16 aprel 2026 14:49
165

Heyvan xəstəliklərinə qarşı güclü nəzarət: Azərbaycanda epizootik sabitlik qorunur

Azərbaycanda xüsusi təhlükəli heyvan xəstəliklərinə qarşı həyata keçirilən profilaktik tədbirlər nəticəsində epizootik vəziyyət sabit olaraq qalır.

Bunu Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin direktoru Yusif İbrahimov “İki sahil” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hər il ölkə ərazisində epizootiya əleyhinə tədbirlər planı hazırlanaraq icra olunur və bu tədbirlərin vaxtında, keyfiyyətli həyata keçirilməsi xəstəliklərin yayılmasının qarşısını almağa imkan verir.

Direktor qeyd edib ki, ötən il heyvanlar arasında dabaq xəstəliyinə şübhəli halların müşahidə edilməsinə baxmayaraq, operativ və məqsədyönlü tədbirlər nəticəsində vəziyyət nəzarətdə saxlanılıb. Bildirilib ki, dabaq xəstəliyinin mövcud 7 serotipindən 3-ü – O, A və Asiya-1 ölkə üçün endemik hesab olunur. Bununla yanaşı, son illərdə Yaxın Şərq regionunda, o cümlədən Azərbaycanın daxil olduğu ərazilərdə SAT-1 serotipinin yayılması müəyyən narahatlıq doğurub.

Bu risklər nəzərə alınaraq cari ilin epizootik tədbirlər planından əlavə olaraq iri və xırdabuynuzlu heyvanlara qarşı SAT-1 serotipi üzrə peyvəndləmə həyata keçirilib. Eyni zamanda təsərrüfatlarda mütəmadi monitorinqlər aparılıb, sanitar-baytarlıq yoxlamaları gücləndirilib.
Bununla yanaşı, heyvan bazarlarında, sərhəd buraxılış məntəqələrində və diri heyvan idxalı ilə məşğul olan təsərrüfatlarda dezinfeksiya işləri aparılıb.
Y. İbrahimov vurğulayıb ki, ölkədə heyvan xəstəliklərinin profilaktikası və erkən diaqnostikası yüksək səviyyədə təşkil olunub. O, vətəndaşlara müraciət edərək bildirib ki, heyvanlarda hər hansı xəstəlik əlaməti müşahidə edildikdə dərhal ərazi üzrə baytar həkimlərə və ya rayon baytarlıq idarələrinə müraciət edilməlidir. Bunun həm heyvanların sağlamlığının qorunmasına, həm də yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına xidmət etdiyi qeyd olunub.

Yaqut Ağaşahqızı, “İki sahil”