümrü dəmir yolu xəttinin bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun görüşü aprelin 28-də baş tutub və iki ölkə arasında münasibətlərin normallaşması prosesində əldə edilmiş razılaşmalar çərçivəsində keçirilib. İki ölkənin iqtisadi münasibətlərinin normallaşması ilk növbədə Ermənistanın xeyirinədir. Çünki uzun illərdir ki, Ermənistan çıxmaq istədiyi Avropa bazarlarına yol tapa bilmir. Əvvəllər bu yol haqqında söhbətlər şirin nağıla oxşayırdısa indi o, reallığa çevrilir. Artıq Ermənistan dalan ölkəsi olmayacaq. Baş nazir Nikol Paşinyan hökuməti ilk dəfədir ki, dalandan çıxmağa cəhd göstərir və dövlət siyasətini bu yöndə istiqamətləndirir. Əlbəttə, baş nazirin bu siyasəti bəzi ölkələr, daxildəki müxalif qüvvələr və bədxahlar tərəfindən bəyənilmir. Xaricdən dəstək alan satqın revanşistlər, daşnaklar və buyuqçu kilsə buna hər vasitə ilə maneçilik törərtməyə cəhd göstərirlər. Ancaq “dəyirman bildiyini edir, çax-çax baş ağrıdır”, yəni Nikol Paşinyan tutduğu yola davam edir.  Bu qətiyyəti ona verənlərdən biri də Avropa İttifaqıdır.

Bütün bunların hamısı Ermənistanı illərlə gözlədiyi məqsədlərə qovuşdurmağa daha da yaxınlaşdırır, yaxın, uzaq ölkələrlə inteqrasiyaya doğru aparır. Bu, həm də onu blokada mühitindən azad edəcək. Ermənistan, eyni zamanda, kimsədən asılı olamyaraq öz iqtisadiyyatını sərbəst şəkildə quracaq, xalqlarla əməkdaşlıq edəcək.

Vəli İlyasov, “İki sahil”