21 aprel 2026 09:35
123

“Heç kəs kənarda qalmasın”: İnsan mərkəzli, dayanıqlı gələcək vizyonu

Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaşın maraqları, sosial rifahı və təhülikəszliyi dayanır. Son illər ərzində ölkəmizdə çox ciddi sosial tədbirlər həyata keçirilib. Sosial müdafiə sistemi yenilənərək ünvanlılığa üstünlük verilib, müvafiq islahatlar aparılıb, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin həcmi artırılıb. Ölkə rəhbərliyi vətəndaşların rifah halının yaxşılaşdırılması üçün bütün imkanlardan istifadə edib və hazırda etməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə sosial dövlət konsepsiyasının daha da möhkəmlənməsinə xidmət edir. Bu siyasət vətəndaşın rifahını hər zaman diqqət mərkəzində saxlayan, sosial ədaləti əsas tutan möhkəm bir strateji xəttin nəticəsidir. Bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində ardıcıl addımlar atılıb. Yalnız ötən il reallaşan 5-ci sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə böyük töhfələr verib.

Ötən ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu paketin həcmi 4 milyondan çox insanı əhatə etdi. Minimum əməkhaqqı və pensiya artırıldı. Dövlət əlavə gəlirlərin tam həcmini sosial sahəyə yönəldir. Çünki Azərbaycan Prezidentinin də vurğuladığı kimi, sosial sahə, Azərbaycanda əhalinin rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir.  

Həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsiplərinə əsaslanan Azərbaycan modeli insanı mərkəzə qoyan inkişafı təşviq edir, regional əlaqələndirməni gücləndirir, rəqəmsal və yaşıl keçidləri sürətləndirir, sülh və əməkdaşlığı möhkəmləndirir. Ölkə vətəndaşlarının rifahı, yaşayış səviyyəsi daim diqqət mərkəzindədir. Belə ki, 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib.

Prezident İlham Əliyev aprelin 20-də BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına  ünvanladığı müraciətdə bildirib ki, Azərbaycan BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir: “Azərbaycan inkluziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən dörd dəfə artmış, yoxsulluq və işsizlik isə, təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır”.

Xarici işlər naziri Ceyhun Bayramov sessiyadakı çıxışında Azərbaycan ümumi çağırışların aradan qaldırılması və inkişafın cəmiyyətin bütün təbəqələrinə çatdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın “Heç kəs kənarda qalmasın” gündəliyi çərçivəsində insan mərkəzli, dayanıqlı və bir-biri ilə əlaqəli regional gələcək vizyonu təqdim olunub. Həmçinin, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər” çərçivəsində inklüziv iqtisadi artım, təhsil və səhiyyəyə bərabər çıxış, rəqəmsal ictimai xidmətlərin genişləndirilməsi və nəsillər arasında bərabər imkanlar kimi istiqamətlər xatırladılıb.

Bunların fonunda əminliklə demək olar ki, ölkəmizdə vətəndaşların rifahının yüksəldilməsi, yoxsulluğun azaldılması, inkluziv cəmiyyətin təmin edilməsi, işsizliklə mübarizə, məşğullun təmin edilməsi, əhalinin həssas qruplarının müdafiəsi ədalətli social bölgü istiqamətində reallaşdırılan düşünülmüş siyasət sayəsində əldə edilən nailiyyətlər daha da artacaq.

Zahid Rza, “İki sahil”