16 aprel 2026 15:45
145

AXA: Dövlət vəsaiti hesabına həyata keçirilən peyvəndləmə respublikanın 64 rayonunu əhatə edir - EKSKLÜZİV

Azərbaycanda dövlət vəsaiti hesabına həyata keçirilən profilaktik peyvəndləmə tədbirləri respublikanın 64 rayonunu əhatə edir.

Bunu Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin direktoru Yusif İbrahimov “İki sahil” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, peyvəndləmə mülkiyyət formasından və təsərrüfatın ölçüsündən asılı olmayaraq bütün təsərrüfatlarda saxlanılan heyvanlara tətbiq olunur və bu proses fərdi baytarlıq praktikası ilə məşğul olan mütəxəssislər tərəfindən müqavilə əsasında həyata keçirilir.
Y.İbrahimov qeyd edib ki, heyvan sağlamlığının qorunması və baytarlıq xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə regionlarda yeni baytarlıq klinikalarının yaradılması istiqamətində işlər görülür. Eyni zamanda, iri təsərrüfatların klinikalara gətirilməsinin çətinliyi nəzərə alınaraq səyyar baytarlıq xidmətlərinin təşkili planlaşdırılır.

Həmsöhbətimiz diqqətə çatdırıb ki,bu çərçivədə xüsusi təchiz olunmuş avtomobillərlə sanitar və steril tələblərə riayət olunmaqla müalicə və cərrahi xidmətlərin göstərilməsi nəzərdə tutulur. Həmçinin səyyar çimizdirmə qurğuları vasitəsilə heyvan rifahının qorunması, eyni zamanda ətraf mühitə zərər vermədən ektoparazitlərə qarşı mübarizə aparılması planlaşdırılır.

Direktor əlavə edib ki, müxtəlif səbəblərdən tələf olmuş heyvan cəsədlərinin yaratdığı ekoloji risklərin azaldılması məqsədilə mobil kremasiya qurğularının fermerlərin istifadəsinə verilməsi də nəzərdə tutulur. Bu addımlar ölkə üzrə epizootik sabitliyin qorunmasına xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”